HƏZRƏT ƏLİNİN (r.a.) TƏFSİR FƏALİYYƏTLƏRİ

0

Həzrət Əli (r.a.) İslam tarixində özünəməxsus yerə sahibdir. O, bir çox məziyyətləri ilə önə çıxan səhabələrdən biri olmuşdur. Şərəfli bir ömür yaşayan böyük sərkərdə və alim Həzrət Əli (r.a.), hicrətdən 20 il əvvəl Məkkədə, Əbu Talibin ailəsində dünyaya gəlmişdir. Ailənin son beşiyi olan Həzrət Əlinin (r.a.) təhsil və tərbiyəsi ilə Həzrət Məhəmməd (s.ə.v.) məşğul olmuşdur. Belə ki, o, 5 yaşından etibarən hicrətə qədər Həzrət Peyğəmbərin (s.ə.v.) yanında yaşamışdır.

            Bəzi klassik qaynaqlar Həzrət Əlinin (r.a.) ilk müsəlman olduğunu qeyd edir. Ancaq bu məlumat yanlışdır. Mötəbər qaynaqlar (doğru olduğuna etibar edilən qaynaqlar) qeyd edir ki, Həzrət Peyğəmbər (s.ə.v.) ilk vəhy nazil olduqdan sonra təlaşlı bir şəkildə evinə geri döndükdə, onu dinləyən və sözlərinə etimad göstərərək İslam dinini qəbul edən ilk şəxs Həzrət Xədicədir (r.a.). Bu hadisə əsnasında Həzrət Əlinin (r.a.) 9, 10 və ya 11 yaşında olduğu qeyd edilir. Elə isə Həzrət Xədicədən (r.a.) sonra uşaqlar arasında İslamı qəbul edən şəxsin Həzrət Əli (r.a.) olduğu başa düşülür.

            Həzrət Əli (r.a.) hər zaman Həzrət Peyğəmbərin (s.ə.v.) etimadını doğruldan səhabələrdən olmuşdur. Həmçinin Həzrət Peyğəmbər (s.ə.v.) də ona böyük dəyər vermişdir. İslam tarixini diqqətli şəkildə oxuduqda bu dəyərin mücəssiməsini görə bilərik: Belə ki, hicrətin beşinci ayında mühacirlərlə (məkkəli müsəlmanlar) ənsar (mədinəli müsəlmanlar) arasında birlik və bərabərlik qurmaq üçün “muahat” (qardaşlıq) müəssisəsi yaradılmış və Həzrət Peyğəmbər (s.ə.v.) Həzrət Əliyi (r.a.) özünə qardaş seçmişdir. Hicrətin ikinci ilinin sonuna doğru onu (k.v.) qızı Həzrət Fatimə (r.a.) ilə evləndirmişdir. Həzrət Əli Həzrət Peyğəmbərin (s.ə.v.) sağlığında bütün səfərlərə və döyüşlərə qatılmış, İslam ordusunun sancaqdarı olmuşdur. Xeybər qalasının mühasirəsi əsnasında Həzrət Peyğəmbərin (s.ə.v.) müjdəsi üzərinə Xeybərin fəthində böyük şücaət göstərmiş və qalanın fatehi olmuşdur.

            Ən çaxnaşmalı dövrdə İslam dövlətinə başçılıq edən Həzrət Əli (k.v.) Kufədə səhər namazı üçün məscidə gedərkən Əbdürrəhman ibn Mülcəm adlı biri tərəfindən bıçaqlanmışdır (suiqəsdə məruz qalmışdır). İslam xəlifəsi aldığı zəhərli bıçaq zərbəsindən iki gün sonra, yəni, hicri 40-cı ildə (miladi 661-ci il) vəfat etmişdir.

            Həzrət Əli (k.v.) bir çox İslam elmlərinə qaynaq olmuşdur. Xüsusilə, hədis, İslam hüququ və təfsir sahəsində böyük şöhrət qazanmışdır. Hədis alimlərinə görə Həzrət Əli (k.v.) “siqa” (güvənilir/doğru sözlü) ravidir. Buxari və Müsəlim kimi böyük hədis alimləri ondan hədis rəvayət etmişdir. Həzrət Əlindən (k.v.) 586 hədis nəql edilmişdir. Bunlardan 20-i “müttəfəqun əleyh”dir (Buxari və Müslimin birlikdə nəql etdiyi hədislərə “müttəfəqun əleyh” deyilir). “Səhih Buxari”də bu hədislərdən 9 dənə, “Səhih Müslim”də isə 15 dənə yer alır.

            Həzrət Əli (k.v.) eyni zamanda İslam hüququ sahəsində də ad qazanmış səhabələrdən biridir. Bir çox səhabə hüquqi məsələlərlə bağlı problemin həllini ondan soruşardı. Klassik qaynaqların qeyd ettiyinə görə Həzrət Əlinin (k.v.) bir “səhifə”si olmuşdur. Burada qan bahası, əsir alınan şəxsin hökmü, əsirlərin azad edilməsi və kafirə qarşı müsəlmanın öldürülməsinin qadağan olması kimi bir çox məsələ haqqında önəmli məlumatlar yer alırdı.

            Həzrət Əli (k.v.) təfsir elmində özündən sonra məktəb yaradan 4 böyük səhabədən biridir (Həmin 4 böyük səhabə bunlardır: Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Übey ibn Kab və Əli ibn Əbu Talib). O, Həzrət Peyğəmbərin (s.ə.v.) sağlığında Qurani-Kərimi başdan sonadək əzbərləyən bir neçə səhabədən biri olmuşdur. Oxuma və yazma bildiyi üçün Həzrət Peyğəmbərin (s.ə.v.) vəhy katiblərindən idi. Qurani-Kərim ayələrinin nə zaman və harada nazil olduğunu çox yaxşı bildiyi üçün bu haqda məlumat əldə etmək istəyənləri sual verməyə təşviq etmişdir. Təfsir sahəsində Həzrət Əlidən (k.v.) nəql olunan rəvayətlər əsasən üç tariqlə (yol) nəql edilmişdir. Bunlar aşağıdakılardır:

  1. Hişam ibn Hassan əl-Əzdi – Məhəmməd ibn Sirin – Əli ibn Əbu Talib,
  2. Abdullah ibn Əbdürrəhman ibn Əbu Hüseyn – Əbut-Tüfeyl Amir ibn Vəsilə əl-Leysi – Əli ibn Əbu Talib,
  3. Zühri – Əli ibn Zeynalabidin – Hüseyn ibn Əli – Əli ibn Əbu Talib.

Tələbəsi Əbu Əbdürrəhman əs-Süləmi ondan gözəl Qurani-Kərim oxuyan birini görmədiyini qeyd etmişdir. Ondan, “ərz” yolu ilə Qurani-Kərim öyrənən şəxslər arasında Əbul-Əsvəd əd-Düəli və Əbdürrəhman ibn Əbu Leyla da vardır.

            Özünəməxsus xüsusiyyətlərə sahib olan Həzrət Əli (k.v.) özündən sonra müsəlmanlara geniş bir elm və gözəl bir əxlaq miras qoymuşdur. Təəssüf ki, bəzi çevrələr bu böyük səhabənin adından yalan uyduraraq sui-istifadə edirlər. Ancaq ortada bir həqiqət vardır: Onun adından nə qədər yalan xəbər uydurulsa da Həzrət Əlinin (k.v.) dəyəri heç vaxt azalmayacaqdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ XİN BAŞÇILARI ARASINDA TELEFON DANIŞIĞI OLUB

Yanvarın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. “Report” xəbər...

Bağla