“CƏHƏNNƏM QAPILARI BAĞLANIR” NƏ DEMƏKDİR?

0

Bir hədisdə Peyğəmbər əleyhissalam əfəndimiz belə buyurur: “Ramazan ayı girəndə cənnət qapıları açılar, cəhənnəm qapıları qapanar və şeytanlar bağlanar” (Buxari, Savm 5). Bu hədisdə üç məsələ önə çıxır.

  1. Cənnət qapılarının açılması
  2. Cəhənnəm qapılarının qapanması
  3. Şeytanların bağlanması

Bu üç proses, ramazan ayının girməsi ilə eyni anda baş verir. Bu üç prosesin necə baş verdiyi hamını maraqlandırsa da, bu məsələlərə qənaətbəxş izah tapmaq çətindir. Məsələnin asan başa düşülməsi üçün, gəlin bu prosesləri incələyək.

Ramazan ayı girdikdə cənnət qapılarının açılması səbəbilə bütün kainat oranın gözəlliklərindən yararlanmağa başlayır. Hər kəs bilir ki, cənnət həddindən artıq gözəl bir yerdir. Heç bir gözün görmədiyi, insan təsəvvürünün belə fövtündə olan, əlçatmaz cənnətlərdən çıxan “dalğalar” və “frekanslar” bütün kainata yayılır. Bu dalğalardan istifadə etmək üçün iman və ümid “cihazına” sahib olmaq lazımdır. Bir hədisdə belə buyurulur: “Kim (Allaha və nazil etdiyinə) inanaraq və ümid içində (Allahdan mükafat gözləyərək) ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar” (Buxari, İman 28). Bu hədisdə iman, ümid və ibadət (oruc tutmaq) haqqında danışılır. Yuxarıda xatırlatdığımız iki hədisi ortaq məna ətrafında birləşdirək;

  1. Cəhənnəmin qapısının bağlanması (bizim üçün bağlı olması) üçün iman etmək lazımdır.
  2. Şeytanın bağlanması və onu təsirsiz hala salmaq üçün ibadət etmək lazımdır.
  3. Cənnətin qapısının açılması (bizim üçün açıq olması) üçün, əvvəlcə sadalanan (iman və ibadət kimi) əməllərə əlavə olaraq ümid etmək, yəni Allaha güvənmək lazımdır.

Cəhənnəm qapılarının ramazan ayında bağlanması Allahın böyük lütfüdür. Bildiyimiz kimi, cəhənnəm çox iyrənc və pis yerdir. Oradan kainata yayılan pis enerji bu müqəddəs ayda dayandırılır. Xüsusilə bərzax-qəbir aləmində olan insanlar üçün cəhənnəm qapılarının bağlanması Allahın rəhmətinin təzahürüdür. Məlum olduğu üzrə, bəzi insanlar qəbirlərində-bərzax aləmində səhər axşam onlara cəhənnəm ərz edilərək əzab verilir (Ğafir 46). Ramazan ayında Allahın rəhmi ilə (umulur ki) bu cür əzab dayandırılır.

Deməli, iman, ibadət və ümid vasitəsilə cəhənnəm qapılarını qapatmaq, cənnət qapılarını açmaq və şeytanı cilovlamaq mümkündür. Ramazan ayında bunu qatbaqat edərək Allahın razılığını qazanmaq lazımdır. Xüsusi bir ay olan ramazan ayında Allahın rəhmətindən bolluca istifadə etmək üçün dualar etməyi unutmayın!

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİLLİ MƏCLİS TDT İLƏ BAĞLI PROTOKOLU TƏSDİQLƏYİB

Milli Məclis “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyib. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması...

Bağla