DÜNYANIN ŞƏRƏFLƏNDİYİ AY – RƏBİÜLƏVVƏL AYI

0

Rəsulullah (s.ə.s) 571-ci ilin aprel ayının 20-i Məkkənin Bəni Haşim məhəlləsində atası Abdullahdan qalan evdə dünyaya gəlmişdir. Mənbələrdə onun Fil hadisəsinin baş verdiyi ildə, bu hadisədən 55 gün sonra və qəməri aylardan olan rəbiüləvvəl ayının 12-ci gecəsi səhərə yaxın anadan olduğu qeyd olunur. Peyğəmbərimizin (s.ə.s) dünyaya gəlməsi bu mübarək aya təsadüf etdiyi kimi, İslam tarixinin ən mühüm hadisəsi olan hicrəti ilə Allahın dəvətiylə dünyadan köçməsi də bu ayın eyni gününə təsadüf etmişdir. Buna görə də rəbiüləvvəl ayı İslam tarixinin acılı-şirinli ən mühüm hadisələrinə səhnə olmuş mübarək bir aydır.

Rəsulullahın (s.ə.s) dünyaya gəldiyi gecənin səhəri insanlıq üçün yeni bir dövr başlamışdır. Onun (s.ə.s) dünyaya gəlişi ilə könülləri qaraldıb insana insanlığını unutuduran zülm və küfür aradan götürüləcək, şirk sönəcək, Həzrət İbrahimin (ə.s) tövhid əqidəsi yenidən canlanacaqdı. İnsanlıq üçün səadət qapıları açılacaq, hidayət günəşi insanlığın üfüqünü əbədi aydınlaşdıracaqdı. Qurani-kərimdə Uca Allah belə buyurur: “Ya Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi, bir qorxuducu, Allahın izniylə Allah yoluna bir dəvətçi və aləmlərə işıq saçan bir çıraq göndərdik.” (Əhzab 33/45). Həzrət Muhəmməd (s.ə.s) insanlığın xilaskarı oldu. İslamın haqq, ədalət və əxlaq prinsipləri ilə insanlığı səadətə qovuşdurdu. Əsrlərdən bəri insanlığın başında zülm və istibdad (kölələşdirmə) toru hörən qeysərlər, kisralar məhv edildi. “Haqq gəldi batil yıxılıb yox oldu, çünki batil yox olmağa məhkumdur.” (İsra 17/89).

Allah Rəsulunun (s.ə.s) dünyaya təşrif etməsi səbəbilə tarix boyu bu aya xüsusi önəm verilmiş və Rəsulullahın (s.ə.s) sevgisi ilə dolub-daşan könüllər bu ayda onu yad edərək müxtəlif məclislər təşkil etmişlər. Ölkəmizin bir çox bölgəsində də eyni ənənəyə sadiq qalaraq mövlud proqramları təşkil olunur. Nəticə olaraq necə ki, Quran endiyi gecəyə (Qədr gecəsinə) şərəf qataraq min aydan daha xeyirli bir gecə etmişdir, Rəsulullah (s.ə.s) də dünyaya gəldiyi ayı və günü eyni şəkildə şərəfləndirmişdir.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ: “QƏLƏBƏNİZ ŞANLI VƏ UĞURLU OLSUN, İGİDLƏR!”

"Qələbəniz şanlı və uğurlu olsun, igidlər!" Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid...

Bağla