DUADAKI SİRR

0

 İnsan oğlu həyatın enişli-yoxuşlu yollarında bəzən xoşuna gələn, bəzən də ona daxilən iztirab verən hadisələrlə qarşılaşar. Sevinc və səadət verən hallar onu minnət, şükür hisslərinə yönləndirdiyi kimi üzüntü, müsibət və kədər anları da ürək darlığı, könül yorğunluğu və yalnızlığa sövq edər.

     Həyatın bu iki fərqli cəhəti imanda kamilləşmək üçün çalışan bəndələrin Allaha yaxınlaşmalarını asanlaşdıran bir təsir icra edər. Çünki bəndə xoşbəxtlik zamanlarında şükür edərək, müsibət və çətinlik zamanlarında da səbir və iltica edərək hər iki imtahanı da üz ağı ilə verər. Burada bəhs olunan şükrün də, ilticanın da təməli “dua”dır.

     Dua insanın kainatı yoxdan var edən və hər şeyə hökmü keçən Allah-Təalaya sığınması, Ona yalvarması, özünün acizlik və zəifliyini etiraf etməsidir.

     Həqiqətən kainatdakı bütün hadisələr Allah-Təalanın əzəli elmi ilə təqdir etdiyi bir qədərə bağlıdır. Onun elmi xaricində yaxşı-pis heç bir şey meydana gələ bilməyəcəyi kimi, heç bir güc Onun iradə və qüdrətinə rəğmən insanlar və hadisələr üzərində söz sahibi deyildir. Ona görə də bu böyük qüdrət qarşısında insan oğlu sadəcə acizlik və qulluq səviyyəsindədir.

     Bu acizlik və qulluğun ən gözəl ifadəsi duadır. Çünki dua; təkəbbür, lovğalıq və özündən razılığı Haqqın qapısında tərk etməkdir. İnsanın öz həddini bilməsi, acizliyini və faniliyini etiraf etməsidir.

     Dua dinin əsli, ibadətin ruhu və əsasıdır. Bu xüsusda Əziz Peyğəmbərimiz:

     “Dua ibadətin əsasıdır buyurmuş sonra da:

     Həmçinin hədisi-şəriflərdə belə buyurulur:

     “Allah dərgahında duadan daha qiymətli bir şey yoxdur. (Tirmizi, Dəavat, 1/3370)

     “Dua ibadətin əsasıdır. (Tirmizi, Dəavat, 1/3371)

     “Kimə dua qapısı açılarsa, ona rəhmət qapıları açılar. Allahın ən çox sevdiyi şey Ondan sağlıq və səhhət istənilməsidir. Dua enən və enməyən (bəlalara qarşı) faydalı olur. Ona görə də, ey Allahın bəndələri duaya sarılın. (Tirmizi, Dəavat, 101/3548)

     “Günah, yaxud qohumlardan əlaqəni kəsmək (kimi günah şeylər) istənmədikcə Allah dua edənə istədiyini verər və ya onun (du­ası) qədər bir bəlanı ondan dəf edər. (Tirmizi, Dəavat, 9/3381)

     “Sizi düşmənlərinizdən qoruyacaq və ruzinizi çoxaldacaq bir şey bildirimmi? Gecənizdə və gündüzünüzdə Allaha dua edərsiniz. Çünki dua möminin silahıdır. (Heysəmi, Məcma` X, 147)

     “Qəzanı ancaq dua geri çevirər, ömrü də ancaq yaxşılıq uzadar. (Tirmizi, Qədər, 6; İbn-Macə, Müqəddimə, 10; Əhməd, II, 316, 350; V, 277, 280)

     Çünki duada acizlik, bəndəlik, təvazökarlıq, təslimiyyət, tövbə, etiraf, boyun əymək, həmd, təsbih, tövhid, təkbir, itaət və bənzəri bir çox cismani və qəlbi ibadət gizlidir. Dua qəlbdə Allaha açılan ən uca qapının açarıdır.

     Digər tərəfdən Allah-Təala:

     Bu səbəblə insanlığa rəhmət olaraq göndərilən bütün peyğəmbərlər və Haqq dostları istər çətinlikdə və rahatlıqda, istərsə də iztirablı və sevincli anlarda qəlblərini daim Haqq-Təalaya çevirmişlər və bir niyaz iqlimində yaşamışlar. Onların bu dua və niyaza həsr edilən ömürləri bir möminin ruhunda dua halının necə davamlı olaraq qalacağını göstərir.

     Dua təkrarlandıqca dərin hisslərlə möminin ruhuna nəqş olunur, şəxsiyyətinə qarışıb onun bir xüsusiyyəti halına gəlir. Bu səbəblə də yüksək ruhlar hər zaman dua halında yaşayarlar. Həmçinin onların qəlbləri duaya sarılmağın əhəmiyyətinə aid bu ayeyi-kərimədəki ilahi xəbərdarlıq ilə ürpərti halındadır:

     Haqq-Təala buyurur:

     (Ya Rəsulum) de: Əgər ibadətiniz, dua və yalvarmanız  olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (əl-Furqan, 77)

     Bir möminin ruhunda Allaha dua ilə yalvarma duyğularının daimi hala gəlməsi Allah ilə bəndə arasında mənəvi bir əlaqə yaradar. Vəcd halındakı dualar isə qəlbin ilahi rəhmətlə qovuşma anlarıdır.

     Haqq-Təalaya əllərini açan bir insan ya umduğu şeylərə nail olmaq, ya da qorxduqlarından əmin olmaq istəyər. İdrak, elm, güc və qabiliyyətləri məhdud olan insanın; ehtiyac, istək, həvəs və arzuları bitmək bilmədiyi üçün hər şeyə sahib olan bir hökmdarın (Allahın) qapısına müraciət etmək lazımdır. Hər qapıdan edilən tələbin bir şəkli və qaydası olduğu kimi Allaha dua və niyaz etməyin də bir ədəbi vardır.

     Dua sonsuz qüdrət sahibi Allah-Təalaya acizliyimizi idrak edərək yönəlib Onun hüzurunda təslimiyyət və sükunətlə baş əyməyimizdir. Ona görə duaya acizlik və qüsurunu etirafla başlamaq ilahi mərhəmətin cəlb edilməsində və duanın qəbul olunmasında böyük bir təsirə malikdir. Özünü günahsız zənn edən təkəbbürlü insanların deyil, günahlarının bağışlanması üçün gözlərindən qəlblərinə daim yaş axıdan Haqq aşiqlərinin duaları daha çox qəbul edilməyə layiqdir. Bu hal ayeyi-kərimədə belə təsvir edilir:

     “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şüb­hə­siz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf 55)

     Həzrət Adəm ilə Həvva -əleyhiməssəlam- da məlum zəlləni işlədiklərində Haqq-Təalaya belə iltica etmişdilər:

     “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, zi­yana uğrayanlardan olarıq!”- dedilər.” (əl-Əraf, 23)

     Duanı bizə yaşayışı ilə ən gözəl şəkildə öyrədən Həzrət Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm-dir. O, göz yaşları içində və ayaqları şişincəyə qədər qıldığı namazlara əlavə olaraq etdiyi dualarda tez-tez:

     “Allahım! Sənin qəzəbindən rizana, əzabından əfvinə və Səndən yenə Sənə sığınıram! Səni layiq olduğun şəkildə mədh-səna etməkdən acizəm! Sən özünü necə mədh-səna etmisənsə eləsən!” (Müslim, Salət, 222) deyərək acizlik duyğuları içində Allah-Təalaya iltica (dua) edərdi.

     Duaları “xovf vəca, yəni qorxu və ümid arasında etməyə çalışmaq lazımdır. İnsanın axirətdəki səadət və ya fəlakəti ancaq iman və ya küfr səbəbi ilədir. Bunların hər ikisi də ilahi təqdirə aid olması və qədərin bilinməməsi səbəbilə peyğəmbərlərdən başqa heç bir insan zamanət altında deyildir. İnsanlar sanki həm cənnətə girəcək son insanın özü olacağına ümidli olmalı, həm də cəhənnəmə girəcək yeganə insanın özü olacağına da içində qorxu hissi olmalıdır. Bu, həddindən artıq ümid və qorxu arasında mötədil bir yoldur.

     Duanın daşıdığı mənaya qəlb biganə qalmamalıdır. Əgər bir günahın etirafı və tövbəsi tələb edilirsə, bu dua həmin günahın bir daha işlənməməsi xüsusunda dərin bir peşmanlıq və qəti bir əzmkarlıqla edilməlidir.

     Bundan başqa bir din qardaşının qiyabında edilən dua da dərhal qəbul olunar. Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm-:

     İnsanlar duasının qəbul ediləcəyini zənn etdikləri kimsələrdən dua tələb edirlər. Halbuki duanın qəbul edilməsinin əsl səbəbi ixlas və səmimiyyətdir. Bu da o deməkdir ki, bir günahkarın belə mömin qardaşı üçün edəcəyi səmimi və ürəkdən dua Allah dərgahındakı məqamının şəxsindən üstün zənn edilən başqa birinin könülsüz etdiyi duasından daha xeyirlidir.

     Bir bəndə günahkar olsa belə, bu hal onu Allah-Təalanın tərk etdiyi mənasına gəlməz. Bu səbəblə bir şəxsin kimin duası hörmətinə muradına çatacağını yalnız Allah təala bilir. Onun üçün kim olursa olsun Allahın bəndələrindən birinin səmimi dualarını ala bilməkdəki dəyəri idrak etməlidir.

     Məzlum və qəlbi qırıq möminlərin duasını almaq qədər, onların bəddualarından qorunmaq da eyni dərəcədə mühümdür.

     Həmçinin dualarda ilahi lütfə nail edəcək olan xüsus sadəcə gur səslə və göstəriş ədası ilə söylənən, riyakarca, qurama və qəlbin iştirak etmədiyi pafoslu cümlələr, ciyərləri parçalayacaq dərəcədə yüksək səslər və göstərişli sözlər deyildir. Əgər belə olsaydı bütün bunların əksinə, iniltidən səsi çıxmayan, qanlı göz yaşları ilə yalvaran iztirablı bir xəstənin və ya öz nəfsinə sözü keçməyəcək qədər zəif olan qəriblərin dualarının qəbul edilməməsi lazım gələrdi. Bunun əksinə bir düşüncəyə sahib olmaq isə, qəlb və hal dilini bilməmək və onu sanki yox zənn etməkdir.

     Əslində duada bu kimi həddi aşmalar, duanın özünü, ruhaniyyətini və səmimiyyətini zəiflədir. Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləm- belə dua edənlər haqqında:

     “Bir zümrəlib dualarda həddi aşacaqdır… (Əbu Davud, Vitr, 23) buyuraraq ümmətinin bu hala düşməməsi üçün xəbərdarlıq etmişdir.

     Yenə bir hədisi-şərifdə belə buyurur:

     “Siz bir kara dua etmirsiniz. Hər şeyi haqqıyla eşidən və sizə çox yaxın olan Allaha niyaz edirsiniz.” (Buxari, Cihad, 131)

     Allah-Təala səmimi duaları rədd etməz. Lakin bütün səmimiyyətinə rəğmən qədəri-mütləqə uyğun olmayan bəzi tələbləri də qəbul etməz. Buna görə dua edən heç vaxt bezginlik göstərməyib duaya davam etməlidir. Çünki belə hallarda duanın qarşılığı axirət aləminə həvalə edilmiş deməkdir.

     Bir insan düşündüyü və ona görə məqbul olan bir şeyi istədiyi zaman onun özü haqqında xeyir və ya şər olacağı xüsusunda səhv edə bilər. Çünki bəzi şeylərdə zahir lütf, batin qəhr ola bilir. Məsələn, Allahın bir insana övlad verməsi ilk nəzərdə böyük bir lütfdür. Pul və vəzifə də belədir. Lakin bunların nəticədə bir şərə və ya bir əzaba hər zaman dönmə ehtimalı vardır. Pul, mal və vəzifədə azğınlıq təccəlli edə bilər. Məsələn: Övlad ziyankar ola bilər.

     Ona görə dua edən bir bəndəyə yaraşan, işlərin xeyirlisini Allah-Təalaya həvalə etməkdir. Beləcə, bəndə Haqq-Təladan bir tələbi olduğunda:

     “– Ya Rəbb, haqqımda xeyirlisini lütf et!” deyə dua etməli və Allah-Təaladan hər şeyin xeyirlisini istəməlidir. Əks təqdirdə bəzən hiss etmədən öz fəlakətini istəmiş ola bilər.

     Bundan başqa, insanların söz, qəlb və zehndən keçirdiyi hiss və düşüncələr də bir təmənni və nəticə olaraq dua məqamındadır. Allah-Təala qəlblərə baxar. Yəni qəlblər daimi olaraq ilahi müraqəbə altındadır. Yəni sanki ilahi kamera qarşısındadır. Qəlbdən keçən hisslər bir dua və təmənni olduğuna görə və buna nəzarətin də çox çətin olduğu üçün, bizə xoş düşüncəli olmaq, hüsnü-zənn və təmənnilər içində olmaq əmr edilmişdir. Bir hədisi-şərifdə:

     “Sui-zəndən çəkinin. Çünki sui-zənn sözlərin ən yalan olanıdır. Başqalarının danışdıqlarını dinləməyin, eyiblərini araşdırmayın, bir-birinizə qarşı təkəbbürlənib öyünməyin, bir-birinizə həsəd etməyin, kin tutmayın, üz çevirməyin. Ey Allahın bəndələri! Allahın sizə əmr etdiyi kimi qardaş olun… (Müslim, Birr, 28-34) buyurulmuşdur.

     Digər bir hədisi-şərifdə isə Allah Rəsulu -səllallahu əleyhi və səlləm-:

     “Hüsnü-zənn imanın gərəyidir (tələbidir). (Əbu Davud, Cənaiz 13, Ədəb, 81)

     “Biz, mömin haqqında yalnız hüsnü-zənn edirik. (İbn Macə, Fitən, 2) buyurmuşdur.

     Abdullah bin Məsud -radiyallahu anh-dan rəvayət edildiyinə görə Rəsulullah -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

     Əshabımdan heç kim başqa biri haqqında xoşlanmayacağım bir şeyi mənə söyləməsin. Çünki mən sizin qarşınıza könül xoşluğu ilə çıxmaq istəyirəm. (Əbu Davud, Ədəb, 28/4860; Tirmizi, Mənaqib, 63)

     Rəsulullah -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

     Bu hədisi-şəriflərin işığında duanın qövli (sözlü) olanlarında da, hissən və fikrən edilənlərində də mənfiliklərdən uzaq olmağımız başa düşülür. Məsələn, bir qadın övladına hirsləndiyi bir anda -bəlkə də ürəkdən qəsd etməyərək-:

     “– Allah canını alsaydı qurtulardım!” deyir. Bu söz elə olar ki, dua və ya Allahdan təmənni məqamına yaxın olar və eynilə qəbul olunar.

     Bir nəfər Abdullah bin Mübarək həzrətlərinin yanına gələrək ona uşağının asiliyindən şikayət etdi. Abdullah bin Mübarək:

     “– Övladına bəddua etdinmi?” deyə soruşdu. Həmin şəxs:

     “– Bəli” cavabını verdi. Bunun üzərinə Abdullah bin Mübarək:

     “– Uşağın pozulmasına sən özün səbəb olmusan! dedi.

     Bir səfər əsnasında Peyğəmbərimiz ənsardan bir qadının yüksək səslə dəvəsinə lənət etdiyini gördü. Əshabına:

     “– Dənin üstündəki əşyaları alın və dəvəni sərbəst buraxın. Çünki o, artıq lənətlənmişdir” buyurdu.

     Hədisi rəvayət edən İmran bin Husayn -radiyallahu anh-  deyir ki:

     “– O dəvəni insanlar arasında öz halında gəzərkən görürdüm, heç kim ona toxunmurdu.” (Müslim, Birr, 80; Əbu Davud, Cihad, 55)

     İnsan duanın bu və bənzəri ədəbinə riayət etmədiyi zamanlarda istədiyinə nail olmadığı kimi, bəzən daha pis nəticələrlə də qar­şılaşa bilir. Həzrət Mövlana Məsnəvisində Peyğəmbərimizlə əshabdan yalnış dua edən birinin arasında keçən bu hadisəni qəlb lisanı ilə belə şərh edir:

     “Əshabi-kiramdan bir nəfər ağır şəkildə xəstələnmişdi. Demək olar ki, zəifləyib quru skeleti qalmışdı.

     Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm- xəstəyə baş çəkmək, hal-xətrini soruşmaq üçün yanına getdi. Peyğəmbərimizin xasiyyəti onsuz da tamamilə lütf və kərəmdən ibarət idi.

     Peyğəmbərimiz xəstəni görüncə halını soruşdu; o xəstəyə xoş sözlər dedi.

     Xəstə Həzrət Peyğəmbəri görüncə dirildi. Sanki Allah onu həmin  anda yaratmış kimi oldu və sevincindən:

     “– Xəstəliyin mənə verdiyi bəxtə bax ki, peyğəmbərlərin sultanı səhər vaxtı mənim yanıma gəldi. Bu xoşbəxt xəstəlik; nə uğurlu ağrı, sancı və hərarət; nə xoşbəxt dərd… Haqq-Təala mənə bu qoca yaşımda lütf və kərəmi ilə belə bir xəstəlik verdi, məni belə bir dərdə düşürdü… Hər gecə yarısı məcbur qalaraq qalxım deyə mənə bel ağrısı verdi. Bütün gecə heyvan kimi yatmamağım üçün lütfündən, kərəmindən mənə dərdlər bəxş etdi, kədərlər ehsan etdi. Mənim xəstə olmağımdan, təpədən dırnağa hər yerimin ağrımasından, fəryad etməyimdən Rəbbimin mərhəməti coşdu və acılar, iztirablar cəhənnəmi məni qorxutmadan susdurdu,- dedi.

     Peyğəmbərimiz xəstənin vəziyyətini soruşdu. Sonra ona dedi ki:

     “– Sən uyğun olmayan və yersiz bir duanı etmisən? Bilməyərək zəhərli nə isə yemisən? Bir düşün görək; necə dua etmisən? Nəfsin hiyləsinə aldanıb niyə özündən çıxmısan? Allahdan nələr istəmisən?

     Xəstə:

     “– Heç xatırlamıram, amma dua edin, indi xatırlayım!..” dedi.

     Mustafa -səllallahu əleyhi və səlləm-in nur saçan hüzuru bərəkəti ilə xəstə etdiyi duanı xatırladı. Hər tərəfi aydınladan Peyğəmbərin duası ona unutduğunu xatırlatdı.

     “– Ya Rəsulallah! Allah-Təalaya etdiyim nalayıq duanı indi xatırladım. Bir çox günaha girmişdim; günah dalğaları arasında üzürdüm. Günahkarlara və günah işləyənlərə çox çətin, çox şiddətli əzab olunacağını eşidirdim. Quş kimi çırpına-çırpına qalmışdım və başqa çarəm yox idi. Axirət bağı çox möhkəm idi. Ümid və təsəlli qıfılı da açılmırdı. Axirətin əziyyətinə, əzabına ölçü və hüdud yoxdur, anladılması mümkün deyil. Ona qarşılıq bu dünyada çəkilən zəhmətlər,  məşəqqətlər dəyərsizdir. Nə xoşbəxtdir o kimsə ki, nəfs ilə savaşır, bədəninə zəhmətlər verir, çətinliklər çəkdirir və onu tərbiyə etməyə çalışır, ədalətli davranır. Axirətin zəhmətindən qurtulmaq üçün bu dünyada özünə zəhmət verməyi, əziyyət çəkdirməyi qulluq və ibadət yerinə qoyar. Mən də; “Ya Rəbb!” deyirdim. “Axirətdə çəkdirəcəyin əzabı bu dünyada mənə çəkdir! Çəkdir ki, axirətdə xoşbəxt olum!” Bu istəklə ilahi qapıya yönələrdim. Elə bu anda məndə belə bir xəstəlik meydana gəldi. Xəstəliyin verdiyi əziyyətdən canımın rahatılığı qalmadı. Zikrimdən, ibadətlərimdən geri qaldım. Hətta özümü, yaxşılığımı və pisliyimi bilməz bir hala gəldim. Ey mübarək və əziz Peyğəmbər! Sənin o nurlu üzünü görməsəydim bu həyatdan  tamamilə qurtulacaq, yəni ölüb gedəcəkdim. Mənə dua və təsəlli edərək məni şərəfləndirin.”

     Əziz Peyğəmbərimiz buyurdu ki:

     “– Bir daha bu duanı etmə; öz həyat ağacını kökündən çıxarıb atma! Ey zərif və qarışqa qədər zəif insan! Sənin nə gücün var ki, tutub dağ boyda, qaldıra bilməyəcəyin bir xəstəliyin yükünü sənə yükləsin?

     Xəstə:

     “– Tövbə etdim, ey mənim mərhəmət sahibi uca Rəbbim, bir daha özümü güclü-qüvvətli zənn edərək belə bir söz demərəm. Halımı da, rəzil-rüsvay olduğumu da gördün! Məni bundan artıq imtahan etmə… Ey bütün bəndələri tərəfindən yardımı istənilən kərəm sahibi, ehsan sahibi Allah! Bizi ağır imtahanlara çəkmə! Hələ gizli olan günahlarımızı, pisliklərimizi gizlə, açığa çıxartma. Allahım! Sən gözəllikdə və kamillikdə sonsuzsan; biz isə əyrilikdə, azğınlıqda həddimizi çox aşmışıq. Ey kərəm sahibi! Bu bir ovuc nankor insanın əyriliklərini, günahlarını sonsuz lütfünlə, ehsanınla ört! Ət və yağdan ibarət olan bədənə mərhəmət edən, acıma duyğusu verən Allah! Yaratdığın varlıqlarda sənətini, yaratma gücünü, qüvvətini göstərdin; lütf və mərhəmətini də göstər! Ey böyüklərin ən böyüyü olan Allah! Etdiyimiz bu dua sənin qəzəbini artırırsa, ediləcək duanı yenə Sən bizə ilham eylə!”

     Sonunda Həzrət Peyğəmbər həmin xəstəyə buyurdu ki:

     “– Sübhanallah, Allahın verdiyi əzaba dözə bilməzsən. Sən:

     Ya Rəbb! Biz Həbibi-Ədibin Məhəmməd Mustafa -səllallahu əleyhi və səlləm-in Səndən istədiyi hər şeyi istəyir və sığındığı hər şeydən biz də Sənə sığınırıq. Ya Rəbb!.. Bizi seçdiyin, sevdiyin, maddi-mənəvi ehsanlar bəxş etdiyin nemət əhlinin yolundan ayırma!.. Bizi yalnız Səni bilən, Sənə əl açan, Səndən yardım gözləyən həqiqi mömin bəndələrindən et!.. Bizim xeyirli dualarımızı mərhəmət və lütfünlə qəbul et!.. Bizə dünyada da yaxşılıq və gözəllik ehsan et, axirətdə də!.. Bizi cəhənnəm əzabından qoru! Amin!..

Osman Nuri TOPBAŞ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏNİN  PEYĞƏMBƏRİN  KİMDİR?

“Niyə ən gözəl insan məhz sizin Peyğəmbərinizdir?” sualına necə cavab verərdiniz?Onun tərtəmiz həyatını təsvir etmək üçün hansı cümlələri qurardınız?

Bağla