BƏSMƏLƏNİN TƏFSİRİ

0

Bəsmələ hər bir müsəlmanın həyatında özünə məxsus yerə sahib cümlələrdən biridir. Hər səhər günə başlayanda, önəmli əmrləri icra edəndə bəsmələ oxuyuruq. Bu məqamda qarşımıza belə bir sual çıxır: Nə üçün bəsmələ oxuyaraq hər bir işə başlayırıq?

Son ilahi din olan İslam, hər şeydən əvvəl “oxu!” əmri ilə Allahı tanımağı əmr etmişdir. Allah, Ələq surəsinin ilk ayəsində belə buyurmuşur: “Oxu! Səni yaradan Rəbbinin adı ilə.” (Ələq; 96/1). Ayədə diqqəti cəlb edən nüanslardan biri Allahın adı ilə oxu əmrinin icra edilməsidir. Ayəyə diqqət yetirdikdə insanı yaradacaq güc və qüvvətə sadəcə Allahın sahib olduğunu görürük. Deməli, Allah, insanı yaratma qüvvətinə sahibsə, canlı və cansız hər şeyi yaratmağa da qadirdir. Ayə eyni zamanda Allahın təkliyinə də işarə edir. Hər şeyi yaratmağa qadir olan yaradıcının tayı-bənzəri ola bilməz. Belə bir şeyi (yəni, Allahın tayı-bənzərinin olduğunu) fikirləşsək, onda, bir-birindən müstəqil iki fərqli ilahın olduğuna inanmalıyıq. Əkiz qardaşlar belə bir-birinə bənzəməyən dünyada Allahın tayı-bərabərinin olduğunu düşünmək məntiqdən çox uzaqdır. Deməli, biz, hər şeyi yoxdan yaradan Allahın adı ilə bir işə başladıqda, həmin iş haqqında təfəkkür edirik. O işi bizə bəxş edənin, həmin əmri yerinə yetirməyə şərait yaradanın Allah olduğunu qavrayır, bunu düşünərək nəyin doğru, nəyin yanlış olduğu ayırd edə bilirik. Buna görə Ələq surəsində oxu əmri Allahın adı ilə başlamışdır.

Bəsmələ müstəqil bir ayə olaraq Fatihə surəsində yer alır. Allah Fatihə surəsində belə buyurur: “Rəhm və mərhəmətli olan Allahın adı ilə!” (Fatihə: 1/1). Təfsir qaynaqlarına baxdıqda bəsmələ ilə bağlı iki fərqli fikirin olduğunu görürük. Bunlardan ilki belədir: Bəsmələ Fatihə surəsinin ayəsi deyildir. Bəsmələni Fatihədən saymayanlar son ayəni (Bizi doğru yola, nemət verdiyin şəxsələrin yoluna yönəlt. Əzaba düçar olan və qəzəbinə tuş gələnlərin yoluna yönəltmə! (Fatihə: 1/7)) isə iki fərqli ayə olaraq qəbul edirlər. Bu fikir İmam-Əzam Əbu Hənifə və ona tabe olanların fikridir. Onlar, Bəsmələni Fatihə surəsindən saymadıqları üçün namazda səssizcə oxuyurlar (Zəməxşəri: 2021/5). Bəsmələ ilə bağlı ikinci görüş isə belədir: Bəsmələ Fatihə surəsinin ayələrindən bir ayədir. Bu fikir isə İmam Şafei və ona tabe olanlara aiddir. Şafeiyə görə Səhabələr Qurani-Kərimdə olmayan heç bir şeyi müshəfə yazmamışdır. Bəsmələ Qurani-Kərimdə yer alırsa, deməli, ayə olaraq qəbul edilməlidir. Buna görə Şafei və ona tabe olanlar namazda bəsmələni açıq bir şəkildə oxuyurlar (Zəməxşəri: 2021/5).

Bəsmələ haqqında bir-birindən fərqli fikirlərin olmasına baxmayaraq, hər kəs Bəsmələ ilə Qurani-Kərimə başlanması, namazların qılınması, önəmli əmrlərin icra edilməsində həmfikirdir. Bu da bəsmələnin müsəlmanlar nəzdindəki önəmini bir daha göstərir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI İLƏ BAĞLI DAHA BİR SƏNƏDİ TƏSDİQLƏYİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiqləyib....

Bağla