CAMAAT NƏDEYƏR?

0

Camaat nə deyər? Bu sualla, demək olar ki, gün ərzində bəzən bir neçə dəfə qarşılaşırıq.

Bu yaxınlarda bu sualın da baş rolda yer aldığı bir hadisənin yaxından şahidi olaraq dəhşətə gəldim. Yaxın bir tanışımın atası vəfat etmişdi. Güc-bəla yas mərasimini qonum-qonşunun, qohum-əqrəbanın köməyi ilə yola verdik. Ailənin maddi vəziyyətinin aşağı olduğunu görən hər kəs vəziyyəti başa düşüb əlindən gələn köməkliyi əsirgəmədi, sağ olsunlar. Amma məni dəhşətə gətirən əsas şey hələ irəlidə idi, heç özümdən də xəbərsiz.

Yas mərasimini yola verdikdən sonra bir yerdə oturub dərdləşdik. Allahdan səbir diləyib bir daha başsağlığımı bildirdim. Üzüntülü olduğunu görüb daha çox dəstəkləyici sözlərlə təsəlli etməyə çalışdım. Mənalı baxışlarından üzüntüsünün başqa bir səbəbdən qaynaqlandığını düşünüb danışdırmağa çalışdım. “Atamın qəbrini düzəltdirməliyəm, – deyə sözə başladı. – Özü də mərmərlə”. Gözlərim kəlləmə çıxdı. Bunun üçün imkanının əl vermədiyini, ən əsası da islami cəhətdən bu qədər artıq xərc çəkməyin düzgün olmadığını, onsuz da yas mərasimini birtəhər qarşıladığını dəfələrlə vurğuladım. Amma nə fayda! Elə hey: “Camaat mənə nə deyər?” ifadəsini təkrarlayırdı. Neçə cür məsəllərlə, misallarla başa saldımsa da, xeyri olmadı. Elə hey dediyi bir söz vardı: “Atamın ilinə kimi onun qəbrinin üstünü götürməliyəm”.

Bu fikrindən vaz keçirə bilməyəcəyimi anlayıb oradan ayrıldım. Yol boyu yas mərasimlərinə xərclənən gərəksiz pulların necə bir israfçılıq olduğunu düşünərkən qısa bir araşdırma aparmaq qərarına gəldim.

Bu kiçik araşdırmamın nəticəsində ölkəmizdə keçirilən yas mərasimlərinin hətta bəzi toy mərasimlərindən daha baha başa gəldiyinin şahidi oldum. “Camaat nə deyər?” və “Qonşudan geri qalmamaq” prinsipini üstün tutmağımız bizdə dəbdəbənin artmasına, xüsusən də bədxərcliyin günü-gündən çoxalmasına səbəb olur. İndiki bəzi yas mərasimlərini toy mərasimlərindən ayıran yeganə əlamət spirtli içkinin olmamasıdır, sanki.

Hə, indi gələk əsas məsələlərdən biri olan yas çadırına. Deməli, haqqında danışacağım yas çadırları VİP çadırlar adlanır ki, bunlar kondisioner və biotualet daxil olmaqla bəzi restoranların toy salonlarını sözün əsil mənasında geridə qoyur. Hələ bunun mollası, cənazə maşını, ehtişamlı qəbir daşı bir qırağa. Bunlar VİP çadırdan kənarda olan xidmətlərdir.

Artıq ölkəmizdə bir biznes sahəsinə çevrilən belə yas mərasimləri adət-ənənələrimizin də unudulmasına gətirib çıxarır. İstər-istəməz belə yas mərasimləri səbəbi ilə insanların kateqoriyalara bölündüyünü də xüsusi olaraq qeyd etmək lazımdır: varlı və kasıb. İmkanı olanlar VİP çadırlarda və mərasim üçün təyin olunmuş zallarda, imkanı olmayanlar isə adi çadırlarda yas mərasimini təşkil edir. Hətta yüksək xidmət vermək üçün yaxınlarının mərasimində borc götürən insanlar da az deyil.

VİP çadırlardan mərhum üçün nəzərdə tutulmuş VİP maşınlara kimi çox şeydən yazmaq, danışmaq olar. Ümumiyyətlə, islami cəhətdən yanaşsaq, bütün bunların lüzumsuz xərcləmələr, yəni israf olduğunu ifadə etmək lazımdır. Belə ki, dini mənada yas üç gün boyunca yaxınların gələrək başsağlığı verməsi və ev sahibinə ehtiyaca görə yardım göstərməsi; qəbir isə ziyarət edərək baş ucunda dayanıb mərhuma dua etmək məqsədi ilə yerini bildirən, dəfn olunanın kimliyini ifadə edən sadə bir işarədən ibarətdir.

 Zamanın sürətlə axıb getdiyi bir dövrdə doğrunun da  yanlış kimi görünməsi cəmiyyətin fikrindən asılıdır. Biz də bəzən məhz bu fikrə qapılaraq doğru bildiklərimizi belə yanlış etmək məcburiyyətində hiss edirik, özümüzü. Bunun nə üçün belə olduğunu düşünsək, qarşımıza yalnız bir sual çıxır: Camaat nə deyər?

Firdovsi HƏSƏNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AXİRƏTİN İLK MƏNZİLİ QƏBİR!!!

İlahi iradənin bənzərsiz əsəri olan insan övladı yaranış və qulluq həqiqətlərinin idrakı və onları həyata keçirən, yolunda addımlayan bir yolçuya...

Bağla