DİLİN BƏLALARI

0

Dil danışmaq üçün yaradılmışdır; fəqət lazımlı və faydalı olanı danışmaq üçün.

İnsan ağzından içəri gedən loğmasına necə diqqət edirsə, danışacağı sözlərə də diqqət etməli, süzgəcdən keçirməlidir. Hər ağzına gələni danışmaq hünər deyil. Allah-Təala gözü iki, qulağı cüt yaratmış, fəqət dili tək olaraq yaratmışdır. Bunun hikməti də iki dəfə baxıb, iki dəfə dinləyib sonra gözəl bir söz danışmaq üçündür.

Muaz ibn Cəbəldən (r.a) nəql olunan bir hədisi-şərifdə belə nəql olunur:

“Bir səfərdə Rəsulullahla (s.ə.s) bərabər idik. Bir ara imkan tapdım, yanına getdim və ikimiz birlikdə, yan-yana yola davam etməyə başladıq. (Bu bərabərlikdən istifadə edərək:)

– Ya Rəsulallah! – dedim. – Mənə elə bir əməl öyrət ki, məni cəhənnəmdən uzaqlaşdırıb cənnətə qoysun.

Belə buyurdu:

– Çox böyük, mühüm bir məsələni məndən soruşdun. Amma bu, Allahın asanlaşdırdığı kimsələr üçün asan olar. Bunun üçün: Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver, ramazan orucunu tut, Beytullahı həcc et! – buyurdu və davamla: – Sənə xeyir qapılarını da göstərimmi? – deyə soruşdu.  

– Bəli, ya Rəsulallah, – dedim. Buyurdu ki:

– Oruc (cəhənnəmə) pərdədir(qalxandır); sədəqə suyun atəşi söndürüb yox etməsi kimi xətaları yox edər (silər). İnsanın gecə vaxtı qıldığı namaz isə salehlərin şüarıdır.

Bunu dedikdən sonra bu ayəni oxudu: “Onlar ibadət etmək üçün gecə vaxtı yataqlarından qalxar, Rəblərinin əzabından qorxaraq və rəhmətini ümid edərək Ona dua edərlər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər (bağışlayarlar)”. (əs-Səcdə, 16) Sonra soruşdu:

– Sənə bu işin (dinin) başını, dirəyini və zirvəsini xəbər verimmi?

– Bəli, ey Allahın Elçisi! – dedim.

– Elə isə dinlə,- buyurdu və belə açıqladı: – Bu işin başı İslamdır, dirəyi namazdır, zirvəsi də cihaddır! – Sonra yenə sual verdi: – Sənə bütün bunları qoruyan baş amili xəbər verimmi?

– Bəli, ey Allahın Elçisi! – dedim.

– Buna sahib ol! – dedi və əliylə dilinə işarə etdi. Mən təkrar soruşdum:

– Ya Rəsulallah! Biz danışdıqlarımızdan da hesaba çəkiləcəyik?

Rəsulullah (s.ə.s) belə buyurdu:

– Eh, ey Muaz! İnsanları üzüstə süründürərək atəşə atan, onları fəlakətə sürükləyən səbəb dilləri ilə qazandıqlarından başqa nədir ki?!” (Tirmizi)

Hədisi-şərifdən də anladığımız kimi, insan vücudunda həm yaxşılığına, həm də pisliyinə səbəb ola biləcək ən mühüm üzvü dildir. Dil açar kimidir.  Xeyrin də, şərin də qapısını açır. Buna görə də öz aqibətimizin, son aqibətimizin xeyir ola bilməsi üçün danışdığımız sözlərə diqqət etmək məcburiyyətindəyik. Uca Rəbbimiz bu mövzuda buyurur: (Ya Rəsulum!) Bəndələrimə de, ən gözəl sözləri söyləsinlər..” (əl-İsra, 53)

“Dil qəlbin tərcümanıdır” deyib, böyüklər. Dil imanın açıqdan söylənməsinə və dinin qorunmasına vəsilə olduğu kimi, bunun əksinə, dinin, imanın zəifləməsinə və ya yox olmasına da səbəb ola bilməkdədir.

Buna görə də, Hz. Peyğəmbər (s.ə.s) özümüzü qorumamız mahiyyətində belə buyurmuşdur: “Allaha və axirət gününə inanan bir müsəlman ya xeyirli, faydalı söz danışsın, ya da sussun!” (Tirmizi)

Dil ilə söylədiyimiz hər sözün mələklər tərəfindən yazıldığı Qaf surəsinin 17-ci ayəsində belə ifadə edilir: “İnsan elə bir söz söyləməz ki, onun yanında (bütün əməllərini, sözlərini) yazmağa hazır bir mələk  olmasın”.

Faydası olmayan danışıqlar insanın zərərinədir. Çox danışanın, danışığına, nə söylədiyinə diqqət etməyənin aqibətini Peyğəmbərimiz (s.ə.s) belə bildirir: “Kim çox danışarsa, xətası çox olar. Xətası çox olanın günahı çox olar. Günahı çox olana atəş daha yaxındır”. (Beyhəqi)

Bir şeyi unutmayaq ki, saleh əməllərlə birlikdə gözəl sözlər də Allahın uca hüzuruna yüksəlməkdədir (əl-Fatir, 10) və dilləri ilə insanları incidərək qeybət, kobudluq və sərtlik edənlər də Allah tərəfindən xoş görülməməkdə, qınanmaqdadır. (əl-Əhzab, 19; əl-Hüməzə, 1-2)

Yuxarıda bəhs olunan hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s) insanı günaha ən çox sövq edən bədən üzvünün dil olduğuna diqqət çəkmiş və Allah qatında ən dəyərli müsəlmanın əli və dili ilə başqalarına zərər verməyən insan olduğunu açıqlamışdır.  

Danışığımıza vəsilə olan dilimiz, unutmayaq ki, qiyamət günü lehimizə də, əleyhimizə də şahidlik edəcək.

/Saleh ŞİRİNOV – İRFAN dərgisi/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ HƏRBİ HAVA QÜVVƏTLƏRİNDƏ SAQQALA VƏ HİCABA İZN VERİLDİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi Hava Qüvvətlərində dini inancların tələbi ilə saqqal saxlamaq və hicab geyinmək sərbəst edilib. İslamveirfan.com xəbər...

Bağla