HƏR ÖLÜM BİR DİRİLİŞDİR

0

İnsanoğlu nəfs və arzuları olan bir varlıq olduğuna görə yox olmaq istəmir. Bu fani dünyada əbədi yaşamaq arzusunu daşıyır.

Məhz buna görə də əksər insanlar ölümdən qorxur, hətta onun barəsində danışmaq belə istəmir. Halbuki hər keçən gün ölümə daha da yaxınlaşdığını bilir və dünyadakı hər kəsin öləcəyini istəməsə də qəbul edir. Çünki bu dünyada ölməyən yeganə varlıq, bizi yaradan Uca Allahdır. Əbədilik vəsfi sadəcə Ona məxsusdur. İnsan baxımından ölüm, Allahın doxsan doqquz ismindən biri olan Mümit isminin təcəlli etməsi və bədəndəki ruhun vücuddan ayrılmasıdır. Dini nöqteyi-nəzərdən ölüm yox olmaq deyil, əksinə bir aləmdən başqa bir aləmə köç etməkdir. Bir növ fani dünyadan əbədi həyata hicrət etməkdir. Ölüm yuxudan ayılaraq həqiqi həyata gözlərini açmaqdır.Hər ölüm yeni həyat üçün dirilişdir. Elə isə ölüm reallıqdır və bundan qaçış yoxdursa, onu sevməyə və yaxından tanımağa çalışmalıyıq. Əslində ölüm ilahi bir nemətdir. Əgər ölüm Allah tərəfindən bəxş edilibsə demək ki, pis şey deyildir. Pis olan tərəfi ondan (ölümdən) qorxmaqdır. Ondan qorxanlar da onun həqiqətini bilməyən və dərk etməyənlərdir. Məhz buna görə də İslam tərbiyəsində ölümü təfəkkür etmək ən əhəmiyyətli xüsuslardan biridir. “Ölümdən qorxanlar ölər”-desək yanılmarıq yəqin ki. Həyatı maddədən ibarət bilənlər ölər. Ölənlərin arxasınca “öldü”-deyərək ağlayırıq. Halbuki,əsil ölülər geridə qalanlardır. Çünki ölü zənn etdiklərimiz əbədi həyata gözlərini açırlar. Türk dünyasının məşhur şairi Nəcib Fazil Kısakürəkin bu misraları əslində hər şeyi xülasə edir:

            Ölüm gözəl şeydir; budur pərdə arxasından xəbər

            Heç gözəl olmasaydı, ölərdimi Peyğəmbər?

Ölümü yox olmaq kimi qəbul edənlər əslində həyatın mənasından uzaqdırlar. Onlara görə həyat təsadüflərdən ibarətdir. Onlara görə ölmək sevdiklərinə bir daha qovuşmamaq deməkdir. Ölümü təfəkkür edəndə axirətə iman etməyin nə qədər dəyərli və əhəmiyyətli olduğu görünür. Axirətə iman gətirən kimsə mütləq diriləcəyinə inanır və təskinlik tapır. Cansız və şüursuz cisimlərin heç bir zərrəsi də itmədiyi halda, dağılan ulduzların atomlarından başqa bir ulduz yaradıldığı halda, bütün dünyanın əfəndisi, Allahın yer üzərindəki nümayəndəsi olan və mükəmməl dizayna malik olan insanın öldükdən sonra sadəcə bir ovuc torpağa dönəcəyini düşünmək insafsızlıqdır.

Həyatı gözəlləşdirmək üçün ölümü gözəlləşdirmək lazımdır.

Həzrət Peyğəmbər “ölmən əvvəl ölün” buyuraraq, ölüm həqiqətini anlamağı ve ölüm üçün hazırlaşmağımızı, öldükdən sonra da yaşamağın sirlərini tapmağı tövsiyə edir. Qısacası hər kəsin başına gələn ölümün bir gün bizim də başımıza gələcəyini xəbər verir və ölüm mələyini gülər üzlə qarşılamaq üçün həyatımızı Allah və Rəsulunun göstərdiyi şəkildə tənzimləməyimizi istəyir.  O, bu tövsiyəsi ilə eyni zamanda dünyada elə yaşamağımızı istəyir ki, öldükdən sonra da açdığımız cığır insanların zehnində xoş xatirələr buraxsın.  Ölümü ancaq bu şəkildə öldürə bilərik. Ölməkdən qorxmaq ölməyin özündən betərdir. Ölümü öldürən bir gün ölər, ancaq ölümdən qorxan hər gün ölər. Hesab vermədən əvvəl özümüzü hesaba çəkmək üçün gecələr bizim üçün böyük fürsətdir. Gündüzü dünya həyatı, gecələri ölüm, yatağımızı da qəbrimiz kimi düşünək. Hər gün yatağımıza girdikdə gündəlik əməl dəftərimizi nəzərdən keçirək. Zərərimiz çoxisə onu tövbə və göz yaşlarımız ilə silməyə çalışaq. Yenidən diriləcəyimiz ertəsi günü əvvəlki gündən daha qazanclı şəkildə yaşamağa çalışaq. Unutmayaq ki, hər yuxumuz bir ölümdür.

Bir başqa hədisdə də:“Necə yaşasanız elə örsiniz. Necə ölsəniz elə dirildilərsiniz” buyurulmuşdur. Dünyada Müsəlman kimi yaşasaq cənnət əhli olaraq dirildilərik. Eyni şəkildə dünyada Allahın xoş görmədiyi şəkildə həyatımızı yaşasaq şeytana qonşu olar və cəhənnəm əhli olaraq yenidən dirildilərik. Seçim bizim əlimizdədir. Bu dünyada arzuladığımız əbədi səadətə qovuşmaq və ölməyi yenidən diriliş kimi yaşamaq istəyiriksə bizə verilən dünya fürsətindən düzgün istifadə etməliyik. Peyğəmbərimizin bu hədisini heç vaxt unutmayaq: “Dünya axirətin tarlasıdır”. Tarlada nə əksən onu biçəcəksən. Uca Allah buyurur ki,

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özü hazırladığına) nər salsın...” (əl-Həşr, 18).  

Xülasə Allah yolunda, Onun razı olacağı şəkildə yaşayanlar əlbəttə ki, Onun yolunda və onun istədiyi şəkildə əbədi dünyaya köç edəcəklər. Müsəlman dünyanın müvəqqəti, aldadıcı zövq və mənfəətlərinə qapılaraq əbədi olan axirət həyatını unutmamalı, əbədi həyatın ilk pilləsi olan ölüm həqiqətinə əsla laqeyd yanaşmamalıdır.  Ölümlə hər şeyin yox olacağını zənn etmək, nəfsani arzuların arxasınca qaçmaq, ömrü dünyəvi zövq-səfa ilə keçirmək və bunları həyat fəlsəfəsinə çevirmək böyük səhvdir. Madam ki, harada olsaq da, bizi anbaan təqib edən qaçılmaz bir həqiqətlə – ölümlə üz-üzəyik, o halda qaçmaq əvəzinə ona hazırlaşmağa çalışmalıyıq.

Yazımıza Qurani-Kərimin xəbərdarlığı ilə yekun verək: 

“Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq…(ən-Nisa 78).

Ölümü həqiqi diriliş kimi görənlərdən olma təmənnaları ilə…

Rufət Şirinov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UŞAĞINIZIN SİZİ DİNLƏMƏSİ ÜÇÜN 25 TÖVSİYƏ

1. Onunla eyni boy səviyyəsinə enib göz kontaktı qurun. 2. Adı ilə müraciət edin. 3. Qısa və anlaşıqlı danışın. Ən...

Bağla