CƏNNƏTLİK QONŞU

0

İslam dini hər mövzuda insan haqlarına riayət etməyi əhəmiyyətli saydığı kimi qonşuluq haqlarına da diqqət və hörmətlə yanaşmağı əmr edir.

Qonşu əgər qeyri-müsəlmandırsa ona sadəcə qonşuluq haqqı, müsəlman isə ona qarşı həm müsəlman qardaşlığı haqqı, həm də qonşuluq haqqı vardır. Əgər qonşu qohum, üstəlik də müsəlman isə onun üzərimizdə həm müsəlman, həm qonşu, həm də qohum olması səbəbilə üç haqqı vardır.

Dinimiz qonşuya qarşı mülayim rəftar etməyi və yaxşılıq edərək yardımlaşmağı əhəmiyyətli saymış, “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” hədisi ilə qonşunun üzərimizdəki böyük haqqını müəyyən etmişdir. Əslində qonşuya yardım etməkdə məqsəd, ona sadəcə pul-para verməkdən ibarət deyil, maddi yöndən ehtiyacını qarşılamaqla bərabər, mənəvi yöndən də dəstək olmaqdır ki, bəzən bu dəstək maddi köməkdən də önəmli ola bilər. Əhməd İbn Hənbəlin “Müsnəd” adlı əsərində Əbu Hüreyrədən (r.a.) nəql edilən hədisdə belə deyilir:

Qonşunun qonşuya qarşı haqlarını Rəsulullah (s.ə.s.) bir hədisində belə açıqlayır:

“Qonşu haqqının nə olduğunu bilirsənmi? Səndən yardım istədiklərində yardım etməyin, borc istədikdə borc verməyin, möhtac olduqda ehtiyacını qarşılamağın, xəstələndikdə ziyarət etməyin, xeyir işi olduqda təbrik etməyin, başına müsibət gəldiyində başsağlığı verməyin, icazəsi olmadıqda binanı onun binasından hündür inşa edib əsən mehin onun tərəfinə getməsinə mane olmamağın, bişirdiyin yeməkdən az da olsa ona göndərməklə yeməyin qoxusu ilə onu narahat etməməyindir. Bir meyvə satın aldıqda ona da pay ver, əgər bunu edə bilmirsənsə, meyvəni evinə (gizli) gətir və uşağının aparıb bayırda qonşunun uşağını şişirtməsinə icazə vermə” (Beyhəqi, Şuab, VII, 83; Qurtubi, V,120-123).

İbn Ömər (r.a.) deyir:

Biz elə zamanlar gördük ki, aramızdan heç kim özünün qızıl və gümüşünü müsəlman qardaşından daha qiymətli görməzdi. İndi elə bir dövrdə yaşayırıq ki, qızıl və gümüş (yəni dünya mənfəətləri) bizə, müsəlman qardaşımızdan daha sevimli gəlir. Mən Rəsulullahın (s.ə.s.) belə buyurduğunu eşitdim:

“Qiyamət günündə elə qonşular olacaq ki, qonşusunun yaxasına yapışaraq: -Ya Rəbb! Bu adam qapısını üzümə bağladı, yaxşılıq və yardımını məndən əsirgədi!- deyəcək (Buxari, Ədəbul- Mufrad, 111).

Digər yandan qonşusunun ehtiyacını təmin edib onu zillətdən və aclığa düşməkdən qorumaq da müdrik bir davranış və savabı ən çox olan əməllərdəndir ki, Allah-Təala etdiyi bu əməlləri qarşılıqsız qoymayaraq mükafatını axirətə saxlayar. Bununla əlaqəli yaşanan ən mühüm hadisə belədir:

Tabiundan böyük alim və muhaddis Abdullah İbn Mübarək həcc ibadətini yerinə yetirdikdən sonra Kəbədə xəyala dalarkən səmadan iki mələyin endiyini görür. Mələklərdən biri digərinə belə deyir:

“Bu il altı yüz min nəfər həcc ibadətini yerinə yetirdi və hamısının həcci Şamda Əli İbn Müvəffəq adındakı bir pinəçinin etdiyi əməlin hörmətinə qəbul edildi. Bu adam həccə getməyə niyyət etdi, lakin gedə bilmədi. Onun etdiyi bir əmələ görə bu qədər zəvvarın həcci qəbul edildi”.

Xəyalı dağıldıqdan sonra Abdullah İbn Mübarək heyrət və təəccüb içində qaldı. Bir karvan ilə Şama getdi və həmin şəxsi tapıb:

“Sən həccə getmədiyin halda hansı xeyirxah əməli işlədin?”- deyə soruşdu. Əli İbn Muvaffəq, Abdullah İbn Mübarək kimi bir alimi qarşısında gördükdə əvvəlcə gözlərinə inanmadı və həyəcanını gizlədə bilməyərək özündən getdi. Özünə gəldiyində danışmağa başladı:

-Otuz ildir həccə getməyi arzu edirdim. Pinəçilik edərək 300 dirhəm pul yığdım və bununla həccə getməyə niyyət etdim. Bir gün hamilə olan xanımım mənə dedi:

-Qonşudan ət qoxusu gəlir, gedib mənim üçün bir tikə ət istəyə bilərsənmi? Qonşuya gedib yoldaşımın istəyini ona çatdıranda qonşum ağlamağa başladı və dedi:

-Yeddi gündür ki, uşaqlarım acdır. Yolda bir heyvan leşi tapdım və ondan bir parça kəsdim. İndi həmin əti qaynadıram. Əgər istəyirsinizsə sizə verim. Lakin bu ət acından ölən bu uşaqlar üçün halal olsa da sizə haram olar.

Bunu eşidəndə sanki qəlbimdən nə isə qopdu. Min bir əziyyətlə yığdığım bu 300 dirhəmi gətirib ona verdim və “Ya Rəbb! Həcc niyyətimi qəbul et!” – deyə Rəbbimə yalvardım. Bunu eşidən Abdullah bin Mübarək:

-Rəbbim mənə doğrusunu bildirmişdir – dedi.

Bu hadisə də müsəlmanların həyatında qonşuya edilən yardım, hörmət və mərhəmətin nə qədər əhəmiyyətli və mühüm olduğunu göstərir.

Samirə Mahmudova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞEYTANA QALİB GƏLMƏYİN YOLU

 Şeytan görünməyən və haradan gələcəyi bilinməyən bir düşmən olduğu üçün onun hiylə və vəsvəsələrindən Allaha sığınmaq, bizim kimi aciz qullar...

Bağla