KAĞIZLA VERİLƏN DƏRS

0

Tələbə vaxtı qrupumuzda Niyazi adında bir uşaq vardı. Niyazi çox aktiv insan idi. Olduqca istiqanlı, ürəyəyatan bir xasiyyəti vardı.

Heç kimin xətrinə dəyməz, istəmədən dəydikdə belə utancaqlığından qıpqırmızı qızarardı. Qrup olaraq uşaqlar da onu çox istəyər, xətrinə dəyməzdilər. Harada xeyriyyə tədbiri, xeyriyyə sərgisi və ümumiyyətlə, xeyriyyəyə aid nə var idisə Niyazi orada idi. Onun özəlliklərindən biri də istifadə olunmuş kağızları toplamaq idi. Hər gün dərs zamanı topladığı kağızları dərsdən sonra evə aparardı. Kağızları israf edən yoldaşlarımıza da onu israf etməmək barədə məsləhətlər verərdi. Bir gün marağımızı çəkdi və ondan bu kağızları neylədiyini, nə üçün yığdığını soruşduq. Cavabında dedi ki, yenidən emala göndərirəm ki, təkrar təmiz kağız halına gəlsin. Sən demə o uşaq ikən ailəsinin maddi imkanı olmayıb və məktəbi çətinliklərlə bitirib. Elə vaxtlar olub ki, atası ona dəftər ala bilməyib və o, məktəbə getməyib. İndi isə o kağızları təmənnasız yığaraq aidiyyatı qurumlara təhvil verir ki, maddi cəhətdən imkanı zəif olan uşaqlar üçün məktəb ləvazimatları alınsın. Onun bu sözləri heç vaxt yadımdan çıxmaz: “İnsan gərək bu həyatda öz məsuliyyət hissini tərbiyə etsin”.

Kağızın yaranma tarixi

Tsay Lun bundan təqribən 2000 il əvvəl Çində yaşayan bir məmur idi. O, eramızın 105-ci ilində tut ağacı qabığını və parça qırıntılarını su ilə qarışdıraraq əzdi, onları presləyərək suyunu sıxdı və alınmış nazik təbəqəni qurumaq üçün günəşin altında ipdən asdı. Əslində insanlar hələ eramızdan əvvəl 3500-cü illərdə yazı yazmağın mümkün olduğu müxtəlif əşyalardan (daş, ağac gövdəsi, gil lövhə və s.) istifadə edirdilər. Amma kağızın kəşfi sonrakı dövrlərdə çinliləri dünyada ən inkişaf etmiş mədəniyyətlərdən birinin sahibinə çevirdi. Çox maraqlıdır ki, Asiyaya 751-ci, Bağdada 793-cü ildə gələn kağız Avropaya yalnız min il sonra gedib çatır. Beləliklə, Avropada ilk kağız 1151-ci ildə istehsal olunmağa başladı.

Mətbəənin meydana gəlməsindən sonra isə kağıza olan ehtiyac birə-beş artdı. Ancaq bu üsulla kağız istehsal etmək çox vaxt aparırdı. Üstəlik, kifayət qədər xammal tapmaq da çətin olurdu. XVIII əsrin əvvəllərində fransız alim Rene de Remo meşədə gəzərkən bir arı pətəyi gördü. Arılar yuvalarında olmadığı üçün diqqətlə pətəyə tamaşa etməyə başladı. Qəribə də olsa, pətək kağızdan düzəlmişdi. Remo təəccübləndi.

Görəsən, arılar bu kağızı necə düzəltmişdilər? Ya da arılar insanların bilmədiyi nəyi bilirdilər?

Əslində hər şey çox sadə idi. Qısa bir müşahidədən sonra Remo gördü ki, arılar nazik budaqları və ya çürümüş kötükləri gəmirir və ağızlarında mədə şirələri və selikləri ilə qarışdıraraq pətəkləri düzəltməkdə istifadə edirlər. Remo arıların həzm sistemini incələyərək, öz kəşfini 1179-cu ildə Fransa Kral Akademiyasına təqdim etdi. İlk kağız dəzgahı isə 1798-ci ildə kəşf edildi. Ancaq bu, geniş bir qayışın fırlanması ilə çəlləkdəki xəmiri nazik kağıza çevirən sadə qurğu idi. Silindrli dəzgah isə çox keçmədən, 1809-cu ildə Con Dikinson tərəfindən icad edildi. Bu gün kağız istehsalı yüksək texnologiya ilə və tam avtomatik bir şəkildə həyata keçirilsə də, ümumi prinsip eynidir. Kağızlar arasındakı keyfiyyət fərqi isə daha çox lifin növündən, xəmirin hazırlanma qaydasından, həmçinin kimyəvi və ya mexaniki üsullardan asılıdır. Liflərin əldə edilməsində əsas xammal ağaclar sayılsa da, kağız istehsalında bu gün sintetik liflərdən də istifadə olunur.

Azərbaycanda kağız istehsalına Avropadan xeyli əvvəl başlanmışdır. IX əsrin sonunda Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərirdi. Sonralar bu şəhər Kağızkunan adlandırılmışdır. Böyük mütəfəkkir Fəzlullah Rəşidəddin də Təbriz yaxınlığında kağız fabriki tikdirmişdi.

Müasir dövrə qədər insanlar yazı üçün kağızdan daha əlverişli material düşünməyiblər, buna görə də Tsay Lunun adı haqlı olaraq dünyanın böyük ixtiraçılarının adı ilə bir sırada çəkilir.

FİRDOVSİ HƏSƏNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SEVGİNİN ƏLAMƏTLƏRİ

1292-1350-ci illərdə yaşayan İbn Qayyim əl-Cövziyyənin “Rövzətul-muhibbin və nuzhətul-müştəkin” adlı əsəri türk dilinə “Aşiqlər kitabı” adı ilə tərcümə edilmişdir.

Bağla