HAQQ DOSTLARINDAN HİKMƏTLƏR – HƏZRƏT MÖVLANA q.s –

0

Mövlana həzrətləri buyurur:

Əksər insan bədəninin ölümündən qorxar. Ən qorxulu olansa qəlblərin ölümüdür”.

İnsan ən çox zəlzələ, sunami, yanğın kimi ölüm-itim hadisələrinin çox yaşandığı maddi fəlakətlərdən qorxar. Lakin əsl qorxulu olan qəlbi həyata zəhər saçan günahlardır. İnsan işlədiyi günahlara görə qəbirdə və axirətdə qarşısına çıxacaq dəhşətli mənzərələrdən qorxmalıdır.

Hər günah qəlbə düşən qara bir ləkədir. Qəlb günah kirləri ilə tamamən qaralıb mənəvi varlığını itirdikdə, xeyirlə şəri, haqla batili, doğru ilə yanlışı ayırd etmə həssasiyyətini də itirir. Ona görə də ən ağır günahları belə sanki xoş bir musiqiyə qulaq asırmış kimi, vicdanında cüzi bir narahatlıq keçirmədən işləyə bilir. Günahlardan çəkinmək həssaslığını itirən həmin qəlb artıq qəbir çuxurundakı bir cənazədən fərqlənmir.

Ən acınacaqlı qəflətsə insanın mənən ölü qəlbə sahib olmasına baxmayaraq bundan bixəbər yaşamasıdır.

Vəhb bin Münəbbih deyir:

“İnsanlar necə də qəribədirlər. Bədəni ölənə ağlayırlar, amma qəlbi ölənlərə ağlamırlar. Halbuki əsl fəlakət qəlbin ölməsidir”.

Çünki ölü bir könül kompası olmayan, okeanın ortasında sükanı qırılmış gəmiyə bənzəyir. Hansı dalğada məhv olacağı məchuldur. Bu səbəblə də yanlış istiqamətə və yola düşməkdən yaxa qurtara bilməz.

Ömər bin Əbdüləziz g-in bu sözləri bəhs etdiyimiz həqiqəti necə də gözəl ifadə edir:

Haramlar bir od parçasıdır. Ona ancaq (qəlbi) ölülər əl uzadar. Əgər əl uzadanlar diri olsaydılar, onun acısını mütləq hiss edərdilər”.

Abdullah bin Məsud da diri və ölü qəlb arasındakı fərqi belə izah etmişdir:

Mömin günahını altında oturduğu və sanki hər an üstünə düşmə təhlükəsi olan bir dağ kimi (böyük və ağır) görər. Görəsən, bu nəhəng dağ üstümə düşərmi, – deyə təlaş edər. Facir (günahkar) isə günahını burnu üzərindən keçən bir milçək kimi (əhəmiyyətsiz) görər”. (Buxari, Dəavat, 4; Müslim, Tövbə, 3)

Qafil qəlblər dünyadakı itkilərinə görə kədərlənərək bir daha belə bir zərərlə qarşılaşmamaq üçün minlərlə çarə axtararlar. Lakin əbədi həyatlarını təhlükəyə atan mənəvi itkilərə əhəmiyyət verməzlər.

Məsələn, bir xəstəliyə yoluxduqda müalicə üçün həkimə gedib dava-dərman kimi tədbirlərə əl atdıqları halda, təəssüf ki, mənəviyyata zəhər səpən təhlükələr qarşısında eyni həssaslığı göstərmirlər. Qəflət sərxoşluğu içində ruhlarının məhv olmasına laqeyd qalırlar. Bu hal onların bütün davranışlarında özünü büruzə verir.

Məsələn, övladının fərqli diplom alması və dünyəvi cəhətdən parlaq gələcəyi olması üçün göstərdikləri təlaş və səylərin azacıq miqdarını belə onların axirət diplomu alması və əbədi səadəti üçün göstərmirlər. Halbuki bu fani dünyadakı ən qiymətli təhsil “Haqqa qulluq”, “mərifətullah” təhsilidir.

Haqq dostlarından Sami Əfəndinin yanına ziyarətə gələn bir nəfər həm onun duasını almaq, həm də qardaşı oğlunu tanış etmək istəyir. Hüzuruna girib əlini öpərkən bir növ öyünərək:

– Əfəndim, bu gənclər Amerikada oxuyub mühəndis oldular. Duanızı istəyirik, – deyə təqdim edir.

Sami Əfəndi isə mənalı-mənalı təbəssüm edərək onlara belə buyurur:

– “Bu fəqir də Darul-Fünun məzunudur. Lakin əsl təhsil mərifətullah təhsilidir!”.1

Fadl bin Abbas t belə deyir:

Düzü, bu insanlara heyrət edirəm. Uşağım öləndə minlərlə adam gəlib başsağlığı verir, amma bir vaxt camaatla qılınan namazı qaçırdığım üçün heç kim gəlib mənə başsağlığı vermir, kədərləndiyini söyləmir.

And içərək deyirəm, bir vaxt camaatla namazda iştirak etməməyim mənim üçün yetişmiş, alim və əməlisaleh bir uşağımın ölümündən daha böyük müsibətdir”.

Əbul-Həsən Haraqani həzrətləri də insan oğlunun mənəvi itkilər qarşısındakı ümumi qəflətinə diqqət çəkərək belə xəbərdarlıq edir:

Təndirdən üstünə bir qığılcım sıçrasa, tez onu söndürməyə çalışırsan. Bəs dinini yandıracaq olan bir alovun, məsələn, təkəbbür, həsəd və riya kimi pis sifətlərin qəlbində yer etməsinə necə izin verirsən?!”2

Xülasə, Haqq dostlarının nəzərində əsl narahatlıq doğuracaq xüsus insanın əbədi həyatını təhlükəyə atan mənəvi zərərlərdir.

Mövlana həzrətləri buyurur:

Bədənin ölümü sirr əhlinə bir ərməğandır, xalis qızıla qayçı nə zərər verə bilər?!”.

Saleh bəndə üçün ölüm bir vüslət, “Ən Ali Dost”a qovuşmaq vəsiləsidir. Mövlana həzrətlərinin ifadəsi ilə “şəbi-arus”dur, yəni “toy gecəsi”dir. Bir sözlə, Haqq aşiqləri üçün ölüm dünya qürbətindən vətənə qayıdış sevincidir.

Həzrət Mövlana Allah və Rəsulunun sadiq aşiqi olan Həzrət Bilal t-ın vəfatını bu həqiqətin misalı olaraq Məsnəvisində geniş təsvir edir. Xanımı ağlayıb ax-vay edərkən Bilal t sevdiklərinə qovuşmağın həsrət və intizarı ilə, can əmanətini sevinc içində sahibinə təslim edir.

Allah və Rəsulunun sadiq aşiqi olan Əbu Bəkr-in son dəmlərindəki vüslət həyəcanını Həzrət Aişə  belə nəql edir:

“Ölüm döşəyində yatdığı əsnada atam Əbu Bəkrin yanına girdim. Məndən soruşdu:

– Nəbi r hansı gün vəfat etmişdi?

– Bazar ertəsi, – dedim.

– Bu gün hansı gündür? – deyə soruşdu. Mən də:

– Bazar ertəsi, – cavabını verdim.

– Mənim də vəfatımın bu an ilə gecə arasında olacağını ümid edirəm! – dedi.

Sonra əlavə etdi:

– Əgər bu gecə ölsəm, məni sabaha saxlamayın. Çünki gün və gecələrin mənə ən sevimlisi Rəsulullah r-ə ən yaxın olanıdır! – dedi”. (Əhməd, I, 8)

Ona hazırlaşmaqdan qafil qalanlara soyuq ürpərişlər gətirən ölüm sarsılmaz iman, ixlaslı qulluq həyatı və ilahi eşq ilə yoğrulan könüllər üçün gözəlləşərək sanki sevdiklərinin vüsal həyəcanına çevrilir.

Bu isə quru məhəbbət iddiası ilə mümkün deyil. Həqiqi mənada sevən biri sevdiyinə qovuşmaqdan həzz alar. Saxta sevgi davası güdənlər isə Allah-Təalaya vüslətdən fərsəx-fərsəx uzaqlaşarlar.

Qurani-Kərimdə İsrail oğullarının bu halı belə bildirilir:

(Ya Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin!

Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!” (əl-Cumuə, 6-7)3

Bu nöqteyi-nəzərdən saleh möminlərin deyil, qəflət və batil içində ömür sürüb axirətini məhv edənlərin ölümünə hüznlənmək lazımdır. Qəlbi iman nuru ilə dolu olan insana hətta ölümün də heç bir zərəri yoxdur. Onsuz da hər kəs vədəsi tamamlananda öləcək. Lakin qəlbi ölü olan kəs zahirən bir müddət həyat sürmüş olsa da, əslində canlı cənazə hökmündədir. Bu hadisə sözünü etdiyimiz həqiqəti necə də gözəl izah edir:

Allah dostlarından Nəcməddini-Kübra həzrətləri tələbələri ilə birlikdə əməlisaleh bir adamın cənazəsində iştirak edirlər. Ölüyə təlqin oxunarkən Nəcməddini-kübra həzrətləri təbəssüm edir. Belə bir anda ustadlarının təbəssüm etməsini yadırğayan tələbələr bunun hikmətini soruşurlar. Həzrət əvvəlcə izah etmək istəməsə də, isrardan sonra belə deyir:

“Təlqin verən imamın qəlbi qafil, məzara girən ölünün qəlbi isə diridir. Qafil birinin qəlbən diri olana təlqin verəsinə təəccüb etdim”.

Xülasə, nəfsini təzkiyə, qəlbini də təsfiyə etmiş saleh bir möminin ölümü əbədi səadətə göz açmadır. Mənəvi tərbiyədən məhrum qalan qafillərin cismən diri olması qəlblərinə heç bir dəyər qazandırmaz. Axirətdə isə insana yalnız qəlbi-səlimin faydası toxunacaq.

 

Ona görə də İmam Qəzali həzrətləri belə buyurmuşdur:

Şəxsiyyətini kamilləşdir, fəzilətlərini inkişaf etdir. Çünki sən cisminlə deyil, ruhunla insansan”.

Mövlana həzrətləri buyurur:

Gülün dostu tikandır”.

Gül tikanı özünə dost bilib onunla xoş rəftar etdiyi üçün kamillik və gözəllik qazanır. Yəni tikanlara qatlanaraq gözəl surət və xoş rayihəyə sahib olur.

İnsan da zəhmət və çilələrə səbir edib dözərək təzkiyə olur, mənən səviyyə qazanır. Bu səbəblə Allah-Təalanın ən çox sevdiyi qullar həyatda ən ağır çilələrlə yoğrularaq kamilləşən kəslərdir.

Əsad Ərbili həzrətləri nə gözəl buyurur:

Eşq gülüstanının yolunda tikandan qorxmaq əbəsdir. Mən hər tikanın üstündən yüzlərlə qönçə dərərəm.

Dərvişlik bostanında iztirabdan zövq alaram. Yastığım tikandan olarsa, yuxumda Gülü görərəm”.

Mövlana həzrətləri buyurur:

Axmaq adam hər kəsin ölümünü eşidər, amma öz ölümünü heç yada salmaz…”

Nəfsin mayasında faniliyə üsyan var. Bu səbəblə nəfsinin əsiri olan bir insan da ölümsüzlüyü arzulayar və dünyada əbədi qalmaq istəyər. Ölümü təfəkkür etməkdən xoşu gəlməz. Axirəti yada salan hər şeydən narahat olar. Bu hərəkəti ilə, bir növ, ölümdən və axirətdən qaçmaq istəyər. Sanki ondan qaçaraq axirətsiz dünya həyatı yaşaya biləcəyini zənn edər.

Bu qəflət çaşqınlarının nəzərində sanki ölüm hər zaman başqalarının başına gələn qədərdir. Ömrü boyu saysız-hesabsız cənazə mənzərələrinə şahid olsa da, əsla özünü onların yerinə qoymaz. Tabuta və ya qəbrə girmək növbəsinin bir gün özünə gələcəyini heç fikirləşmək istəməz. Ölüm qarşısında daima saxta qurtuluş hissi keçirər. Yəni ölümün hikmət və ibrət dərslərini oxuya bilməz. Bu isə qəlbin qafil və ya ölü olduğunun əlamətidir.

Cahiliyyə dövründə müşriklər Rəsulullah r -ə əgər axirət xəbəri verməkdən vaz keçər, haramları ləğv edər və bütlərə toxunmazsa, Onu qəbul edəcəklərini və tabe olacaqlarını demişdilər. Bu gün də axirət xəbərindən narahat olan, ölümü yada salmayan, ibadətsiz, məsuliyyətsiz və nizam-intizamsız həyat arzulayanların halı eynilə cahiliyyə dövrünü xatırladır.

Məsələn, dini həyatdan uzaq təbəqənin də yaşadığı bir məhəllədə məscid inşa edildiyi zaman həmin məscidə yaxın binalar rəğbət görmədiyi üçün oradakı mənzil qiymətləri aşağı düşür. Çünki məsciddəki müsəlla daşı və qılınan cənazə namazları axirət qayğısından uzaq, məsuliyyətsiz həyat sürənlərə ölümü xatırladaraq keflərinə soğan doğrayır.

Zincirliquyu Məzarlığının qapısına:

Hər canlı ölümü dadacaq…” (əl-Ənkəbut, 57) ayəsi yazılanda xeyli sakin “bu cümlə bizə bədbinlik gətirir, buradan götürün”, – deyə şikayət etmişdi.

Bu gün imansızlıqdan bəslənən materialist, kapitalist, liberal sistemlərin bütün reklam, moda və mediaları da insana sanki axirətsiz bir dünyada istədiyi kimi yaşamağı təlqin edir. Bu bataqlığa düşməksə hər an dünyadan uzaqlaşıb axirətə bir az da yaxınlaşmaqda olan insan oğlu üçün ən böyük ziyan səbəbidir. Çünki axirətin olmadığını söyləməklə ondan qurtulacağını zənn etmək yalnız axmaqların işidir. Hələ indiyə qədər ölümdən, axirətdən və Allahdan qaçanların qurtulduğuna dair hər hansı bir xəbər eşidilməmişdir. Əksinə, Allah-Təala insanın qiyamət günündəki dəhşət və çaşqınlığını belə xəbər verir:

يَقُولُ الْاِنْسَانُ يَوْمَئِذٍ اَيْنَ الْمَفَرُّ

Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir”. (əl-Qiyamə, 10)

İnsanın qaçaraq qurtuluşa çıxacağı yeganə sığınacaq da digər ayeyi-kərimədə belə bəyan edilir:

فَفِرُّوا اِلَى اللّٰهِ

Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!)…” (əz-Zariyat, 50)

 

Mövlana həzrətləri buyurur:

Haqqı tanıyan iki gözə sahib olsan, hər iki dünyanı Dostla dolu görərsən.

Dostumuzla birlikdə oturmuşuq, amma yenə də Dosta: “Ey Dost, Dost haradadır?” – deyə sual edirik. Dostun diyarında (yəni Allah-Təalanın mülkündə) olduğumuz halda ağlımızı itirdiyimiz üçün “Dost haradadır, Dost haradadır?” – deyib dururuq”.

Qəflət pərdəsini bir kənara atan könüllər üçün hər şey Allah-Təaladan xəbər verir. Haqqı tanıyan arif insanların nəzərində hər varlıq ilahi qüdrətin bir təcəllisidir. Kainatda elə bir zərrə yoxdur ki, insana Rəbbini tanıtmasın.

Bütün kainatda dəqiq bir ahənglə işləyən ilahi nizam Allah-Təalanın qüdrətinin açıq bir nişanəsi olduğunu, kainatın yaradılmasının təsadüflə izah edilə bilməyəcəyini, heç nəyin boş və əbəs yerə yaradılmadığını görən gözlər üçün açıq-aydın sərgiləməkdə, eşidən qulaqlara hal dili ilə hayqırmaqdadır.

Bəşər idrak və zövqünün fövqündə, bir gəlin otağı kimi bəzədilmiş bu kainat – bitkiləri, heyvanları, insanları, cəmadatı ilə – ən kiçik hüceyrələrinə, zərrələrinə, hətta atomun tərkibindəki elektron və proton kimi sirli ünsürlərinə qədər ilahi qüdrət və əzəmət təcəllilərinin vitrini mövqeyindədir.

Nəticə etibarı ilə həqiqi ağıl sahibi olan ariflərin nəzərində Allah-Təalanın varlığını və birliyini inkar etmək imkansızdır. Ona görə də:

“Allah-Təala (hər zaman və məkandakı təcəlliləri ilə) o qədər zahirdir ki, zühurunun şiddətindən qaibdir”, – deyiblər.

Yəni mərifət əhlinə görə bizim bəşəri taqətimiz Allah-Təalanın zühurunun şiddətini idrak edəcək səviyyədə olmadığı üçün Haqq-Təala qaibdir.

Məsələn, bir otaqda beş min voltluq bir işıq yansa, insan gözünün qabiliyyət və istedadı bu işıq şüaları altında heç nəyi görmək gücünə malik deyil.

Elə isə mahiyyətcə milyonlarla voltluq işıqdan da üstün bir nura sahib olan Haqq-Təala, əlbəttə ki, bəşər idrakı nöqteyi-nəzərindən qaibdir.

Gündüz işığında bir bahar mənzərəsi seyr edən insan baharın yaşıllığını və al-əlvan rəng çalarlarını görər, amma onları görməsinə səbəb olan işığı fərq etməz. Halbuki gördüyü bütün rəngləri işıq sayəsində görmüşdür. O halda işıq əslində aşkar olmasının şiddəti səbəbi ilə insan idrakından gizli qalmış sayılır.

Başqa bir misalla izah etməli olsaq, hava ilə yaşayır, bizi tamamilə əhatə etdiyi halda onu görmürük. Sadəcə nəfəs alaraq hiss edə bilirik. Bunun üçün də onu görə bilmədiyimiz halda inkar etmək bir yana: “hava olmasa yaşaya bilmərik, bütün canlıların həyatı havaya bağlıdır”, – deyirik.

Elə isə “mutəal”, yəni xəyal və idrakın fövqündəki varlıq Allah-Təala həm ən gizli, həm də ən aşkardır. Daha doğrusu Zat olaraq gizli, təcəlli olaraq aşkardır.

Haqq-Təalanın biz bəndələrinin önünə qeyb pərdəsi çəkməsi imtahan hikmətinə görədir. Qeyb pərdəsi olmasa, iman etmək seçim olmazdı, məcburiyyət halına gələrdi. Beləliklə də, iman gətirməyin insana heç bir faydası olmazdı. Necə ki, bu pərdənin qalxacağı axirətdə heç kim Allahı inkar edə bilməyəcək, lakin bu qəbulun artıq heç bir qiyməti qalmayacaq.

Qurani-Kərimdə möminlər haqqında da belə buyurulur:

Onlar qeybə iman edərlər…” (əl-Bəqərə, 3)

Bu həqiqətləri layiqincə idrak edən arif qullar üçün bu kainatdakı hər varlıq Allah-Təalanın sonsuz qüdrət və əzəmətinin bir təcəllisidir.

Bunun müqabilində qəlb gözlərinə qəflət pərdəsi enənlər isə bütün ilahi qüdrət, əzəmət, hikmət və ibrət təzahürlərini adi bir təbiət hadisəsi və ya təsadüfi hadisələr kimi görürlər. Şairin dediyi kimi:

Ol mahilər ki, dərya içrədir, dəryanı bilməzlər…”

Yəni kimin mülkündə olduqlarından xəbərsiz halda özlərini heç bir məsuliyyəti olmayan, başıboş və “azad” varlıq zənn edərlər.

Nəfs və şeytanın qulaqlarına pıçıldadığı saxta “hürriyyət” yalanına inanaraq əslində həva və həvəs bütünün quluna çevrilərlər. Yəni səfalətlərini səadət zənn etmə axmaqlığına düçar olarlar. Necip Fazılın ifadəsi ilə: “göy üzündən xəbərsiz çərpələng uçurtma”ğa çalışarlar. Saysız-hesabsız lütf və nemətlər içində yaşadıqları halda ilahi nizama üsyan etmə cürət və cəhaləti içində qafilcəsinə ömür sürərlər.

Yaradılan məxluqların ən kamili olan insanın içində üzdüyü dəryadan xəbərsiz yaşayan balıqlar kimi kainatı qaş-qabaqla seyr etməsi necə də dəhşətli bir qəflətdir!..

Cüneyd Bağdadi həzrətləri buyurur:

Bəzilərinin görməsindənsə görməməsi yaxşıdır. Çünki onlar gördüklərindən ibrət götürməzlər”.

Kainatda sərgilənən ilahi qüdrət və əzəmət təcəllilərindən ibrət almayan, əsərdən müəssirə, sənətdən sənətkara gedən yolu tapmayanların qəlb gözü kordur. Ayeyi-kərimədə belə buyurulur:

Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar”. (əl-Həcc, 46)

İnsanı “əşrəfi-məxluqat”, yəni məxluqatın ən şərəflisi qılan xüsus da göylərin və yerin yaradılışına ibrət və hikmət nəzəri ilə baxmaq; Quran, kainat və insanda sərgilənən ilahi sənət xariqələrinin təfəkküründə dərinləşərək, mərifətullahdan pay götürə bilməkdir.

Allah-Təala hər birimizi kainatda sərgilədiyi ilahi sirr və hikmətləri könül gözü ilə tamaşa edən arif və saleh qullarından eyləsin.

Amin!..

 

1 Mustafa Eriş, Mahmud Sami Efendi’den Hatıralar, I, 20-21

2 Haraqani, Nuru’l-Ulum, s. 239.

3 Həmçinin bax. əl-Bəqərə, 94-95.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏLİB YÜRÜŞLƏRİNİN HƏDƏFİ

Tarixi mənbələr təsdiqləyir ki, Qüds şəhəri eramızdan əvvəl II min illikdə yevus (və ya yebus) xalqı tərəfindən salınıb.

Bağla