AYƏTÜL-KÜRSİ VƏ FƏZİLƏTİ

0

اَللهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

“Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur!”[1]

İçində “taxt” mənasına gələn “الكُرْسِيّ/əl-kürsi” kəlməsi keçdiyi üçün yuxarıda qeyd olunan bu ayeyi-kəriməyə “Ayətül-kürsi” deyilmişdir. Burada sözügedən kürsü isə bildiyimiz kürsü və ya taxt olmayıb Allahın şəninə layiq olan və mahiyyətini bilmədiyimiz bir varlıqdır.

Bu ayə sanki uca dinimiz İslamın əsası və xülasəsidir. Bu ayeyi-kərimə Uca Allahı ən gözəl şəkildə tanıdan və tövsif edən bir ayədir və burada tövhid inancının əsasları açıq şəkildə bəyan edilir. Ayətül-kürsinin müsəlmanların həyatında böyük bir yeri var. Ayənin izahına nəzər salsaq, dilimizə on cümlə şəklində tərcümə olunduğunu görə bilərik. Ayədə xəbər verilən əsasları belə xülasə edə bilərik: Allah-Təala təkdir və heç bir şəriki yoxdur. O, daim diridir. Mürgüləmək və dalğınlıq kimi insanlara məxsus xüsusiyyətlərdən uzaqdır. Kainatdakı bütün nizam-intizam Onun nəzarəti altındadır. Axirətdə Allahın izni olmadan heç kim heç kimə şəfaət edə bilməz. Onun elmi hər şeyi əhatə edir və O, hər şeyi bilir. Onun qüdrəti yer və göyləri əhatə edir.

Bu ayənin dəyəri və fəziləti haqqında Həzrət Peyğəmbərin (s.ə.s) bir çox hədisi vardır. Bir rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) Übeyy ibn Kəbdən: “Allahın kitabında hansı ayə ayələrin ən böyüyüdür?” – deyə soruşmuş, ondan “Ayətül-kürsi” cavabını alınca da həmin səhabəni təbrik etmişdir.[2] Digər bir hədisində isə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Quranın ən fəzilətli ayəsi “Bəqərə” surəsindəki “Ayətül-kürsi”dir. Bu ayə bir evdə oxunduğu zaman şeytan oradan uzaqlaşar”.[3] Digər tərəfdən Peyğəbərimiz (s.ə.s) xüsusilə fərz namazlarından sonra, axşam vaxtı, səhər vaxtı və yatağa girəndə bu ayənin oxunmasını tövsiyə etmişdir.[4]

Ayətül-kürsi eyni zamanda hər cür bəla və şərdən qorunmaq üçün dua niyyəti ilə oxunan bir ayədir. Çünki Həzrət Peyğəmbər (s.ə.s): “Yatağa girəndə Ayətül-kürsini oxuyan kimsəni Allah qoruyar və şeytan ona yaxınlaşa bilməz”, – buyuraraq bu ayənin mənəvi gücünü xəbər vermişdir.[5]

Nəticə etibarilə, bir çox fəziləti olan bu ayeyi-kəriməni oxumaq, anlamaq və təfəkkür etmək bir mömin üçün böyük bir mükafat vəsiləsidir. Eləcə də, hər cür şeytanların şərindən, bəladan və nəzərdən mühafizə olunmaq üçün də dua niyyəti ilə bu ayəni tilavət edə bilərik.

 f.f.d Ələddin Sultanov

[1] Bəqərə, 2/255.

[2] Müslim, “Müsafirun”, 258.

[3] Tirmizi, “Fəzailül-Quran”, 2.

[4] Tirmizi, “Fəzailül-Quran, 2, 158; Darimi,”Fəzailül-Quran”, 14.

[5] Buxari, “Vəkalət”,10.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TƏBLİĞ METODLARI

Qurani-Kərimdə altmışdan çox yerdə təbliğ ilə əlaqəli ayələr mövcuddur. Bu ayələrdən yola çıxaraq Allah-Təalanın təbliğə nə qədər əhəmiyyət verdiyini görürük....

Bağla