Faiz, borc verilən pulun məlum bir vaxtdan sonra məlum bir artımla alınması və ya vaxtında ödənməyən bir borc üçün əlavə vaxt verib həmin vaxt müqabilində borcu artığı ilə almaqdır. Həzrət Peyğəmbər (s.ə.s) cəmiyyətin maddi, mənəvi və əxlaqi həyatını qaralayaraq cəmiyyəti anarxiya və fəlakətə sürükləyən, faiz yeyən və yedirtənlərin Allahın rəhmətindən uzaq qalmalarını istəmiş, hədisi-şərifində: “Allah faizi alana, verənə, şahidlik edənə və yazana lənət eləsin!” – buyurmuşdur. (Buxari, Buyu, 25) Rəsulullahın (s.ə.s) faiz haqqında dediyi lənətin geniş dairəni əhatə etməsi, İslam cəmiyyətində faizə yer olmadığını qətiyyətlə tələb etməsinə görədir. Çünki cəmiyyətin bütün təbəqələri üçün zərəri açıq olan bir əməldə iştirak etməmək hər bir fərdin o cəmiyyətə qarşı borcudur.
İslam dini cəmiyyətin iqtisadi həyatında özünə kök salmış bu mənfi adəti mərhələli bir şəkildə və bu adətin yerini dolduracaq qanunlar gətirməklə qadağan etmişdir. Qurani-Kərimdə faiz haqqında dörd ayə nazil olmuş və içkidə olduğu kimi faiz də mərhələli olaraq aradan qaldırılmışdır. Uca Allah belə buyurur: “Sərvətinizin xalqın mal-dövləti hesabına artması üçün faizlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz“. (Rum 30/39) Bu ayə faizin Allah yanında çirkin bir əməl olduğunu və bərəkətsizliyini dilə gətirərək möminlərə bu barədə xəbərdarlıq etmişdir. İkinci mərhələdə Allahın faizi yəhudilərə haram etdiyini ancaq onların bunu halal sayıb alıb-verməyə davam etdiklərini, buna görə də bir çox əzaba düçar olduqlarını xəbər verərək müsəlmanları faiz barədə ehtiyatlı olmağa dəvət etmişdir. (Nisa 4/161) Üçüncü mərhələdə isə Allah Təala: “Ey iman gətirənlər! Faizi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız” – buyuraraq (Ali-İmran 3/130) faizin yasaq olduğuna diqqət çəkmişdir. Dördüncü mərhələdə Allah Təala faizi qətiyyətlə qadağan edərək ondan əl çəkənlərə bəzi imkanların veriləcəyini, israr edənlərin isə aqibətlərinin çox acı olacağını xəbər vermişdir. (Bəqərə 2/276-279)
Nəticə olaraq, faiz əməyin qarşılığı olmayan haqsız bir qazancdır. Bu səbəblə də Uca Allah faizi qəti bir dillə haram etmiş, Allah Rəsulu (s.ə.s) də bu pis işlə məşğul olanları lənətləmişdir.
f.f.d Səfa Muradov