Azərbaycanda Şəhid Türk Əsgərinin Şərəfinə Abidə Ucaldıldı

0

Bu gün  Qobustan rayonu Acıdərə türk şəhidliyində 1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər qəzaların daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş “Şəhidlərimizə Vəfa” adlı tədbir həyata keçirilib.

Müstəqil Sənayeçi və İş Adamları  Dərnəyi (MÜSİAD) tərəfindən təşkil olunan tədbirdə Gəncliyə Yardım fondunun prezidenti Ahmet Tecim,  Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşaviri Kamil Günəş, Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) İcraçı Katibi general-polkovnik Rafet Yavuz və nümayəndə heyəti, Türkiyə Muharib Qazilər Dərnəyinin başqanı polkovnik Ahmet Kendigil və nümayəndə heyəti, Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Müstəqil Sənayeçi və İş Adamları  Dərnəyinin (MÜSİAD) Şöbə müdürü Möhtərəm Öz tədbiri açıq elan etdikdən sonra hər iki ölkənin  dövlət himni səsləndirilib və Din Xidmətləri Müşaviri Kamil Günəş tərəfindən  şəhidlərin xatirəsinə müqəddəs Qurani Kərimdən ayələr oxunub.

Daha sonra çıxış edən Müstəqil Sənayeçi və İş Adamları  Dərnəyinin (MÜSİAD) Sədri Abdurrahman Uzun Qafqaz İslam Ordusu haqda ətraflı məlumat verib və qeyd edib ki, həmin vaxtlarda Qafqaz İslam Ordusunun tərkibində vuruşan türk əsgərlərindən, Azərbaycanın müxtəlif bölgələrində xeyli sayda şəhid olanlar olub. Qafqaz İslam Ordusunun bir qardaşlıq nümunəsi olduğunu vurğulayaraq bu torpaqlar uğrunda həyatlarını qurban verən, şəhid olan qəhrəman türk övladlarını rəhmətlə anıldığını qeyd edib.

Tədbirdə çıxış edən Qafqaz İslam Ordusunun qurucusu Ənvar Paşanın nəvəsi Arzu Ənvər Əroğan  Azərbaycanda olduğunun məmnunluğunu bildirib. Azərbaycan onun üçün fərqli bir ölkə olduğunu qeyd edərək, burada özünü vətənindəki kimi hiss etdiyini vurğulayıb. Qəlbinin bir hissəsinin daim burada, bu ölkədə olduğunu söyləyib. Babalarının Ənvər paşanın və Nuru paşanın ruhunun Azərbaycanda olduğunu xüsusi olaraq qeyd edib. Bu cür tədbirlərin həyata keçirilməsinin önəmliliyindən söz açaraq, gənc nəslin nümayəndələrini yaddaşına həkk olunması üçün belə tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.

Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) İcraçı Katibi general-polkovnik Rafet Yavuz belə bir tədbirin təşkilatçılığına görə əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. Ulu öndər Heydər Əliyevin “Biz bir millət , iki dövlətik” və Qazi Mustafa Kamal Atatürkün “ Azərbaycanın sevinci bizim sevincimz, kədəri bizim kədərimizdir” şüarlarını vurğulayaraq Azərbaycan və Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edib.

Tədbirin sonunda şəhidlər üçün dualar edilib və tənha türk şəhidinin məzarı ziyarət olunaraq, qəbri üstünə gül dəstələri düzülüb.

Xəbər: Firdovsi HƏSƏNOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏYƏ VƏ MƏSCİDİ-NƏBƏVİYƏ QADIN İDARƏÇİLƏR TƏYİN EDİLDİ

Kəbəi-Şərif və Məscidi-Nəbəvinin idarə heyətinə 41 qadın təyin edilib. Bu barədə “Harameyn” (İki Hərəm bölgəsi) işləri üzrə dövlət komitəsinin sədri...

Bağla