İNSAN VƏ XƏLİFƏLİK

0

Kainat və içərisində yer alan hər şey Allahın sənət əsəridir. Gördüyümüz hər şey, əslində, Allahın yoxdan var edici olduğunu təsdiq edən ən bariz dəlillərdən biridir. Allah, kainatla birlikdə onun bir üzvü olan insanı da yoxdan xəlq etmişdir. Məhz bunları düşündükdə belə bir sualla qarşılaşırıq: Allah kainatı və insanı yoxdan yaradıbsa, bəs insan bu yaradılışın harasında dayanır?

Mövzunu araşdırdıqda İslamın bu məsələdə nə qədər fərqli bir mövqe nümayiş etdirdiyini görürük. Belə ki, bəzi din və inanc sistemləri insanı yazıq, həqir kimi təqdim edərək qurtuluşu tamamilə yox olub tanrıya qovuşmaqda görür. Yəni, bu din və inanc sistemlərinə görə insanın heç bir dəyəri yoxdur. İnsan, ancaq tanrıya qovuşmaqla əsl qurtuluşa çatacaqdır. Bu hal Hind dini-fəlsəfi sistemi üçün keçərlidir. Eyni şəkildə bəzi dini-fəlsəfi sistemlər bu istiqamətdə ifrata vararaq qurtuluşu insanın öz-özünə işkəncə verməsində və dünya nemətlərindən üz çevirərək ac qalmasında görür. Bütün bunlar nəfsi öldürərək yüksəlmənin yolu olaraq təqdim olunur.

Bir digər din və inanc sistemləri yuxarıda qeyd etdiyimiz düşüncənin əksinə insanı ilahlaşdırırlar. Bu düşüncəyə görə insan-yaradıcı konsepsiyası hər şeyi dərk etmədə daha məntiqli yoldur. Qeyd etdiyimiz bu fikirləri dəstəkləyən dinlərə misal olaraq Xristianlığı göstərə bilərik.

Hər iki düşüncə tərzini mənimsəyən din və fəlsəfi sistemləri təhlil edərək mövzuya başqa bir istiqamətdən baxa bilərik. Bu, son ilahi din olan İslamın təqdim etdiyi metoddur. İslam yuxarıda bəhs etdiyimiz cərəyyanlardan fərqli olaraq məsələyə mötədil yöndən yaxınlaşaraq insanın kainatdakı mövqeyinə Allah-insan konsepsiyası daxilində baxır. İslama görə Allah tək olan yaradandır. İnsan isə Allahın bu dünyada seçdiyi xəlifəsidir. İnsan heç də həqir, naəlac və ya ilahi qüvvəyə sahib olan varlıq deyildir. O, sadəcə Allaha qulluq etmək üçün yaradılmış varlıqdır. Allah kainatda yaratdığı hər şeyi onun istifadəsinə təqdim etmişdir. Buradan hərəkətlə deyə bilərik ki, insan kainatın ağasıdır. Lakin bu ağalıq mütləq mənada deyildir. Allahın insana təqdim etdiyi xəlifəlikdən qaynaqlanan ağalıqdır. Habelə, bu, Allahla insan arasında bağlanan müqavilənin təzahürüdür. Hər bağlanan müqavilədə olduğu kimi, insanın Allah qarşısında öhdəlikləri vardır. Üstün və tək yaradıcı Allah olduğuna görə xəlifə mövqeyində çıxış edən insan ona tabe olmalıdır. Yerinə yetirməsi vacib olan öhdəlik və vəzifələr nəticəsində insan Allahın iradəsi daxilində xəlifə mövqeyində çıxış edir. Allahla insan arasında səmimi əlaqələrə söykənən əhdə vəfa və vəzifələrin layiqincə yerinə yetirilməsi onun Rəbbi nəzdində yüksəlməsinə qapı aralayır. Məhz buna görə İslamın tədqim etdiyi Allah-insan konsepsiyası mötədil və qarşılıqlı əlaqələr daxilində fəaliyyət göstərir. Bu barədə Allah müqəddəs kitabımız Qurani-Kərimdə belə buyurur, “(Ya Məhəmməd!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam, -dedikdə, mələklər: “Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. Allah (onlara): “Mən bildiyim şeyi siz bilmirsiniz!”- buyurdu (Bəqərə, 2/30). Eyni şəkildə Qurani-Kərimdə Allahın insana yer üzərində bir əmanət verdiyi buyurulur (Əhzab, 33/72). Allahın insanı xəlif olaraq yaratması, ona yer üzərində bir əmanət verməsi, bütün nemətləri onun istifadəsinə təqdim etməsi (Hədid, 57/7) ilə birlikdə yaradılanlar sırasında yerini alan insan, buna müqabil Allaha qarşı ibadət və qulluq vəzifəsini də tərk etməməlidir (Zariyat, 51/56).

Deməli, Allahla insan arasında olan münasibətlər qarşılıqlı vəzifə və öhdəliklər üzərinə inşa edilmişdir. Həmçinin, insan Allahın yer üzərindəki xəlifəsidir. Allah hər şeyi onun istifadəsinə təqdim etməklə insanın özünü yaradıcı mövqeyindən çıxış etməsinin qarşısını almışdır. Çünki yaradılmış xüsusiyəti daşıyan heç bir şey əsla yaradıcı ola bilməz. Xəlifə mövqeyindən çıxış edən insan Allahın ona verdiyi əmanətə sahib çıxmalı, təbiətin dostu olmalı, yaşadığı cəmiyyəti, dünyanı və kainatı gözəlləşdirməli, abad və xoş bir məkan etməlidir. Bununla birlikdə əsla Allaha ibadət etmək vəzifəsini tərk etməməlidir. Əgər bunlar olarsa insan xəlifəlik missiyasını layiqli ilə yerinə yetirmiş olacaqdır.

Gördüyümüz kimi İslamın məsələyə baxış tərzi digər din və dini-fəlsəfi cərəyyanların baxış bucağından fərqlidir. İslam məsələyə mötədil mövqedən yanaşaraq, insanın həqir görülməsini və ya ilahlaşdırılmasını qəbul etmir. Əksinə, insan Allahın yer üzərində yaratdığı xəlifəsidir və yaradılmış hər şey onun istifadəsinə verilmişdir. Bu yüksək mövqe və status qarşısında insan da Allaha verdiyi əhdə sadiq qalmalı və ibadət etməkdən uzaqlaşmamalıdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA HƏRBİ ƏMƏKDAŞLIQ İNKİŞAF EDƏCƏK”

“Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sahələri, sektorları əhatə edir və çox dərindir. Hərbi əməkdaşlıq da bunlardan biridir. Bu çərçivədə...

Bağla