NAMAZ PSİXOLOGİYASI

0

Namaz nə üçün qılınır?

Namazın bizim ruh aləmimizə necə bir təsiri var? Namaz qıldıqdan sonra bizim həyatımızda nə kimi dəyişikliklər olur? Namaz qılarkən edilən hərəkətlər müşahidə psixologiyası baxımından hansı mənaları kəsb edir? 

Bu kimi suallara bəzi insanlarda namaz qılmağa başladığı ilk günlərdən, bəzilərində isə bu ibadətin adət halına çevrilməsindən sonra rast gəlinir.

İlk olaraq onu qeyd edək ki, modern dünyada insanların ən çox qarşılaşdığı problemlər stress, depressiya və həyəcandır. Bunlarla birlikdə yaşadığımız dövr qayğı dövrüdür. Hər kəsin beynində həll etməli olduğu bir problemi və öhdəsindən gəlməli olduğu bir işi var. İnsan hər  zaman öz üzərindəki yükü başqa birisinə yüklədiyi zaman rahatlayacağını zənn edir. Ancaq bu hər zaman belə olmaya bilər.  Biz öz işlərimizi başqalarına həvalə etsək də yenə də üzərimizdə psixoloji ağırlıq hiss edirik. Bunun üçün antidepressant dərmanlar köməyimizə çatsa da bu, problemin tamamilə həlli demək deyil.  Bunun kimi problemlərdən canımızı qurtarmaq üçün daha təbii, daha zərərsiz vasitələr bizim köməyimizə çata bilər.

Bugünkü dünyanın insanı etdiyi və edəcəyi hər bir işə praqmatik(faydaçılıq) nöqteyi-nəzərindən yanaşır. Ona görə etdiyi iş onu gedəcəyi hədəfə aparırsa faydalı, yox, hədəfə aparmayıb yerində sayırsa faydasızdır. Buna din də daxildir. Halbuki din heç bir şəkildə özünü belə təqdim etmir. Din əslində idarəedici bir mərkəzdir; yəni insan özünü dinə görə formalaşdırır; etdiklərinin yaxşı ya da pis, doğru ya da səhv olduğunu dinə görə təyin edir. Müasir insana görə həyatın mərkəzində özü var. Onun  xaricindəki hər şey isə işinə yaradığı nisbətdə qiymətlidir.

 İslam tarixinə də nəzər yetirdiyimiz zaman görürük ki, namaz ibadəti ilk əmr edilən ibadətlərdəndir. Belə demək mümkündürsə, namaz həm fərdin birbaşa özünə, həm də cəmiyyətdəki insanların davranışlarının müsbət mənada formalaşmasına kömək edir. Namaz ibadətinin insanların daxili aləmində yaratdığı “Yaradanla ünsiyyət psixologiyası” onlarda yalnızlıq şüurunun yox olmasına səbəb olur. Eyni zamanda insan mənəvi həyatında daha dərin hissləri yaşadığını və gözlə görünməyən ilahi bir əlaqənin içərisində olduğunu düşünür. Namaz qılan insanda özünüdərketmə prosesi daha sürətli baş verir. Qeyd etdiklərimiz edilən ibadətlər kortəbii şəkildə deyil, mahiyyətini dərk edərək icra edildiyi zaman baş verir. 

Namaz insanla Yaradan arasında vasitəsiz əlaqənin yarandığı bir ibadətdir. Gündə beş dəfə icra edilən bu ibadət  insanın daxili aləminin saflaşdırılması baxımından əvəzsiz dəyərə sahibdir. Namaz əsnasında Yaradanla qul arasında baş verən yaxınlıq, insanın namazdan sonrakı həyatında da çox önəmli yerə sahibdir. Çünki namaz qılan insan hər zaman Allah tərəfindən nəzarət edildiyini və namazdakı qədər yaxın olduğunu düşünərək etdiyi əməllərə yön verməyə çalışır.

Bu həqiqəti Allah-Təala Qurani-Kərimdə bu şəkildə ifadə edir:“Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir”. (əl-Ənkəbut, 29/45)

Bütün dünyəvi problemlərini kənara qoyaraq namaza yaxınlaşan insan,nəfsinin tələb etdiklərinə deyil ruhunun ehtiyac duyduğu mənəvi rahatlığa nail olur. Namaz vasitəsilə insan Yaradana təvəkkül düşüncəsini formalaşdırır. Qarşılaşdığı bütün problemlərin qarşısına beynindəki təvəkkül ruhu ilə çıxaraq depressiya, həyəcan və qorxulardan uzaqlaşmağı daha rahat bacarır.

Namaz sadəcə bədənlə edilən fiziki bir ibadət deyil, eyni zamanda bədəndəki psixoloji problemlərin aradan qaldırılması üçün bir vasitədir.  Yaradılış etibarı ilə insanda özündən güclü və ya nüfuzlu insanlara təzim etmə patologiyası vardır.  Bunu insanlar işlədikləri yerdə müdirlərinə qarşı, oxuduqları məktəbdə müəllimlərinə və ya cəmiyyətdəki özlərindən üstün bütün insanlara qarşı sərgiləyə bilərlər. Namazla sadəcə Yaradana qarşı təzimi öyrənən insan isə insanlar arasında öz dəyərini daha yaxşı dərk edir və öz mövqeyini qoruyur.

Nəticə olaraq onu deyə bilərik ki, insanı yaradan Allah-Təala insanı insandan daha yaxşı bildiyi üçün ona ibadətləri də onun ruh səviyyəsinə görə əmr etmişdir.  Fərz qılınan ibadətlərin hər biri insan psixologiyasının mexanizminə uyğun olaraq təyin edilmiş və mahiyyəti anlaşılaraq  yerinə yetirildiyi təqdirdə insan həyatını daha maraqlı və daha mənalı etmə gücünə sahibdir. 

Eldar KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HZ. HƏSƏN VƏ HZ HÜSEYNDƏN 111 HƏYAT ÖLÇÜSÜ

Bağla