AİLƏ ƏDƏB MƏKTƏBİDİR!

0

Ədəb, gözəl tərbiyə, əxlaq, yaxşı davranış, həya, nəzakət kimi mənaları ifadə edir. Bütün bu xüsusiyyətlərə sahib olan insan ədəbli hesab olunur.

Həzrət Loğmandan soruşurlar:

– Ədəb, əsalət, mal və elmdən hansı daha üstündür?

– Ədəb əsalətdən, elm maldan xeyirlidir – buyurur.

Hər insan doğulduğu andan etibarən valideynlərindən, ya da onu əhatə edən insanlardan ədəb, əxlaq qaydalarını öyrənməyə başlayır. Onun ətrafında baş verən hər hadisə onun gələcək davranışlarını formalaşdırır. Ədəbli bir mühitdə böyüyən insan, əlbəttə, gördüyünü götürər, gözəl xüsusiyyətlərə sahib olar. Daha fərqli ədəbin, əxlaqın, hörmətin olmadığı bir mühitdə böyüyən insan isə təbii ki, gördüklərinə uyğun tərbiyə almış olar.

Əslində, ədəb həddini bilmək, sərhədi aşmamaq deməkdir. Ailədə, iş yerində, cəmiyyətdə hər kəsin bir həddi vardır. Bütün problemlər və sıxıntılar həddi aşmaqdan qaynaqlanır. Hər kəs həddini bilib, sərhədini aşmazsa, məsələn, evin xanımı da, kişisi də, öz həddini bilib ona görə hərəkət edərsə, o ev Cənnət kimi olar. O zaman nə dava-dalaş, nə söz-söhbət, nə də problem olar. Bəs bu ədəbi gözləmək çox çətindir? Nəyə görə insanlar hədlərini aşaraq bir-birilərini incidirlər?

Ailə fərdlərinin bir-birinə qarşı ədəbli olması çox önəmlidir. Sözsüz ki, hər ailədə sıxıntı, söz-söhbət olur. Bu problem zamanı ailə fərdlərinin bir-birinə qarşı ədəbli olması mütləqdir. İnsanlar çox zaman iş yerində, fərqli ortamlarda ədəbli davranışlar sərgiləsə də ailə daxilində son dərəcə kobud və qırıcı ola bilirlər. Əsas ədəbli olunması vacib olan yer isə ailədir. Çünki Ailə insanların ədəb və əxlaq qaydalarını öyrəndiyi əsas məktəbdir. Ailə ədəbini əsasən aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

  1. Ata və ana arasındakı münasibətlərdə ədəb qaydaları.

  2. Ata-ananın övladlarına qarşı münasibətindəki ədəb qaydaları

  3. Ata-ananın öz valideynlərinə qarşı münasibətindəki ədəb qaydaları.

Diqqət etsəniz bu ədəb qaydaları bir-birilə necə bağlıdır. Yəni valideynlərdən alınan ədəb qaydaları övladlara, onlardan da yenə valideynlərə ötürülən bir zəncirvari bağlarla bağlıdır.

Ata-ana arasındakı ədəb qaydaları onların arasında olan münasibətlərlə yanaşı, övladların da tərbiyəsinə birbaşa təsir edir. Evdə həyat yoldaşına daima gözəl, sevgi ilə davranan, sıxıntılı anlarda belə həddini aşmayan həyat yoldaşları, əlbət, xoşbəxt olmaqla yanaşı, övladlarına da müsbət nümunə olar. Belə mühitdə böyüyən uşaqlar da gələcəkdə istər ailələrində, istər iş yerlərində ya da dostlarının əhatəsində ədəbli görünər, hər kəsin könlündə gözəl izlər salarlar. Valideynlər hər qarşılaşdıqları problem zamanı bir-birinə düşmən kəsilərək deyilə biləcək ən ağır

ifadələri işlədərkən, təəssüf ki, nə ədəb qalır, nə də qarşılıqlı hörmət. Bu münasibətlərin əhatəsində böyüyən uşaqlar da öz nəsiblərini alaraq gələcəkdə eyni davranışları sərgiləyərlər.

Valideynləri tərəfindən gözəl münasibət görən uşaqlar, əlbəttə, xoşbəxt və ədəbli böyüyərlər. Onlara öyrədilən bu ədəb gələcəkdə valideynlərinə mükafat olaraq geri dönəcək. Əksinə daim təhqir olunan, alçaldılan, ədəbdən kənar münasibətlər görən uşaqların gələcəkdə ədəbli olması böyük bir möcüzə olar. Yəni onlar uşaqlıq dövründə gördükləri münasibəti həyatları boyunca davranışlarında sərgiləyəcəklər.

Ailə ədəbindən danışarkən ata-anaların öz valideynlərinə qarşı münasibətlərindən danışmamaq olmaz. Valideynlərinə göstərdikləri münasibət birbaşa övladları tərəfindən izləndiyinə görə ata-analar daha diqqətli olmalıdırlar. Nə yaxşı ki, bizim mədəniyyətimizdə böyüklərə, xüsusilə də valideynlərə hörmət mövcuddur. Əksər ailələrimiz yaşlı valideynlərlə birlikdə, böyük hörmət və qayğı ilə yaşayırlar. Bu münasibəti görən övladlar da gələcəkdə valideynlərinə eyni şəkildə davranırlar. Beləcə bu şəkildə böyüyən nəsillər bir-birini izləyirlər. Az da olsa valideynlərinə vəzasızlıq edib, onlara qarşı ədəbsiz davrananlar, qayğı göstərməyənləri, təəssüf ki, cəmiyyətimizdə görürük. Bu davranışları sərgiləyənlər gələcəkdə həm dünya, həm də axirətdə mütləq peşman olacaqlar. Bizi bu dünyaya ata-analarımızın vəsiləsi ilə gətirən Allah-Təala onlara qarşı davranışlarımıza diqqət etməyi bir sıra ayələrdə bildirmişdir. Bunlardan biri, Əl-İsra surəsinin 23-24-cü ayələridir:

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de”.

Bu uca kəlamlardan nəsib alaraq valideynlərimizə, övladlarımıza, dostlarımıza, bir-birimizə və nəhayət, özümüzə qarşı ədəbli olmaq diləyi ilə…

Gülnarə Seyidova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZAN KƏBƏ İMAMINDAN

Bağla