İSLAM MƏDƏNİYYƏTİNİN İNCİLƏRİNDƏN ƏLHƏMRA SARAYI

0

Əndəlüs memarlığı və incəsənəti qədər İslam dünyası üçün də qürur qaynağı olan Əlhəmra sarayı (qəsrul-həmra) Nəsrilər (bəni Əhmər) dövlətinin bir zamanlar paytaxtı olan Qıranata şəhərində inşa edilmişdir. Sarayın inşasında qırmızı sement və bişmiş kərpicdən istifadə edildiyi üçün “qırmızı” mənasına gələn “həmra” adı verilmişdir. Tarixin fərqli dövrlərində yadelli işğalına məruz qalmasına baxmayaraq hələ də öz görkəmini qoruyub saxlayır.

Nəsrilər dövləti qurulduqdan sonra dövlətin idarə olunması üçün paytaxt Qıranatada yeni bir saray inşa edilməyə başladı. Dövlətin məşhur sultanlarından olan Qalib Billah I Məhəmməd, Kordova Əməvi xəlifəsi III Əbdürrəhmanın inşa etdirdiyi “Mədinətüzzəhra”ya bənzəyən sarayın inşa edilməsini əmr etdi. Beləliklə, qısa müddət ərzində Əlhəmra sarayının böyük bir hissəsi inşa edilərək tamamlandı. I Məhəmməddən sonra gələn hökmdarlar Əlhəmra sarayının fərqli hissələrinə əlavələr edərək sarayı daha da genişlətdilər. Bu əlavələr 150 il müddətində davam etmiş və qalanın inşası XV əsrin əvvəllərində tamamlanmışdır.

1492-ci ildə Nəsrilər dövləti süqut etdikdən sonra İspaniyada müsəlmanların hakimiyyəti sona çatdı. İspan Kralı Ferdinand d’Araqon Qıranata dövlətini məğlub etdi və Əlhəmra sarayında ordusu qarşısında çıxış edərək “rekonkista” (reconquista) hərəkatının bitdiyini bəyan etdi. Beləliklə, Əlhamra sarayına bəzi əlavələr edilərək katedrala çevrildi.

Saray, memarlıq baxımından çox böyük önəm kəsb edir. Əlhəmra sarayı üzü Darro çayına baxan tərəfdə 736 metr uzunluunda, 200 metr eninde olan yüksək bir təpənin üzərində yerləşir. Əndəlüsün özünəməxsus memarlıq xüsusiyyətləri ilə Əməvi və Mülukut-təvaif dövrlərinin mədəniyyət cizgilərini özündə birləşdirən saray, öz dövrünə görə yeni bir memarlıq məktəbini təmsil edir.

Əlhəmra sarayının ətrafı yüksək qala divarları ilə əhatələnmişdir. Saray üç hissədən ibarətdir: İlk hissə, sultanların ev və hərəmlərinin yerləşdiyi ən yüksək hissədir. İkinci hissə, sarayın qərbində yerləşən “əl-qəsəbə” adlanan və hərbi poliqonların yerləşdiyi bölmədir. Üçüncü hissə isə, Əlhəmra sarayının şərqində yerləşən və dövlət əyanlarının, zənginlərinin və tacirlərinin yaşadıqları məhəllələrdir.

Qala daxilində yerləşən “hovuzlu eyvan”“Aslanlı eyvan” adlanan hissələr sarayın ən məşhur hissələrindəndir. Ələlxüsus, “əkiz qızlar” qapısının “aslanlı eyvan”a baxan hissəsi Əndəlüsün özünəməxsus memarlıq xüsusiyyətlərini özündə cəmləmişdir. Həmçinin sarayın müxtəlif bölgələrinə və divarlarına Qurani-Kərimdən ayələr və Həzrət Peyğəmbərdən (s) hədislər həkk edilmişdir. Bundan başqa Sultanların elçiləri qəbul etdiyi otağın divarlarına Nizami Gəncəvinin, Firdovsinin və Kəb ibn Übeyin şeirlərindən parçalar yazılmışdır. Bu da Əndəlüs memarlığının digər mədəni miraslardan da faydalandığını bir daha təsdiq edir.

Əlhəmra sarayı bir çox müharibə və mühasirələrə məruz qalsa da bu günə qədər öz ehtişamını qoruyub saxlamışdır. Eyni zamanda, Əlhamra sarayı, İslam mədəniyyətinin Avropa üzərində nə qədər ciddi təsirlərinin olduğunu bir daha sübut edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ ZƏNGƏZUR DƏHLİZİNİN TƏMƏLİNİ QOYUBLAR

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib...

Bağla