NAS SURƏSİNİN TƏFSİRİ

0

Nas surəsi Qurani-Kərimin 114-cü surəsidir. Surə adını ayə sonlarında keçən “nas-insanlar” adından almışdır. Nas surəsi Fələq surəsi ilə birlikdə “Müavvizəteyn” (Müavvizəteyn – hər cür mənfi hadisədən Allaha sığınmaqla başlayan iki surə deməkdir) surələri olaraq adlanırlar. Alimlər hər iki surənin (Fələq və Nas surələrinin) eyni vaxtda nazil olduğunu ittifaqla qəbul edirlər. Bu mövzuda əsl ayrılıq nöqtəsi Nas surəsinin Məkkədə, yoxsa Mədinədə nazil olması ilə bağlıdır. Ancaq surənin üslubuna və möhtəvasına diqqət yetirdikə Nas surəsinin Məkkə dövründə nazil olması fikri daha qüvvətli ehtimal kimi qarşımıza çıxır.

Fələq surəsində olduğu kimi Nas surəsində də Allaha pənah gətiriləcək xəbisliklərin adları qeyd edilir. Belə ki, ilk üç ayədə Allahın “rəbb” (ən-Nas, 114/1), “məlik” (ən-Nas, 114/2) və “ilah” (ən-Nas, 114/3) sifətləri vurğulanaraq Allahın insanlara yaxın olduğuna, onları mühafizə etmə iqtidarına sahib olduğuna və bütün mənfi halları onlardan sadəcə Onun (Allahın) uzaqlaşdıra biləcəyinə diqqət çəkilir. 4-cü ayəyə gəldikdə, bütün pisliklərin ortaq xüsusiyyəti haqqında məlumat vermək üçün “vəsvəs” (ən-Nas, 114/4) kəlməsi istifadə edilmişdir. “Vəsvəs” kəlməsinin lüğət mənası “daima vəsvəsə verən”, “gizli təlqinlər edən” deməkdir. Alimlər “vəsvəs” kəlməsinin Nas surəsindəki mənalarına diqqət edərək, 6-cı ayədə yer alan cin/şeytan sözünün insanın nəfsi istəkləri və ya mənfi insanlar mənasına gəldiyini əsərlərində bildirmişlər.

Nas surəsinin fəziləti haqqında müxtəlif xəbərlər mövcutdur. Belə ki, bir çox hədis şəfa və mühafizə etmə xüsusiyyətlərinə sahib olduqları üçün yatmadan əvvəl, hər namazdan sonra Fələq və Nas surələrinin oxunmasının əhəmiyyətindən bəhs edir. Səhih-Buxaridə yer alan bir hədisdə Həzrət Peyğəmbərin (s.) yatmazdan əvvəl İxlas, Fələq və Nas surələrini oxuyaraq ovuclarına üflədiyi və ovuclarını bütün bədəninə sürtdüyü nəql olunur (Buxari, “Fəzailu’l-Quran”, 14).

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞANIN “TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI”NA NAMIZƏDLİYİ İRƏLİ SÜRÜLÜB

Şuşanın 2023-ci ildə Türk dünyasının mədəniyyət paytaxtına namizədliyi irəli sürülüb. Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında...

Bağla