MƏŞHURLARLA – RAMAZAN HAQDA

0

Xalq artisti Alim Qasımov

     İrfan: “Ramazan” deyəndə sizə nəyi xatırladır?

     Alim Q.: Ramazan, möminlərin sevincidir, Allah qəbul etsin, bir paklaşma ayıdır.

 İnsan elə bil ki, özü, özü ilə tanış olur. İçində nəfsinə qarşı bir cihad elan edir. Bu sırf Allah ilə özü arasında baş verən bir hadisədir. Bütün günü oruc tutur. Gedib bir qurtum su da içə bilər, yemək də yeyə bilər,amma onu Allahdan başqa heç kim görmür. Allahın qarşısında bir söz verirsə və bu sözü yerinə yetirirsə, inşallah ki, digər, dünyəvi əməllərini də düzgün yerinə yetirər. Bir də ki, cəm halda ki oruc tutulur və oruc açılır, mənə elə gəlir ki, bunun ayrı bir bayram həzzi var. Dostlarla, istədiyin adamlarla, ən çox da ailə ilə o anları ki yaşayırsan, mən o anları heç bir qonaqlığa, heç bir məclisə dəyişmərəm. Çünki o, Allah-Təalanın süfrəsidir.

 İrfan: Nə vaxtdan oruc tutursunuz? İlk dəfə necə olub ki, oruc tutdunuz?

– Rəqəm olaraq yadımda deyil, on ilə yaxın olar.Amma namaza başladığım vaxtdan etibarən oruclarımı da tuturam. Uşaqların toyu olmuşdu, Şamaxıda, Pirquluda; orada üç gün – üç gecə qalmışdıq. Oradan çıxanda yağış yağmağa başladı. Gördüm ki, Allah-Təala bizə bir möhlət verib. Özüm-özümlə danışdım, fikirləşdim. Orada, Şamaxıdan Antik adında dostum var idi. O məndən çox əvvəl başlamışdı namaza. Məclis qurtaranda onlarda qalmalı oldum. Dedim ki, sübh namazına məni də qaldırarsan. O vaxtı “əlhəm”lə “qulhuvallah”ı bilirdim. Elə namazı qılıb ayağa qalxmışdım gördüm ki, yoldaşım da arxada dayanıb bizimlə bərabər namaz qılıb. O da, qızlarım da məndən əvvəl başlamışdılar namaza.

İrfan: Oruc tutmaq işinizə, sənətinizə mane olmur ki?

– Allaha qurban olum, çox qəribə olsa da, Allah özü elə bil ki, nizamlayır. Bir gün iş olur, bir gün olmur, bizlik bir iş yoxdur. Niyyət səmimi olsa Allah özü işi elə nizamlayır ki, bir çətinlik çəkmirik.

     Bəhram Bağırzadə(aktyor)

     İrfan: “Ramazan” deyəndə sizə nəyi xatırladır?

Bəhram B.: Birincisi, bu, Allah-Təala tərəfindən göndərilmiş müqəddəs aydır. Bütün xoş xəbərlər, ayələr bu ayda nazil olmuşdur.Ramazanda oruc tutmaq fərz olduğu üçün, Allahın bəndəsi Bəhram Bağırzadə bu il, səhv eləmirəmsə on yeddinci ildir ki, inşallah həmişəki kimi orucu saxlayacağam.Bundan başqa, Ramazan deyəndə, mərhəmət, səbir, təmkin yada düşür.

İrfan: İlk orucunuz necə başladı?

– Sovetlər İttifaqında yaşayan və böyüyən Bəhram, əfsuslar olsun ki, bir balaca, ibadətdən uzaq idi. Amma şüuraltında indiyə qədər bir video lent kimi yadımda qalıb, rəhmətlik Züleyxa nənəm necə namaz qılardı, həmçinin digər qohumlarımız. Mənim ulu babam Şamaxı şəhərinin məscidinin əfəndisi olub. Yəni nəsilliklə gələn bir şey idi. Qohumlarımın Şamaxı tərəfində demək olar ki, hamısı həcdə olublar. Hətta məndə 1908-ci ildə qohum-əqrəbamızın həcc ziyarətindən qayıdanda çəkdirdikləri bir şəkil də qalır. Bunları mən gözümlə gördükcə bu şüuraltı məndə yazılıb; ibadət, namaz və orucluq. Yəni birdən-birə olmayıb. Birinci orucumu 1999-cu ildə saxladım. Artıq on yeddi ildir ki, saxlayıram.

İrfan: Oruc tutmaq işinizə mane olmur ki?

– Mənim üçün Ramazanda orucdan vacib iş ola bilməz. Buna görə də oruc vaxtı bir çox dünyəvi məsələlərdən imtina edirəm. Düzdür, bəzi dünyəvi məsələlər var ki, orucla bərabər gücüm çatar; məsələn indi Avropa Oyunları başlayacaq. Bilirəm ki, öz millətim, öz xalqım üçün çalışacağam. Bu fədakarlığı öz vətənim üçün edirəm. Futbol yarışlarında orada rəhbərlik edəcəyəm. Orada müəyyən kütlə ilə, insanlarla, tamaşaçılarla, futbolçularla daimi ünsiyyətdə olacağam. Gücüm çatarsa, orucumu saxlayacağam. Hər kəs butulkanı götürüb içəcək, mən içməyəcəyəm. Amma mən öz daxilimdə, özümlə cihad elan eləmiş kimi girəcəyəm bu aya. Yenə də, insanlıq halıdır, birdən halsızlaşsam, özümə gücüm çatmasa, onda deyərəm, – ay Allah, günahımdan keç, və daha sonra bu orucumu qəza edib saxlayaram. Yenə də çalışacağam ki, bütün ayı əskiksiz tutum.

     Elməddin Cəfərov(aktyor)

     İrfan: “Ramazan” deyəndə sizə nəyi xatırladır?

– Ramazan deyəndə, bugünkü Elməddində, bu,Rəbbimizin ildə bir dəfə bizi yeniləməsidir. Bir aclara baxın, yoxsullara baxın, siz on bir aydır yemək yeyirsiniz, bəs on bir aydır yeyə bilməyənləri düşündünüzmü, on ikinci ayda bizə bunları yaşatdığını düşünürəm. Əslində Ramazan bizi ac qoymur, hətta normal vaxtlardan daha çox yeyirəm, daha çox kilo alıram o ayda. Amma o ki, Allah rizası üçün yeməkdən, sudan çəkinirsən, o anda onu edə bilməyənlərin halını hiss edə bilirsən. O zaman daha çox barış içində olursan, o insanları daha çox sevirsən. Bəzən deyirik,bu adam nə yaman əsəbidir, sinirlidir; halbuki o adam aclığından üsyan edir. Bunu nə zaman başa düşdüm, mən ac olanda. Mənim üçün Ramazan, Rəbbim tərəfindən, bizim özümüzü daha yaxşı anlamağımız üçün bir dərsdir, bir nemətdir. Təbii ki, ibadətdir, çünki bunu Rəbbim istəyib və qarşılığında bir savab var. Məncə savab təkcə hər orucu tutmaqda yox, sonra onu həyata keçirtməkdədir. Sonrakı aylarda da bu ayda yaşadıqlarını xatırlamaq, unutmamaq əsasdır.

İrfan: Nə vaxtdan oruc tutursunuz? İlk dəfə necə olub ki, oruc tutdunuz?

– İlk orucumu doqquz yaşımda tutmuşam. Elə o vaxtdan da orucumu tuturam. O vaxtı mədrəsədə oxuyurdum, Gəncədə, Şahabbas məscidində. 1990-cı il idi. Elə məscid açılan kimi, mədrəsə də açıldı. Düzdür, o vaxt orucu tam başa düşmürdüm, çünki doqquz yaşım var idi və dini anlayışım bu qədər inkişaf eləməmişdi. Təxmini bilirdim ki, ac qalmaq lazımdır və saatını da düz tutmurdum; bir məktəbə gedəndə səhər yeməyini yeyirdim, bir də gün batanda orucumu açırdım. Bilmirdim ki, günəş çıxmamışdan əvvəl yemək lazımdır. Bu kimi incəlikləri böyüyəndən sonra başa düşdüm.

İrfan: Oruc tutmaq işinizə, sənətinizə mane olmur ki?

– Təsiri olur əlbəttə! Məsələn,keçən il biz “Xoxan” filmini çəkirdik. Gəldi, düz Ramazana düşdü. Elə on səkkiz saat set idi. Özü də hərəkətli film, tər gedir, qida qəbul edəmmirsən, su qəbul edəmmirsən, qap-qaynar hava… İlk etapda əziyyət idi, sonra baxdım gördüm ki, normaldır. Əlhamdulillah, Azərbaycanda birinci yerə çıxdı film, tarixə düşdü. Bəlkə də, Ramazanın bərəkəti idi. Set elə idi ki, dincəlmək bircə günortaya düşürdü, on birdən beşə kimi “stop” olurdu. Beşdə yenə “motor”, səhərə kimi davam edirdik, gecə də yatmaq yox idi.  Bir də komandamızın çoxu oruc tutdu, bərəkət oldu. İftarı bir yerdə edirsən, imsakı bir yerdə edirsən, ayrı bir ruh gəlir. O çox gözəl bir hissdir. Oruc, işimə bir problem yaratmır, əksinə, mənəvi enerji alıram.

     Nadir Bayramlı (müğənni)

     İrfan: “Ramazan” deyəndə sizə nəyi xatırladır?

Nadir B.: Ramazan ayını düşünəndə gözümün qabağına haradasa otuz il bundan əvvəl, iyirmi – iyirmi beş yaşları arasında yaşadıqlarım düşür. Mənim yaşadığım Fizuli rayonunda, bəzi insanlardan eşidirdim ki, “mən oruc tutmuşam”. Düşünərdim ki, bu insan oruc tutursa başqaları görəsən niyə tutumur, biz niyə tutumuruq?Deyirdim bəlkə oruc vacib deyil? Dini biliklərimiz zəif olduğu üçün bunun həqiqətən vacib olub –olmadığını bilmirdik. Hələ də o illər yadıma düşür.

İrfan: Nə vaxtdan oruc tutursunuz? İlk dəfə necə olub ki, oruc tutdunuz?

– Namazabaşladığım ildən etibarən oruclarımı davamlı olaraq tutmuşam. Bəlkə də ondan da bir-iki il əvvəl başlamışam oruca. Düzdür, ilk başda tam olaraq tuta bilməsəm də, artıq içimdə bir arzu olaraq var idi ki, mən oruc tutmaq istəyirəm. 2002-2003-cü illərdən etibarən oruc tutmağa, onun ləzzətini almağa başlamışam. Ailəcə, həyat yoldaşım və uşaqlarımla bərabər oruc tutmağa başladıq. Bir süfrə arxasına iftar üçün yığışdığımız anlar mənim çox xoşladığım anlar idi. Hamımız oturub həsrətlə orucu açma anını gözləyər, bərabər dua edərdik.

İrfan: Oruc tutmaq işinizə, sənətinizə mane olmur ki?

– Mənim üçün birinci dərəcəli şərt orucumu tutmaqdır. Çalışıram ki, oruclu olduğum zaman öz işimdən bir az uzaq dayanım. Sənət fəaliyyətimi davam etdirsəm də, əlavə yorucu işlərdən uzaq durmağa çalışıram. Əsasən özümü ibadətlərimə hazırlayıram. Son on günündə istəyirəm insanlardan uzaq olum. Təkbaşıma bir guşəyə çəkilim. Hətta bunu bir dəfə bağ evində eləmişəm və çox gözəl də alınıb.

2006-cı ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ümrə ziyarəti açıldığını öyrəndim. Həcdən döndüyümdən üç-dörd ay keçmiş olmasına baxmayaraq o qrupa yazıldım. Oğlumla bərabər getdik. O istidə insanların necə dözüb oruc tutduğunu heç unutmaram. Sonra bir dəfə də yenə Ramazan ümrəsinə getdim. Orada bir Allah dostu ilə göz-gözə gəlmək, bir yerdə namaz qılmaq ayrı bir hissdir. Təravih namazlarını orada imamın arxasında qılırdıq, çox təsir edirdi, yüngülləşirdim. Sonra dua edirdik imamla bərabər, yarım saat heç yorğunluq hiss etmədən əllərimizi açıb dua edirdik. Ağlayanlar, amin deyənlər, hıçqıra-hıçqıra yalvaranlar… Ramazanı Məkkədə, Kəbədə keçirməyin həzzi əvəzedilməzdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORUCUN HÖKMLƏRİ

Oruc kəlməsi ərəb dilində “savm” və ya “Siyam” kimi ifadə olunur. Ramazan ayına “Şəhri Siyam”, yəni oruc ayı deyilir. Ramazan...

Bağla