DUANIN GÜCÜ

0

İnsan özünə nə qədər güclü görünsə də, bir nöqtədən sonra öz zəifliyini dərk edir. Sağlam olduğu zaman xəstəlik, zəngin olduğu zaman kasıblıq haqqında çox düşünməsə də vaxt gəlir onlar haqqında da düşünməyə məcbur olur. Çox zaman insan dünyaya gələrkən belə iki ayağı üzərində dura bilməyib, ana qayğısına möhtac olan yeganə varlıq olduğunu unudur. O, ətrafındakı hər kəsə yardım edəcək gücdə olsa da bir gün özü də İlahi bir yardıma ehtiyac duyur. Dünyada əlacsız qaldığı hadisələr qarşısında bütün qapılar üzünə bağlandığı zaman isə özünü dua qapısında tapır.

Dua Yaradanla yaradılan arasında baş verən sehirli bir əlaqənin adıdır. İnsanlar dua vasitəsilə yaşadıqları ən böyük problemlərin öhdəsindən gələ və onları həll edə bilmə gücünü özlərində hiss edirlər. Dua edən insanlar dua etməyən insalardan daha xoşbəxt olur. Çünki dua edən insanlar davamlı olaraq İlahi bir qüvvənin onun yanında olduğunu və ona yardım etdiyini düşünür.  Bu pozitiv düşüncə şəkli də həll edilməsi mümkün olmayan problemlərdə belə insana əlavə güc verir.

Onsuz da mənim yaşadığım hər şeyi Allah görür dua etməyə ehtiyac yoxdur düşüncəsi isə məsələyə doğru yanaşma deyildir. Çünki biz dua edərkən olmasını istədiyimiz hadisəyə cüzi iradəmizlə ilkin münasibətimizi ortaya qoyuruq. Bu mərhələdən sonra isə Allah haqqında dua etdiyimiz hadisənin bizim üçün xeyirli olacaq şəkildə ya anında ya da daha xeyirlisi olacaq şəkildə daha sonra gerçəkləşməsinə yardım edir. Dua etmədiyimizdə isə döymədiyimiz qapının açılmadığı kimi qarşımızda daha xeyirli yollar açılmır və çox zaman istədiyimizi əldə edə bilmirik. Özümüz üçün xeyirli olduğunu düşündüyümüz bir iş  üçün maksimum çalışmaq bizim borcumuzdur. O hadisə haqqında etdiyimiz dua isə görəcəyimiz işin xeyirli şəkildə sığortalanmasıdır. 

Allahu-Təala isə bir ayeyi-kərimədə belə buyurur:

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə, 2/186)

DUAN VARSA DUYAN DA VARDIR.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“QƏRAR VERİLSƏ, DİNİ İBADƏT YERLƏRİNDƏ DƏ MƏHDUDİYYƏTLƏR ARADAN QALXACAQ”

“Azərbaycanda pandemiya ilə əlaqədar müxtəlif tədbirlər məhdudlaşdırılıb, o cümlədən məscidlər, kilsələr, digər abidələrlə əlaqədar da Operativ Qərargahın təlimatı var”. Bunu...

Bağla