İSLAMDA HEYVAN HÜQUQLARI

0

Günümüzün problemlərindən biri də heç şübhəsiz yer üzündəki digər canlılar olan heyvanlara qarşı insanlar tərəfindən göstərilən neqativ davranışlardır. İslam dini heyvanlara qarşı mərhəmətli olmağı və onlara əziyyət verməməyi əmr edir. Uca Allah Quranda: Yer üzündəki heyvanlar da, qanadları ilə uçan quşlar da ancaq və ancaq sizin kimi ümmətlərdir. Biz kitabda (Quranda) heç bir şeyi əskik qoymadıq. Sonra (onların hamısı) Rəbbinin hüzuruna yığılacaqlar,[1] – buyuraraq heyvanların da bizim kimi canlı varlıq cəmiyyətləri olduğunu və axirətdə məhz heyvanlara görə də haqq-hesab olacağını xəbər verir. Digər tərəfdən Quranda heyvanlardan əldə etdiyimiz faydalar haqqında bir çox xatırlatmalar mövcuddur. İslama görə insanlara xidmət üçün xəlq edilən heyvanların zərurət xaricində öldürülməsi və ya əziyyətə məruz qalması qəti qadağandır.

 Cahiliyyə dövründə insanlar heyvanlara çox zülm edir və onlara qarşı amansız davranırdılar. Bunun bir nümunəsini Əbu Vaqid (r.ə) belə rəvayət etmişdir: “Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə hicrət etdiyi dövrdə Mədinəlilərin diri olan dəvənin hürgücünü kəsir, canlı qoyunun budundan qoparıb yeyirdilər. Bunu görən Allah Rəsulu (s.ə.s): “Bir heyvan canlı ikən ondan qopardılan bir hissə leş sayılar və yeyilməz”, – buyuraraq bu şəkildə heyvanlara işgəncə verilməsini qadağan etmişdir”.[2] Digər tərəfdan Həzrət Peyğəmbər canlı bir heyvanı bağlayıb ona ox ataraq əziyyət verməyi və onları hədəf lövhəsi kimi istifadə etməyi də qəti qadağan etmişdir.[3]

Heyvanların əyləncə üçün, səbəbsiz və faydasız yerə öldürülməsini də qadağan edən Peyğəmbərimiz (s.ə.s): “Kim bir sərçəni boş yerə, məhz əyləncə məqsədilə öldürərsə, qiyamət günün həmin sərçə fəryad edərək Allaha belə səslənəcəkdir: “Ey Rəbbim! Filankəs məni lazımsız yerə öldürdü. Hər hansı bir fayda əldə etmək üçün öldürmədi”.[4]

Səhabələrdən Səvadə ibn Rəbi belə nəql edir ki: “Bir gün Peyğəmbərimizin (s.ə.s) yanına gələrək bir şeylər istədim. O, mənə bir neçə dəvə verilməsini əmr etdi və sonra mənə belə nəsihət etdi: “Evinə qayıtdığın zaman ev əhlinə de ki, heyvanlara yaxşı baxsınlar və ac qoymasınlar. Həmçinin onlara dırnaqlarını kəsmələrini söylə ki, heyvanları sağarkən məmələrini yaralayıb incitməsinlər”.[5]

Peyğəmbərimiz (s.ə.s) səhabələri ilə birlikdə ümrə ziyarəti üçün Mədinədən Məkkəyə tərəf yola çıxmışdı və yolda bir kölgəlikdə yatan ceyran balası gördü. Bu zaman səhabələrindən birinə tapşırdı ki, hər kəs oradan keçənə qədər ceyran balasının yanında gözləsin və heç kimin onu narahat etməsinə icazə verməsin.[6]

Digər tərəfdən İslamda bir müsəlmanın heyvanlarla gözəl rəftar etdiyi təqdirdə savab qazanacağı da müjdələnmişdir. Belə ki, bir gün Həzrət Peyğəmbər belə buyurmuşdu: “Vaxtilə bir nəfər yolda gedərkən çox susamışdı. Bir su quyusu tapıb içinə girdi və su içib çıxdı. Bir də gördü ki, bir it quyunun başında dilini çıxarıb durur və susuzluqdan nəmli torpağı yalayır. Həmin şəxs öz-özünə: “Bu it də mənim kimi susamışdır”, – deyib dərhal quyuya endi və ayaqqabısını su ilə dolduraraq ağzında tutub itin yanına gətirdi, itə su verdi. Onun bu davranışına görə Allah-Təala ondan razı oldu və günahlarını bağışladı”. Yanındakı səhabələr heyrətlə: “Ey Allahın Rəsulu, bizim üçün heyvanlara görə də savab yazılır?” – deyə sual verdilər. Həzrət Peyğəmbər (s.ə.s): “Hər bir canlı səbəbilə savab yazılar”, – buyurdu.[7]

Nəticə etibarilə, İslam dini heyvanlar üçün də bir hüquq təyin etmişdir. Cahiliyyə dövründə insanlar heyvanların da hüquqlarının olduğunu və onlarla yaxşı rəftar etməyin labüdlüyünü bilmirdilər. Quranda hətta heyvan hüquqlarına riayət edilmədiyi təqdirdə bunun müəyyən bəlaların gəlməsinə də səbəb ola biləcəyi bildirilmişdir. Buna misal olaraq Qurani-Kərimdə bildirilir ki, Allah tərəfindən göndərilən bir dəvənin su içməsinə və otlamasına mane olub onu işgəncə ilə öldürdükləri üçün Saleh peyğəmbərin (ə.s) qövmü olan Səmud qövmü məhv edilmişdir.[8] Buna görə də hər bir müsəlmanın heyvan hüquqlarına riayət etməsi və onlara qarşı mərhəmətli davranması həm islami, həm də insani vəzifəsidir.

f.f.d Ələddin Sultanov

[1] Ənam, 6/38.
[2] Tirmizi, “Səyd”, 12.
[3] Buxari, “Zəbaih”, 25.
[4] Nəsai, “Dəhaya”, 42.
[5] Əhməd ibn Hənbəl, “Müsnəd”, III, 484.
[6] Nəsai, “Həcc”, 78.
[7] Buxari, “Şürb”, 9; Müslim, “Salam”, 153.
[8] Bax: Əraf, 7/73.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖZBƏKİSTANDA HİCAB TAXMAĞA İCAZƏ VERİLİB

Özbəkistan Prezidenti Şavkat Mirzoyev yeni redaksiyada “Vicdan və dini təşkilatların azadlığı haqqında” qanununu imzalayıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir...

Bağla