MƏHƏRRƏM AYI

0

Haram edilən”, qadağan edilən”, müqəddəs olan”, “hörmət göstərilən” mənalarındakı “Məhərrəm” sözü İslamdan əvvəl və İslamdan sonra savaşmağın, qan tökməyin haram qəbul edildiyi dörd aydan biridir.

Bu ayın İslamdan əvvəl adının “mütəmir” və “mücib” deyə adlandırıldığı rəvayət edilir. (Hicri təqvimində yer alan ay adlarının, miladi V əsrin əvvəlində Hz. Peyğəmbərin (s.ə.s.) atası tərəfindən beşinci babası Kilab ibn Mürrə tərəfindən qoyulduğu nəql edilir). Məhərrəm ayı hicri tarixiylə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu təala Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin”. Hz. Əbu Bəkrdən (r.ə.) rəvayət olunduğuna görə Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “İl on iki aydan ibarətdir, onlardan dördü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir. Bunlar zil-qədə, zil-hiccə və məhərrəm aylarıdır. Rəcəb ayı isə, cəmaziə və şaban ayının ortasında gəlir”. Məhərrəm ayının onuncu günü “aşura” adlanır. İbn Abbas (r.ə.) rəvayət edir ki; “Peyğəmbər (s.a.s.) Mədinəyə gəldi və gördü ki, yəhudilər aşura günü oruc tuturlar və soruşdu ki, bu nədir? Dedilər bu müqəddəs bir gündür, bu gündə Allahu təala israil oğullarını düşmənlərindən qurtardı və buna görə də Musa bu gündə oruc tutdu. Hz. Peyğəmbər (s.ə.s): “Biz Musaya sizdən daha yaxınıq” dedi, oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi” (Buxari, Səvm, 69; Müslim, Siyam, 127, 128) Allah Rəsulu (s.ə.s.) məhərrəm ayının yalnız onunda deyil, doqquz və on birinci günlərində də oruc tutmağı tövsiyə etmişdir. Hənəfi və Maliki məzhəbləri məhərrəm ayının doqquzuncu günü ilə birlikdə onuncu və yaxud onuncu günü ilə birlikdə on birinci gününü oruc tutmağı sünnə olaraq qəbul etmişdir. Şafeilər isə bu ayın doqquzuncu günü ilə birlikdə onuncu gününü oruc tutmağı müstəhəb sayar. Hənəfilər yalnız onuncu gün tutulan orucun məkruh olduğunu söyləmişlər. Həmçinin daha sonra Ramazan orucu fərz qılındığı zaman, aşura orucu müsəlmanlar üzərində bir mükəlləfiyyət olmaqdan çıxarılmış, müstəhəb və ya sünnə olaraq tutulmuşdur. Məhərrəmin 10-cu günü ilə bağlı müxtəlif tarixi hadisələr nəql edilir. Hz. Adəmin tövbəsinin bu gün qəbul edildiyi, Hz. Nuhun gəmisinin bu gün quruya çıxdığı, Hz. Yaqubun oğlu Yusifə bu gündə qovuşduğu, Süleyman peyğəmbərə hakimiyyətin bu gündə verildiyi bu kimi rəvayətlərdəndir. Aşura yeməyinin (hədik) mənşəyi də bu rəvayətlərə dayanır. Belə ki, Hz. Nuhun gəmisində olanlar quruya ayaq basmağın sevincini həmin günü bayram etmək üçün gəminin anbarında qalan ərzaqlardan bir yemək bişirmişlər. Aşura günü aşura bişirmək və bunu paylamaq adəti də buradan qalmışdır. Hz. Peyğəmbərin nəvəsi Hz. Hüseyn ilə ailə üzvlərinin 10 məhərrəm h. 61 də ( 10 oktyabr, 680) Kərbəlada şəhid edilməsi ilə bu ay başqa bir məna kəsb etmişdir. Əhli-beytə qarşı edilmiş bir cinayətin ildönümü olaraq hər il matəm günü kimi qeyd olunmuşdur. Xüsusilə 10 məhərrəmdə “təziyə” adı verilən məclislər tərtib edilməsi, mərsiyələrin söylənməsi, əzadarlıq məclislərinin təşkil olunması və məqtəli-Hüseyn kimi əsərlərin oxunması adət halına gəlmişdir.

Vüqar SƏMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Su içərkən nələrə diqqət olunmalıdır?

Yay mövsümü olması səbəbilə insanlar hər gün çoxlu maye qəbul etməlidirlər. Mütəxəssislər isti yay günlərində bir insanın gün boyu ən...

Bağla