CƏNNƏTİN AÇARI

0

لَا إِلَهَ إِلَّا لله
İnsanın dünya və axirət səadətini əldə etməsi üçün Allah inancına sahib olması şərtdir. Həzrət Adəmdən (ə.s) son peyğəmbər Həzrət Muhəmmədə (s.ə.s) qədər gəlib keçən bütün peyğəmbərlər insanları tək olan Allahın birliyinə inanmağa səsləmiş və bunun bir inanc əsası olduğunu təbliğ etmişlər. Qurani-Kərim Allaha ortaq qoşmağın bağışlanmaz bir günah olduğunu vurğulamış və Allaha şərik qoşanlardan qeyrisinin günahlarının bağışlana biləcəyini, lakin şərik qoşanların əsla bağışlanmayacağını açıqlamışdır. (Nisa, 4/116). Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Kim Allahın tək olduğuna inanaraq dünyasını dəyişərsə, cənnətə daxil olar” (Müslim, İman, 43).

“Kəlmeyi-tövhid” deyə adlandırılan və Allahdan başqa heç bir məbudun olmadığını ifadə edən “la ilahə illəllah” zikri dinin əsli və əsasıdır. Bu sözün Allah dərgahında yüksək dərəcəsi vardır. Allah insanlara bu sözə olan bağlılıqlarına görə dəyər verər, bəzilərini yüksəldərək sonsuz axirət yurdunu bəxş edər, bəzilərini isə alçaldaraq axirətdən məhrum edər. Bu səbəblə də əhli-sünnət alimləri Allaha şərik qoşmaq xaricində qalan günahların bağışlanmasının Allahın istəyinə bağlı olduğunu qəbul etmişlər. Allah diləyərsə, şərik qoşmayan insanların digər günahlarını öz rəhməti ilə bağışlayar, diləyərsə də öz ədaləti ilə əzab verər.

İnanc insandan səmimiyyət tələb etməkdədir. Səmimiyyətsiz olan hər bir davranış kimi inanc da qeyri-səmimi olduğu zaman öz keyfiyyətini itirər. Buna görə də, insanın dili ilə dediyi “la ilahə illəllah” zikrində şübhənin olmaması zəruridir. Dilinin dediyini qəlbinin təsdiqləməsi, əməllərinin qəlbindəkiləri izhar etməsi lazımdır. Çünki dilin dediyi qəlbə nüfuz etməzsə və kəlmeyi-tövhid sözü sadəcə dildə qalarsa, insan mömin ola bilməz. Bir hədisi-şərifində Allah Rəsulu (s.ə.s) imanın qəlbinə xardal dənəsi qədər belə təsir göstərdiyi kimsənin cənnətə girəcəyini xəbər vermiş, qəlbinə xardal dənəsi qədər kibrin təsir göstərdiyi kimsənin isə cənnətdən məhrum olacağını buyurmuşdur (Tirmizi, Birr, 61).

Nəticə olaraq, din insandan səmimiyyət tələb edir (Müslim, İman, 95). İnsan sözündə və əməlində səmimi olduğu nisbətdə dəyər qazanar. Allahın rizasını və cənnəti qazanmağın yeganə yolu səmimi olaraq “la ilahə illəllah” demək və onunlə əməl etməkdir. Bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) “la ilahə illəllah” zikrinin ən fəzilətli zikr olduğunu buyurmuşdur (Tirmizi, Dəavat, 9).

f.f.d Səfa Muradov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSMİ RİYAD BU İLİN HƏCC ZİYARƏTİ BARƏDƏ AÇIQLAMA VERƏCƏK

Səudiyyə Ərəbistanı krallığı bu il baş tutacaq Həcc ibadəti barədə qarşıdakı günlərdə açıqlama verəcək. Bu barədə Səudiyyə Ərəbistanında nəşr olunan...

Bağla