İKİ SƏFƏR ARASINDA

0

İlk səfər ilk insanla başladı. Həzrət Adəmin cənnətdən dünyaya yolçuluğu ilə… Cənnətdən çıxardılan Adəm babamızın bu məcburi səfəri insana kim olduğunu öyrətdi. Ona zəif tərəflərini, gücünün hüdudlarını, edə biləcəklərini, etməli olduqlarını göstərdi. Xətalarını göstərərək tövbə etməyi öyrətdi, olum-qalım savaşı verərkən təkbaşına hərəkət etməyin təhlükələrini göstərərək, sevdiyi Həvvasını tapmağı təlqin etdi. Növbəti səfər üçün lazımi tədarükün məhz bu səfərdə görülməli olduğunu bildirdi. Çünki insanın əsas və əbədi yurda yenidən qovuşa bilməsi bu dünyada yenidən yoğrularaq bişməsinə bağlıdır.

Bəli, səfər insanı yetişdirir. Şüurlu şəkildə çıxılan hər bir səfər onu kamilləşdirir. Çünki hər bir səfər yeni insanlarla, yeni dünyalarla tanışlıq deməkdir. Səfər insanın dünya görüşünü zənginləşdirərək onun mədəni səviyyəsini daha da təkmilləşdirir, şəxsiyyət və xarakterini formalaşdırır. Məhz buna görə də Allah-Təala Qurani-Kərimdə bizə dəfələrlə yer üzündə gəzib dolaşmağı, gördüklərimizdən ibrət götürməyi əmr edir. Bu ayələrdən ikisi belədir:

“Yer üzünü gəzib (Allahın) məxluqatı nə cür yaratdığına baxın…” (əl-Ənkəbut, 20)

“Yer üzünü gəzib-dolaşın və (sizdən) əvvəlkilərin axırının necə olduğuna baxın”. (ər-Rum, 42)

İnsanın yer üzünü gəzməsi, ətrafında baş verənləri müşahidə etməsi hər şeydən əvvəl onun təfəkkür üfüqünü açaraq məxluqatın sirrinə daha da yaxınlaşdırar. Məhz bu şüurla gəzib dolaşanlar Uca Yaradanın məxluqatı üzərində təfəkkür edərək Onun böyüklüyünü dərk etməklə yanaşı, coğrafi məkanların və bioloji varlıqların xüsusiyyətindən xəbərdar olarlar. Digər tərəfdən, keçmiş qövmlərin yaşadığı məskənləri, eləcə də müasir şəhər və ölkələri gəzərək zəngin dünya görüşünə sahib olarlar. Quranın “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir”[1] ayəsində buyurulan müxtəlifliyi kəşf etməyin ən gözəl yolu da fərqli dildə danışan, fərqli mədəniyyətə sahib xalqların yaşadığı məkanları ziyarət etməkdən keçir. Quranın “yer üzünü gəzin” tövsiyəsinə qulaq verən müsəlmanlar tarixən böyük səyyahlar yetişdirmiş, bununla da qalmayaraq bir çox coğrafi kəşflərə öndərlik etmişlər. Bu qəbildən İbn Bətutəni, Övliya Çələbini, İdrisini, Məsudini, Yaqubini və bir çoxlarını ehtiramla yad etmək, onların tarix və coğrafiya elminə verdikləri töhfələrdən minnətlə bəhs etmək böyük bir vəfa borcudur.

Səfər etmək xarici dünyaları kəşf etməklə yanaşı, eyni zamanda insanın içində gizli olan əsl kimliyini ortaya qoyması baxımından, eləcə də insanlıq cövhərini tapması baxımından mühüm rola malikdir. Belə ki, hər şeydən əvvəl səfər edənlər yolçuluq əsnasında üzləşdikləri çətinliklər qarşısında maddi və mənəvi olaraq özlərini tanımaq fürsəti əldə etmiş olurlar. Bir insan nə qədər səbirli olduğunu, şükür duyğularının hansı səviyyədə olduğunu, Allaha təvəkkülünün ölçüsünü, digər insanlarla, fərqli düşüncə sahibləri ilə münasibətində nə cür biri olduğunu öyrənmək istəyirsə səfər etməlidir. Amma unutmayaq ki, səfər sadəcə bizi özümüzə deyil, eyni zamanda başqalarına da tanıdır. Həzrət Ömərin bir insanı tanımaq üçün məşhur üç prinsipi var. Yanında bir nəfəri təriflədikdə “onunla qonşu oldunuzmu?”, “onunla alver etdinizmi?”, “birlikdə səfərdə oldunuzmu?”, – deyə sual edərdi. Deməli, yol yoldaşı olmadığımız biri haqda tələskən davranıb yaxşı və ya pis damğası vurmamalıyıq eyni zamanda.  Bu gün yaşadığımız çağda səyahət etmək hər nə qədər əvvəlki kimi çətin olmasa da və biz istənilən səfəri bir neçə saata başa vursaq da, yenə də Hz. Ömərin bu fikri öz aktuallığını qoruyub saxlayır. Hər bir səfər istənilən insan haqda ümumi təəssürat yaratması baxımından əhəmiyyətlidir. Məsələn, təyyarədə, qatarda və ya avtobusda yanınızda oturan birinin nə yediyindən, nə içdiyindən, yemə tərzindən az-çox kim olduğunu, inanc və fikir mənsubiyyəti baxımından haraya aid olduğunu təxmin etmək mümkündür. İzlədiyi filmdən maraq dairəsinin nə olduğunu, romantik, yoxsa fantastik biri olduğunu kəşf etmək o qədər də çətin deyil. Yanınızda oturanın dinləmiş olduğu musiqi tərzi eyni zamanda onun haləti-ruhiyyəsindən, hansı insan tipinə aid olduğundan xəbər verir. Təbii ki, bu prosesdə sizi də ətrafınızdakılar tanımış olur. Bu yönü ilə səfər eyni zamanda insana özünü nəzarətdə saxlamağı, yəni nəfsini cilovlamağı da öyrədir. Burada qeyd etmək yerinə düşər ki, İslam təsəvvüfündə insanın mənəvi inkişaf prosesinin “seyri-süluk”, yəni qət edilən yol adlandırılması da təsadüfi deyil.

Səfər edənlər eyni zamanda Allahın Qurani-Kərimdə: “Onlara kainatda və nəfslərində öz nişanələrimizi göstərəcəyik”[2], – deyərək ifadə etdiyi gerçəkləri görməyə ən yaxın insanlardır. İnsan nə qədər çox gəzərsə, bir o qədər çox şey görər və Allahın nişanələrindən xəbərdar olar. Ətrafdakı varlıqları dərk edərək səyahət edənlərin öz daxili aləmlərinə enərək təfəkkür dəryasına dalması üçün kiçik bir həmlə kifayətdir.

Bir də son səfər var: dünyadan axirətə…

Bu günə qədər dünyaya gələn hər kəsin çıxdığı və bütün insanların bir gün mütləq surətdə çıxmalı olduğu o son səfər….

Yığdıqlarımızı, sahib olduqlarımızı, daha doğrusu, sahib olduğumuzu zənn etdiklərimizi tərk edib, sevdiklərimizi və bizi sevənləri gözü yaşlı arxada qoyub çıxacağımız o son səfər…

Şairin: “Artıq dəmir almaq günü gəlmişsə zamandan / Məchulə gedən bir gəmi qalxar bu limandan”, – deyə tərif etdiyi axirət yolçuluğu…

Bəli, insan ömrü bu iki səfərdən ibarətdir: dünyaya gəliş və dünyadan gediş. İnsan hara gedirsə getsin, istər bütün dünyanı dolaşsın, əslində ömür iki səfərdən ibarətdir. Ana bətnindən dünyaya, dünyadan uqbaya. Eynilə Yunusun dediyi kimi: “Ana rəhmindən gəldik dünyaya, bir kəfən aldıq döndük məzara”. Kəfən almaq üçün gəldiyimiz səfərin başında bizə uzun görünən, lakin sonunda nə qədər də tez tamamlandığını fərq etdiyimiz qısa ömür bu iki səfər arasında sıxışdırılmış kiçik bir zaman dilimindən ibarətdir. Ömür səfərində Hz. İbrahim kimi “Rəbbimə gedirəm” deyə bilənlər və həyatı bu şüurla yaşayanlar necə də xoşbəxtdirlər.

 


[1] ər-Rum, 22

[2] əl-Fussilət, 53

/Nurlan MƏMMƏDZADƏ – İRFAN dərgisi/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADAN PİYADA YOLA DÜŞDÜLƏR: İSTİQAMƏT İSTANBUL, QÜDS VƏ MƏKKƏ

Səmavi dinlərin mənsubu olan fransalı 3 gənc, dinləri tərəfindən müqəddəs qəbul edilən şəhərlərə doğru piyada səyahət edirlər. 2019-cu il sentyabrın...

Bağla