İSLAMDA UĞURSUZLUQ VARMI?

0

İslama görə hər hansı bir rəqəmin, heyvanların, əşyaların, zamanın və məkanın uğursuzluğundan söz gedə bilməz.

Hər hansı bir quşun oxumasını uğursuzluq əlaməti saymaq əbəsdir. Rəqəmlərdən də uğursuzluq çıxartmaq ağıllı və məntiqli insanın davranışı ola bilməz.  Uğursuzluğa və şanssızlığa inanmaq qeyri din və inanışlardan cəmiyyətimizə daxil olmuş batil inanclardır. Məsələn; 13 rəqəminin uğursuz sayılması xristianlıqdan keçmiş bir xürafatdır. Xristianlığa görə Hz. İsa (ə.s)-ın çarmıxa çəkilməzdən əvvəlki son yeməyində 13-nəfər var idi. Hz.İsa (ə.s) və 12-həvari. Bu hadisədən sonra 13-rəqəmini ifadə edən hər şey uğursuz və lənətli sayılmağa başlamışdır. İbranilərə görə isə 13-rəqəminin uğursuz sayılması səbəbi, ibrani əlifbasının 13-cü hərfinin “mavət” (ölüm) kəlməsinin ilk hərfi olan “m” olmasıdır. 

İslam dini bu cür xürafələrdən uzaqdır. Peyğəmbər (s.ə.s)-in həyatında, Allahın yaratdığı zaman, məkan, rəqəm və hər hansı bir heyvanı uğursuz saymaq kimi boş bir şey yoxdur. Əksinə, hədis kitablarında peyğəmbərimizdən “uğursuzluq yoxdur” “İslamda şə deyil, xeyrə yozma var” (Buxari, Tibb, 19) kimi xəbərlərə yer verilməkdədir. Rəsulullah (s.ə.s)-in oğlu İbrahim vəfat edən gün günəş tutulmuşdu. Bəzi insanlar bu hadisəni bir işarə (göy cismlərinin yası) kimi yozmağa başladılar. Allah Rəsulu (s.ə.s) isə bu yanlış anlayışı dərhal düzəltmiş, ay və günəşin Allahın nişanələrindən biri olduğunu, heç kimin ölümü və ya doğumu ilə tutulmayacağını bildirmişdi.

Rəsulullahın Hüdeybiyyə müqaviləsində Süheyl bin Amrın adını xeyirə yozması buna misaldır. “Süheyl” asanlıq göstərən, yumşaqlıq mənasına gəlir. Buna görədə Rəsulullah (s.ə.s) xeyrə yozaraq “Artıq işimiz asanlaşdı” demişdi. 

İmam Rəbbani həzrətləri belə demişdir; “Günlərin uğursuzluğu, aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd (s.ə.s)-in gəlməsi ilə sona çatmışdır. Uğursuz günlər keçmiş ümmətlərdə vardı. Heç bir gün başqa günlərdən üstün, yaxud aşağı deyil. Cümə Ramazan və digər mübarək günlər, Allah (c.c) dəyər verdiyi üçün fəzilət baxımından üstündür. (Məktubat)

Allah Rəsulu (s.ə.s) istər insan adlarında, istər kənd və qəsəbə, istərsə də heyvan adlarında olsun mənası gözəl olmayan, insanların xəyalında pis fikir və düşüncələri canlandıran adları mütləq dəyişdirər, əvvəlkindən daha gözəl və mənalı adlar qoyardı. Məsələn; Şihabı (qığılcım, atəş parçası) Hişamla (təvazökar, ədəbli), Hərbi (savaş) Silmlə (sülhlə), Müzdacı (yatıb qalan), Münbaislə (durub qaçan), Asiyəni (üsyankar, itaətsiz qadın) Cəmiləylə (gözəl xasiyyətli itaətkar qadın) dəyişdirmişdir. Sadəcə insan adlarını deyil, Afirə (çöllük) adını daşıyan bir əraziyə, Xadirə (yaşıllıq) adını vemişdi.

Bəzi alimlər hər hansı bir şeyi uğursuz saymağı, falçıya, cadugərə inanmağı, ovsunçulara müraciət etməyi əməldə şirk kimi qəbul edirlər. Bir ayədə Allah-Təala buyurur: 

“Onlara bolluq qismət oduğu zaman: “Bu, bizim (haqqımızdır)!” –deyər, bir pis iş üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Bilin və agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!” (əl-Əraf, 131)

   (Elçilər) dedilər; “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (və küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa nəhsliyəmi yozursunuz)? Xeyr, siz (günah etməklə) həddi aşan bir camaatsınız!” (Yasin, 19)

   Demək ki, biz uğur və müfəffəqiyyəti yalnız Allahdan bilməli, başımıza gələn bəla və müsibətləri də günahlarımız üzündən, yenə Allah Təala tərəfindən üz verdiyini unutmamalıyıq. Yalnız bu zaman şirkə düşməkdən və həddi aşmaqdan xilas ola bilərik. Burada uğursuzluğa qapılan bir şəxsin oxuyacağı duanı nəzərinizə çatdırıram.

Urvə bin Amir əl-Qurəşi (r.a) nəql edir: Rəsulullah (s.ə.s)-in yanında uğursuzluqdan danışdılar. O da buyurdu ki; “ Bunun ən yaxşısı uğura yozmaqdır. Uğursuzluğa qapılmaq bir müsəlmanı yolundan etməsin. Biriniz xoşuna gəlmədiyi bir şey görərsə bu duanı oxusun:

 “Allahım! (Xeyri ancaq sən verə bilərsən, şəri də ancaq sən dəf edə blərsən. İbadət, işləmək, qorunmaq və s. üçün möhtac olduğumuz) güc və qüvvət də ancaq səndəndir!” (Əbu Davud, Tibb, 24 (3919)

Aqil ƏLİYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AXİRƏTİN AYNASI

“Məhəmməd Allahın Peyğəmbəridir.

Bağla