İSLAM TƏBLİĞ METODUNUN ƏSAS PREDMETLƏRİ

0

İslam dinini digər din və fəlsəfi sistemlərdən ayıran bir çox xüsusiyyəti vardır. Bu xüsusiyyətləri hər bir dinin müqəddəs kitabında görə bilərik. Məsələn: Tövrata nəzər yetirdikdə ən xırda detayın belə yer aldığını görə bilərik. Xristianlığın müqəddəs kitabı olan İncillərdə isə bunun əksi keçərlidir. Belə ki, dörd İncilin hər biri bizə sanki Həzrət İsanın həyat hekayəsini xatırladır. Lakin Qurani-Kərim bu iki üslub və xüsusiyyətlərdən uzaqdır. Qurani-Kərim İncillərin əksinə əsla Həzrət Muhəmmədin (s.) həyatını danışmaz. Ya da Tövratda olduğu kimi bütün mövzuları detaylı şəkildə nəql etmir. İslamın müqəddəs kitabının əsl qayəsi insanları hidayətə dəvət etməkdir. Məhz bu prizmadan məsələyə baxdıqda, dinlərin əsas predmetləri haqqında fikir sahibi ola bilirik.

            İslam son haqq dindir. Buna görə o, özündən əvvəlki dinlərdən fərqlənir. Bu baxımdan İslamın təbliğ metodu digər dinlərin təbliğ metodlarından fərqlənir. İslam təbliğ metodunun əsas predmetlərini aşağıdakı kimi sıralaya bilərik:

  1. Mötədillik: İslamın özünəməxsus ən önəmli xüsusiyyətlərinin başında “mötədillik” gəlir. Mötədilliyi “Orta yol prinsipi” olaraq adlandıra bilərik. Allah Təala əl-Bəqərə surəsinin 256-cı ayəsində “Dində məcburiyyət yoxdur!” (əl-Bəqərə 2/256) buyurur. Bu ayəni həm Həzrət Peyğəmbərimiz (s.), həm də səhabələr özləri üçün şüar halına gətirmişdilər. İslamın mötədillik prinsipinə əsaslanması fərqli din mənsublarının rahat və könül xoşluğu ilə İslam dininə daxil olmasına şərait yaratmışdır. Mötədillik anlayışı yəhudilik və xristianlıq başda olmaqla monoteist, Buddizm, Lamaizm, Sintoizm, Hinduizm kimi politeist dinlərdə yoxdur. Bu dinlərin ağır şərtləri mötədillik prinsipinin önündə keçilməz sədd kimi durur. İslam isə bu səddi qaldıraraq insanların könüllərinə toxunmuşdur. Məhz buna görə İslam təbliğ metodunun əsas predmetlərinin başına mötədillik anlayışı gəlir. Mötədillik anlayışı öyrənmədən və mənasını dərk etmədən İslam təbliği ilə məşğul olmaq bir çox alimə görə qadağandır. Çünki müsəlmanlardan biri mötədilliyə əsaslanmayan bir din anlayışını yayarsa qarşı tərəf İslama ikrah hissi duya bilər. Buna görə İslam dininə xələl gətirməmək üçün mötədillik prinsipini öyrənmək şərtdir.
  2. Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, nifrət etdirməyin: İslam təbliğ metodunun əsas predmetləri arasında “Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, nifrət etdirməyin!” (Buxari, “Elm”, 11; Müslim, “Cihad”, 6) hədisini saya bilərik. Buxari və Müslimin səhih olaraq Həzrət Peyğəmbərdən (s.) nəql etdikləri hədis İslamın nə qədər gözəl bir din olduğunu bir daha sübut edir. Belə ki, İslam təbliği nöqteyi-nəzərindən məsələyə baxdıqda hədisin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Bir kimsəyə elm öyrədərkən və ya dini təbliğ edərkən asanlaşdırmaq əvəzinə çətinləşdirmək şəxsin dindən və elmdən uzaqlaşmasına səbəb olacaqdır. Dini təbliğ edən hər bir müsəlman əsla müxatəbinin gözünü qorxutmamalıdır. Əksinə, dini asan və gözəl bir şəkildə izah etməli, ona dinin xoş tərəflərindən bəhs edib müjdələməlidir. Hal belə olduqda qarşı tərəfdə dinə qarşı sevgi yaranacaqdır. Eyni zamanda o, əsla yox olmayan ümid eşqi ilə yanıb tutuşacaqdır. İstər sosial, istər psixoloji, istər dini, istərsə də elmi nöqteyi-nəzərdən baxdıqda Günümüz İslam dünyasını diqqət mərkəzinə alaraq Həzrət Peyğəmbərin (s.) XV əsr əvvəl bildirdiyi bu prinsipi təhlil etdikdə, asanlaşdırmaq və müjdələməyin nə qədər önəmli olduğunu görə bilərik.
  3. Elm əhlindən olmaq: İslam dini təbliğ edərkən bu dinin əsaslarını bilmək, Qurani-Kərimi oxumağı bacarmaq, ünvanlanacaq suallara cavab verə bilmək çox önəmlidir. Bunları bacarmaq üçün bir müsəlmanın elm öyrənməsi lazımdır. Qurani-Kərimə və Həzrət Peyğəmbərin (s.) sünnəsinə nəzər yetirdikdə elmin bütün müsəlmanlara fərz olduğunu görürük. Eyni zamanda İslam cahillik, yalan və iftiraya əsla açıq deyildir. Allahın dinini doğru şəkildə təbliğ etmək, müxatəblərə doğru məlumat çatdırmaq üçün elm öyrənmək, dini və dünyəvi biliklərə bələd olmaq vacibdir.
  4. Üslub bilmək: Hər elmin bir üslubu vardır. Üslub bilmədən heç bir işlə məşğul olmaq mümkün deyildir. Buna görə üslub məsələsini də İslam təbliğinin əsas predmetləri arasında saya bilərik. Təbliğin əsaslarını, hər yaş dövrü üçün necə bir yol izlənəcəyini, ilk olaraq hansı əsasları qarşı tərəfə təbliğ etməyin vacibliyini bilmək lazımdır. Bunlar da üslub elmi içərisində yer alır.

Bu və buna bənzər bir çox predmet İslam təbliğ metodunun əsasını təşkil edir. Hər bir müsəlman İslamı gözəl və doğru bir şəkildə öyrənməklə, onu başqa dindən olan şəxslərə təbliğ etməklə mükəlləfdir. Təbliğin doğru olması üçün oxumaq və öyrənmək şərtdir. Təbliğ metodunu öyrənmə nöqtəsində müsəlmanların ciddi sıxıntısı vardır. Belə ki, müsəlmanlar, İslam təbliğ metodunun əsaslarını Qurani-Kərim və ya pak sünnədən öyrənmək əvəzinə, bəlli bir siyasi vəya ekstremist qrupa bağlı olan şeyxlərdən öyrənir. İslam isə şeyxlərin və ya dindən istifadə edənlərin deyil, Allahın dinidir. Allahın kəlamını oxumadan biliksiz şeyxlərdən öyrənmək haramdır və qadağandır. İbn Xəldunun “Müqəddimə”sində qeyd etdiyi bu fikir yuxarıda dediklərimizi təsdiq edir: “Dinə yalanarın qarışmasının başlıca səbəbi budur; Bir məzhəbə və ya siyasi fikrə bağlı olan kimsə doğru bir fikirlə qarşılaşarsa və bu fikir onun mənimsədiyi düşüncəyə ziddirsə, şəxs həmin fikri qəbul etməz. Bunun yerinə fikrinə xidmət edən yalan xəbəri qəbul edər və onu cəmiyyət içərisində yayar.Beləliklə yalan xəbər dinə və dini düşüncəyə qarışar”.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-NƏBƏVİDƏ O ANDA QƏBUL EDİLƏN DUA – VİDEO

Faysal Lətif adlı müsəlman, Peyğəmbərimizin (ﷺ) qəbrinin olduğu Məscidi-Nəbəvidə namaz qılaraq dua etdiyini və bu duanın həmin anda qəbul edildiyini...

Bağla