ALLAHI ZİKR EDƏN RAHATLIQ TAPAR

0

Allah-Təala: “Onlar iman gətirən və Allahı zikr etməklə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar”,[1] – buyuraraq Allahı zikr etməyin əhəmiyyətinə diqqət çəkir.

“Allahı zikr etmək”, qısaca olaraq Allah-Təalanı xatırlayıb yada salmaqdır. Ancaq Uca Allahı yalnız dara düşəndə xatırlamaq düzgün deyil. Maddi və mənəvi hər hansı bir qayğımızın olmadığı anlarda da Allahın nemətlərini xatırlayaraq Ona qarşı şükür vəzifəmizi icra etməliyik.

Zikri həm bədənimizlə, həm də dilimizlə etməliyik. Buna əsasən deyə bilərik ki, hər gün qıldığımız beş vaxt namaz da bir növ Allahı zikr etmək və anmaqdır. Çünki Uca Allah Quranda: “Məni anmaq üçün namaz qıl![2] – buyurur.

Bundan başqa istədiyimiz vaxt, səhər-axşam, ayaq üstə, oturarkən, yaxud uzanmış halda Allahı zikr edə bilərik. Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində: “Zikrin ən fəzilətlisi “La ilahə illəllah” cümləsidir”,[3] – buyuraraq tövhid ifadəsinin ən gözəl zikr olduğunu xəbər vermişdir. Bununla yanaşı “Sübhanəllah”, “Əlhəmdülillah” və “Allahu əkbər” kimi Uca Allahın qüdrətini və ucalığını ifadə edən zikr cümlələrini söyləyərək bunların mənasını təfəkkür etmək də zikrin başqa bir növüdür. Eləcə də “Əstəğfirullah” cümləsi günahlarımızın bağışlanmasını istədiyimizi ifadə edən ən gözəl zikrlərdən biridir.

Uca Allah yuxarıda qeyd etdiyimiz ayənin sonunda: “qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar”, – buyurur. Deməli, bu zikrləri davamlı surətdə əda etsək, gündəlik həyatımızda qarşılaşdığımız çətinliklər qarşısında əsəb və gərginliklərdən uzaqlaşar, rahatlaşar və mənəvi həzz alarıq. Bu, elə bir rahatlıq və həzdir ki, onun təsiri həmin şəxs ilə ətrafındakı insanlar arasındakı münasibətlərə də sirayət edər. Belə ki, insan Allahı çox-çox zikr etdikcə Ona yaxınlaşar və sanki Onunla dost olar. Bu dostluğun nəticəsində ətrafındakı canlı-cansız bütün varlıqlara sevgi dolu bir qəlblə baxmağa başlayar.

Nəhayət, onu da qeyd etmək lazımdır ki, Uca Rəbbimizi layiqli bir şəkildə zikr edə bilmək üçün hər şeydən əvvəl Onu xatırlamaqdan bizi uzaqlaşdıran maneələri aradan qaldırmaq lazımdır. Çünki Uca Allah: “Ey iman gətirənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır”,[4] – buyuraraq bu barədə bizləri xəbərdar edir.

f.f.d Ələdddin Sultanov

[1] Rəd, 13/28.

[2] Taha, 20/14.

[3] İbn Macə, Ədəb, 55.

[4] Münafiqun, 63/9.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU PLANET 612 MİN İLDƏN BİR DÜNYANIN YAXINLIĞINDAN KEÇİR

Alimlər Günəş sistemində çox böyük bir orbiti olan kiçik planet kəşf ediblər. İlk dəfə 2014-cü ildə kəşf edilən və şərti...

Bağla