İBN CƏZZAR KİMDİR?

0

IX-X əsrlərdə İslam dünyasında, demək olar ki, hər sahədə böyük inkişaf və tərəqqi get-gedə sürətlənir, böyük kəşflər və fütuhatlar baş verirdi.

Həzrət Peyğəmbərin həyat ölçüsü insani keyfiyyətlərin ən ali nöqtəsindən çıxış edirdi. Mədəniyyətə, elmə, irfana və insana olan ilahi baxış düsturunun nəticəsi gün keçdikcə öz bəhrəsini verməyə başlayırdı. İslam dünyası hər sahədə olduğu kimi, tibb sahəsində də inkişaf etməyə və dövrünün bütün tələblərinə cavab verməyə davam edirdi. Çünki Allah rəsulunun sünnəsindəki sağlam düşüncə həm sağlam həyat tərzi, həm də bəndənin insan kimi yaşamasına imkan verirdi.

İslamda bu cür inkişafın olduğu dövrlərdə digər mədəniyyətlərdə təhlükəli yoluxucu xəstəliklər baş alıb gedirdi. X əsrdə Tunisin Qayravan şəhərində həkim ailəsində dünyaya gələn İbn Cəzzar adlı bir İslam alimi və səyyahı bu dövrdə çarəsiz xəstəliklərə dərman tapan təbiblərdən olmuşdur. Həyatı haqqında ətraflı məlumata sahib olmasaq da, Tunisdə dünyaya gəldiyi və ilk dəfə cüzam xəstəliyinin müalicəsini tapdığı bilinir. İbn Cəzzar səyahət etməyi, kitab toplamağı sevən və həmçinin özü də əsər yazan bir alim idi. Rəvayətə görə, İbn Cəzzarın perqamentə[1] yazdığı kitablarının çəkisi 10 tondan çox idi. Buxara sultanı onu sarayına dəvət edir. Ancaq İbn Cəzzar bu dəvəti qəbul etmir. Çünki perqamentə yazılan əsərləri və digər əşyaları 400 dəvə yükü edirdi. Bu yük 600 sandığa bərabər idi. Kitab yüklü sandıqları ancaq bir neçə nəfər daşıya bilərdi. Bu da onu göstərir ki, İslam alimləri oxumağa və öyrənməyə nə qədər çox əhəmiyyət veriblər. İbn Cəzzar tədqiqat və təcrübələrinin nəticəsində tibb aləmində çox böyük bir cığır açır. “Tibbəl-füqəra vəl-məsakin ” adlı əsərində səyahət etdiyi bölgələrdə tez-tez  cüzam xəstəliyinə tutulan insanlar gördüyünü yazır. Əsərdə bu xəstəliyin əvvəlcədən müəyyən edilməsi və müalicəsi haqqında çox qiymətli məlumatlar öz əksini tapmışdır.   

İbn Cəzzar özünəməxsus müalicə üsulunu xəstələrinə tətbiq edir. Cüzam xəstəliyinə tutulanları digər xəstələrdən ayırıb fərqli məkanlarda müalicə edir. Beləliklə, bu xəstəliyin digər insanlara keçməsinin qarşısını alır. Eyni dövrdə Avropa ölkələrində isə cüzam xəstələri kimsəsiz adalara tərk edilirdilər. Onlar orada aclıq, susuzluq çəkir, bədənləri çürüyür və beləcə, ölüb gedirdilər. Fransada cüzamlı xəstələr Allahın lənətinə gəlmiş hesab edilir, kilsəyə üzv seçilmir, əgər əvvəlcədən üzv olubdursa, onu üzvlükdən çıxarırdılar. Keşişlər cüzamlı xəstələrə son arzusunun olub-olmadığını soruşur, sonra cənazə alayı xəstəni bir çuxura qoyurdu. Keşiş çuxurdakı xəstənin üzərinə torpaq səpir və daha sonra onu kimsənin olmadığı bir adada ölümə tərk edirdilər. Bu cür xəstələrin Avropada ölümə tərk edildiyi bir dövrdə İslam alim və təbibləri cüzam kimi ən təhlükəli xəstəliyin üzərində tədqiqat aparmış və müalicəsinə nail olmuşdular. Onlar insanları belə bir bəladan xilas etməyin savab olduğunu bilir, bu məqsədlə bütün insanlığa xidmət edirdilər.

İbn Cəzzar Tunis limanından hərəkət edən gəmi ilə İtaliya, Fransa, Roma və İspaniyaya səyahət edir. Daha sonra həcc ziyarətinə gedir. Bütün səyahət etdiyi yerlərdə qarşılaşdığı xəstəlikləri analiz edir və onun müalicəsinin necə olacağını əsərində qeyd edir. İbn Cəzzarın yazdığı “Zadul-müsafir və küffül-hadir” əsəri dünyada məşhur tibbi əsərlər arasında yerini alır. Çox keçmədən Latın, Yunan və İbrani dillərinə tərcümə edilir.

Bu işdə onu qısqanan və əməyini oğurlayanlar da yox deyildi. Məsələn, Konstantin (1016-1087) adlı bir tərcüməçi İbn Cəzzarın “Fağırlar üçün səyahət” adlı əsərinə Viaticum adını verdi və bu əsəri özünün yazdığını iddia etdi. Beləliklə, İbn Cəzzarın ən məşhur əsərini oğurlamış oldu. Viaticum əsərinin oğurluq olduğunu siciliyalı tərcüməçi Demetrius üzə çıxarmışdır.  

Məşhur müsəlman tibb alimi Qasım əl-Zəhravi öz əsərində İbn Cəzzar haqqında ehtiram və sayğı ilə bəhs edərək onu tərif edib. İbn Cəzzar Qayravanda vəfat etmişdir. Qırxa yaxın əsər yazdığı bilinir. Burada əsərlərinin bir hissəsini təqdim edirik.

Əsərləri:

1. Tibbəl-füqəra vəl-məsakin.

2. Zadul-müsafir və küffül-hadir.

3. Kitabəl-əbdal.

4. Əl-etimad fil-ədviyyat əl-müfrəda.

5. Əl-Büğyə fil-ədviyyat əl-mürəkkəbə.

6. Kitab ət-tərif bi səhih ət-tarix.

7. Qutəl-muqim (20 cildlik tibb elmləri ensiklopediyası).

8. Risalətün fin-nəfs.

9. Kitabun fil-mədəti və əmvazihi (mədə xəstəlikləri).

10. Kitabəl-cüzam və əsbabuhu.

ZAUR ORUCOV


[1] Üzərində yazı yazmaq üçün xüsusi olaraq aşılanmış heyvan dərisi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÖZƏL İNSAN MODELİ NECƏ OLMALIDIR?

İslam dininin ən böyük hədəflərindən biri, hətta ən əhəmiyyətlisi insan inşasıdır. İslam gözəl insan yetişdirmək məktəbidir. İman gətirənlər hər gün...

Bağla