DOLMADAN DAŞMA

0

Elə vaxtlar olur ki, bir neçə kitab oxuyub hər şeyi bildiyimizi zənn edirik.

Kimin hansı mövzuda danışmasından asılı olmayaraq həmin söhbətə müdaxilə edib, özümüzün varlığını sübut etməyə çalışırıq. Düşünürük ki, bu mövzu haqqında öz fikrimizi bildirməsək, insanlar bizim intellektual səviyyəmizdən şübhə edəcək.

Başqalarının yanında dəyər qazanmağı dəyərli söz söyləməkdə yox, sadəcə danışmaqda görənlərimiz də var. Bu zaman içi boş olan qazanın daha çox səs çıxardığını unudur və daha çox səs çıxardığımız üçün özümüzlə fəxr edirik.

Bilmədiyimiz bir mövzu haqqında yanlış və qənaətbəxş olmayan fikirlərimiz isə bizi insanların qarşısında daha təhlükəli bir vəziyyətə salır. Belə ki, ətrafımızdakı insanlar bizim necə danışdığımıza fikir verdikləri kimi, nə danışdığımıza da fikir verirlər. Danışıq üslubumuz və nitq qabiliyyətimiz yaxşı olduğu halda danışdığımız mövzu haqqında məlumatımızın zəif olması dinləyiciləri bizdən uzaqlaşdırar. Çünki dinləyən insanlar dinlədikləri insanlardan bilmədikləri və haqqında eşitmədikləri şeyləri, yəni daha maraqlı məlumatları eşitmək istəyərlər.

Düşünün ki, xəbərimiz olmadan evimizə uzaq yoldan gəlmiş hörmətli bir qonaq təşrif buyurub. Biz də həmin qonağa yaxşı görünmək üçün evimizdə olan ən gözəl və bahalı yemək dəstlərində yemək verməyə hazırlaşırıq. Ancaq bütün bunlara baxmayaraq evimizdə hazır və ləziz yeməklərimiz yoxdur. Bu zaman dəyərli qonağımızın qarşısına bahalı qablarda yaxşı bişməmiş və dadsız yeməklər qoymaq məcburiyyətində qalırıq. Qonaq yeməyə başlamadan əvvəl təqdim edilən boşqabların gözəlliyinə valeh olsa da, yeməyi daddıqdan sonra onun fikri tamamilə dəyişir. Bu vəziyyətdə onun hafizəsində bizim bahalı boşqablarımız yox, ona təqdim edilən dadsız yeməklər qalır. Çünki ac adamın gözəl boşqabdan çox dadlı yeməyə ehtiyacı olur. Belə olan halda qonağın zövqünü oxşamaq üçün bahalı boşqablardan əvvəl dadlı yeməklərə ehtiyacımız olduğunu unutmamalıyıq.

Dərin bilgi və dəyərli məlumat da  dadlı yemək kimidir; insanlara təqdim edildiyi zaman onların hafizəsində xoş xatirə olaraq qalır. Dadlı yeməyin gözəl boşqablarda təqdim edilməsi də çox önəmli məsələdir, ancaq biz bunların yerini qarışdırırıq. Əvvəlcə ləziz yeməkləri bişirməyi öyrənmək yerinə bahalı serviz əşyaları almağa başlayırıq. Bu zaman hədəflərimiz məqsədimizin önünə keçir. Məqsəd olmadan da hədəflər sadəcə xəyal olaraq qalır. Məqsədimizi hədəfimizə yüksələn nərdivanın pillələri olaraq düşünsək, birinci olaraq bu pillələrin ayağımızın altında olması lazımdır ki, hədəfimizə doğru mətin addımlarla irəliləyə bilək.

Bu gün istər fərdi inkişaf kitablarında, istərsə də natiqlik kurslarında nə bildiyinə deyil, necə çatdıracağına diqqət verilir. Verilən məlumatlar yaşanılan dövrün tələbatına uyğunlaşdırılır. Belə ki, kapitalist rejimin tələbatına uyğun olaraq əldə olan hər hansı bir əşyanı hansı yolla olursa-olsun başqasına satıb daha çoxuna nail olmağı bacarmalısan. Məsələyə bazar iqtisadiyyatı nöqteyi-nəzrindən baxsaq, bu yanaşma doğru və məntiqlidir. Yəni satmağı bacaran qazanır.

Burada göz ardı edilən ən önəmli məsələ isə satılan əşyanın və ya fikrin keyfiyyətinə diqqət edilməməsidir. Reklamlar vasitəsilə insanlara gözəl və keyfiyyətli göstərilən məhsullar alındığı zaman heç də reklamda göründüyü kimi olmur. Əslində satılan məhsulun əslinə uyğun reklamın hazırlanıb insanlara təqdim edilməsi ticarət əxlaqının özünü təşkil edir.  Heç bir dəyəri olmayan bir şeyi, satıcılıq qabiliyyəti olan birisinin başqasını aldadaraq satıb ondan gəlir əldə etməsi dini baxımdan haram,  etik olaraq da  qeyri-əxlaqi bir davranışdır.    

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu dünyada əxlaqi dəyərlərə uyğun uğur qazanmaq üçün elm bazamızın kifayət qədər faydalı elmlə dolu olması lazımdır. Fikir və bilgilərimizi başqalarına satarkən də bilgilərimizin dəyərinə diqqət etməliyik. “Ucuz fikirlər baha qiymətə satılmaz” prinsipinə əsaslanaraq elmlə, biliklə və ən əsası əxlaqi dəyərlərimizlə özümüzü dəyərləndirməyi bacarmalıyıq. Bundan sonra, əmin olun ki,  bazardakı rəqiblərimizlə daha yaxşı mübarizə apara bilərik. Son olaraq da unutmayaq ki,  öz bardağı dolu olmayan başqasının bardağına su tökə bilməz. Sadəcə su tökdüyünü zənn edər…

Eldar KƏRİMOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UĞUR, SƏN HARADASAN?

İnsan həyata bir dəfə gəlir. Dünyanın əşrəfi, yaradılmışların ən kamili olan insan bu həyatı ləyaqətlə, şərəflə yaşamağa çalışmalıdır. Geri dönüb...

Bağla