Acları Düşünmək, Onları Doydurmaz!

0

  İbadətlər sadəcə fərdi həyat tərzini nizamlamır, eyni zamanda ictimai tarazılığı da tənzimləyir. İnsanların isə ibadətlərə yaxınlaşma və onları icra etmə şəkilləri bir-birindən kifayət qədər fərqlənir. Əksər hallarda onlar bir çox sahələrdə olduğu kimi ibadətlər mövzusunda da öz mənfəətlərinə uyğun olan tərəfləri seçir. Bundan sonrakı növbəti mərhələdə də fərdlərin ibdətlərə bağlılıqları mənafeləri baxımından xarakterizə olunur.

  Əgər bir ibadətin fərdi və ictimai faydaları varsa insanlar daha çox həmin ibadətin fərdi faydalarına diqqət edir və çox vaxt ibadətin ictimai faydaları göz ardı edilir. Buna səbəb olaraq toplumun fərdlərinin din haqqında düzgün maarifləndirilməməsini və öz eqolarının doyumuna çalışmalarını göstərə bilərik. Belə olan təqdirdə isə səmavi dinlərin insanlara aşılamaq istədikləri ictimai tarazılıq prinsipi çox zaman mümkünsüz kimi görünür.

  Namaz qılmağa başlayan bir insanı ilk olaraq namazın və təstəmazın onun fiziki sağlamlığına müsbət təsiri haqqında məlumatlar maraqlandırır. İlkin mərhələdə namaz ibadətinin sosial və ictimai münasibətlərə bilavasitə müsbət təsiri haqqında düşünənlər azlıq təşkil edir. Namaz qılmayan insanlar namaz qılan insanların özünə qapanıb tək başına ibadət etdiklərini düşünür. Ancaq bütün bunlar namaz ibadəti haqqında yanlış informasiyadan başqa bir şey deyildir. Namaz ibadətinin  bir başa ictimai münasbətlərə təşviq edən, toplumun birlik və bərabərlik içində yaşamasına dəstək olan bir ibadət olduğu unudulmamalıdır.

  Dediklərimizin sübutu olaraq qeyd edə bilərik  ki, dinimizdə toplu şəkildə edilən ibadətlərin fərdi şəkildə edilən ibadətlərdən daha fəzilətli olduğu bildirilir. Hətta Hz. Peyğəmbərimizin (s.ə.s): “Camaatla qılınan namaz, təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.” hədisi şərifi bu məsələyə diqqəti artırır.  Bu məsələyə əhəmiyyət verilib, təşviq edilməsinin başlıca səbəblərindən biri də odur ki, insanlar birlikdə etdikləri ibadətlər əsnasnda bir-birləri ilə yaxından ünsiyyət qursunlar, dostluq-mehribanlıq içərisində yaşasınlar və ən əsası da bir-birlərinin problemləri ilə yaxından məşğul olub problemləri ortaq həll etsinlər.

  Bu gün camaat namazlarını qıldıqdan dərhal sonra məscidi tərk ediriksə, ətrafımızdakı digər insanlarla yaxından ünsiyyət qurmuruqsa və ya bir problem sahibinin probleminin həllinə çalışmırıqsa deməli Allahın bizdən istədiklərini tam şəkildə dərk edib icra etməyə çətinlik çəkirik. Burda qarşımıza iki məsələ çıxır. Bunlar, ya biz etdiyimiz ibadətin mahiyyətini tam şəkildə dərk edə bilmirik, ya da ki hər şeyin mahiyyətini yaxşı dərk etsək də icraatımızda təmbəllik edirik.

  Ramazan mövsümündə olduğumuz üçün oruc ibadətini əda edərkən də bu incə nüanslara diqqət etməyimiz lazımdır. Bildiyimiz kimi oruc tutmağın əsas mahiyyəti səhərdən axşamadək ac qalmaqdan ibarət deyil.  Eyni zamanda oruc tutduğumuz əsnada sadəcə ac insanları düşünməyimiz də bizim əsas məsuliyyətimizi icra etməyimiz demək deyil. Ramazan orucunun fərdi, ruhi təkamül kimi xüsusiyyətləri ilə birlikə bu ibadətin deyə bilərik ki əsas mahiyyəti sadəcə ac insanları düşünmək, onların halı ilə əhvallanmaq yox, ən azından bacardığın qədər bir və ya bir neçə acı doyurmaqdır. 

  Bildiyimiz kimi oruc ibadətinin insan bədəninə fiziki olaraq bir çox faydaları vardır. Məhz ətrafımızda oruc ibadətini sadəcə arıqlamaq və sağlam olmaq məqsədilə əda edən insanlar da az deyil. Ancaq oruc ibadətinin mənəvi faydalarına baxdığımız zaman birinci mərhələdə biz, Uca Allahın bizlərə nəsib etdiyi nemətlərin qədrini bilmə və verilən nemətlərə şükür etmə şüuruna yiyələnirik. Bu mərhələdən sonra gələn mərhələ isə hiss etdiyin aclığı davamlı yaşayan insanların hallarıyla əhvallanıb onların qarnını doyurmağa çalışmaqdır.  Yəni bu ibadətin ictimai faydalarına köklənməkdir.

  Unutmamaq lazımdır ki, oruc ibadətini əda edərkən bizim sadəcə ac insanları düşünməyimiz onların ac qarınlarını doydura bilməz. Belə ki, düşüncə icra edilmədiyi müddətcə heç bir əhəmiyyətə sahib deyildir. Bu gün insanlığın qarşılaşdığı problemlərin də başlıca qaynağı insanların çox zaman sadəcə düşünmək mərhələsində qalmasıdır. Nə zaman ki, başqaları haqqında yaxşı düşüncələrimizi əlimizdən gəldiyi qədər icra etməyə başlayacağıq o zaman bu dünyada ehtiyac sahibi və ac insanlar olmayacaq.  Yox əgər yenə də düşünməyə davam etsək və başqalarının rifahı üçün feili icraata keçməsək bu dünyadakı bütün insanlar oruc tutsalar da dünyanın ac insanları azalmayacaq.  

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏLİ DEPUTATLAR AZƏRBAYCANA GƏLİB

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Milli Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və TBMM-in Aqrar komissiyasının sədri...

Bağla