NECƏ ÖYRƏNİRİK?

0

“Çoxşaxəli  Zəka (İntellekt) Nəzəriyyəsi”

Təhsil sistemində uğurlu nəticə əldə etmək üçün çoxlu zəka nəzəriyyəsində yer alan müxtəlif zəka şəkillərini bilmək mütləqdir.  İnsanların zəkasını yalnız IQ testinə görə sıralamağın yanlış olduğunu müdafiə edən Harvard Universitetinin professorlarından Hovard Qardner 1983-cü ildə çoxşaxəli zəka (inellekt)  nəzəriyyəsini ortaya qoyub. Onun fikrincə, əkanın (intellektin) vahid dominant növü yoxdur. O, zəkanı bütün qabiliyyətlər kimi izah edir və zəkanın 8 ayrı sahəsi olduğunu irəli sürür. Bu nəzəriyyəyə görə, hər bir insan bütün intellekt sahələrinə malikdir. Ancaq hər bir insanı güclü və unikal edən bu zəkaların qarşılıqlı əlaqəsidir. Adekvat imkanlar və təlimlər təmin edildikdə hər biri yüksək səviyyədə inkişaf etdirilə bilən 8 zəka sahəsi aşağıdakılardır:

 Verbal / Linqvistik Zəka (İntellekt)

Bu zəka zahəsi fikirləri, hissləri və əhval-ruhiyyəni çatdırmaq üçün sözləri və ifadələri uğurla ifadə etmək bacarığını əhatə edir.

Bu zəkaya sahib olan insanlar öz dillərində olduğu kimi başqa dillərdə də özlərini yaxşı ifadə edə bilirlər. Bu insanlarda sözlərdən həm yazılı, həm də şifahi şəkildə səmərəli istifadə etmə qabiliyyəti güclüdür. Onlar sözlərlə oynamağı xoşlayır və söz ehtiyatları geniş olur.

Adətən yazıçılar, şairlər, siyasətçilər, hüquqşünaslar, jurnalistlər, redaktorlar bu zəka sahəsinin ixtisas qrupları arasında yer alır.

Məntiqi / Riyazi Zəka (İntellekt)

Bu zəka sahəsi rəqəmlərdən səmərəli istifadə, məntiqi təfəkkür, problem həll etmə, hesablama və fərqli anlayışlar arasındakı əlaqəni anlama kimi bacarıqları əhatə edir.

Bu zəkaya sahib olan şəxslər düşünmə bacarıqlarını geniş sahələrə tətbiq edə bilirlər. Onlar məntiqi məsələləri həll etməyi, zehni oyunlar oynamağı, yeni şeylər kəşf etməyi xoşlayırlar. Kompüter oyunları onlar üçün maraqlıdır.

Mühasiblər, riyaziyyatçılar, alimlər, kompüter proqramçıları bu zəka sahəsinin peşəkar nümayəndələrindəndir.

Vizual/Məkansal Zəka (İntellekt)

Bu zəka səhəsi vizual elementləri tam qavramaq və müxtəlif formalara çevirmək kimi xüsusiyyətləri ehtiva edir. Başqa sözlə, vizualı qrafika və çertyojlarla ifadə edir.

Bu zəkaya sahib olan insanlar çox yüksək vizuallaşdırma qabiliyyətinə malik olurlar. Bunun sayəsində onlar ətraflarında dəyişən və ya tənzimlənən şeyləri daha tez fərq edirlər. Pazl və ona bənzər oyun tapmacalarını sevirlər.

Rəssam, heykəltəraş, memar, qrafik dizayner, fotoqraf, dənizçi, pilot və ixtiraçılar bu zəka sahəsinin peşə sahiblərindəndir.

Bədən / Kinestetik Zəka (İntellekt)

Bu zəka səhəsi fikirlərini, duyğularını ifadə etmək və problemləri həll etmək üçün bədənlərindən istifadə etmək bacarığıdır.

Bu zəka sahəsi güc, çeviklik, sürət və koordinasiya kimi bacarıqları əhatə edir. Fiziki intellektə malik insanlar hadisəni müşahidə etməkdənsə, hadisədə iştirak etməyi üstün tuturlar. Bir şeyi təcrübə edərək ən yaxşısını etməklə öyrənirlər. Onlar çox hərəkətlidir. Əl bacarıqları tələb edilən fəaliyyətlərdə daha bacarıqlı olurlar.

Aktyorlar, idmançılar, rəqqaslar, heykəltəraşlar, mexaniklər və cərrahlar bu zəka sahəsinin peşə sahiblərindəndir.

Musiqi / Ritmik Zəka (İntellekt)

Bu zəka səhəsi ton, ritm və tembri ayırd etmək qabiliyyətini əhatə edir.

Musiqi zəkasına malik insanlar ritm, melodiya və musiqi ilə daha yaxşı öyrənirlər. Bir işi görərkən bilmədən ritmi tutub zümzümə edirlər.

Müğənni, bəstəkar, musiqiçi bu zəka sahəsinin peşə sahiblərindəndir.

 Sosial / Fərdlərarası Zəka (İntellekt)

Bu zəka səhəsi digər insanlara uyğunlaşmaq, effektiv ünsiyyət qurmaq və onların hiss və düşüncələrini başa düşmək bacarığını ehtiva edir.

Onlar empatiya qurmağı bacarırlar. Davranışı çox yaxşı şərh edirlər.

Siyasətçilər, liderlər, psixoloqlar, müəllimlər, aktyorlar, turizm mütəxəssisləri, bələdçi mütəxəssislər və idarəçilər bu zəka sahəsinin peşə sahiblərindəndir.

Təbiətçi / Naturalist Zəka (İntellekt)

Bu zəka səhəsi heyvanlar, bitkilər və ya hava hadisələri kimi təbiət aləmində baş verən hadisələri  müəyyən etmək və maraqlanmaq qabiliyyətini əhatə edir.

Bu intellekt sahəsində insanlar təbiət aləmindən əşyalar toplamaqdan və təbiəti, ətrafdakı dəyişiklikləri müşahidə etməkdən, ev heyvanlarına qulluq etməkdən və əlaqəli fəaliyyətlərdə iştirak etməkdən həzz alırlar.Təbiət hadisələri ilə maraqlanırlar.
Botanik, fermer, ovçu, kəşfiyyatçı, arxeoloq, geoloq bu zəka sahəsinin peşə sahiblərindəndir.

Daxili/Fərddaxili Zəka  (İntellekt)

Bu zəka səhəsinə insanın öz hisslərini, vərdişlərini, zəif və güclü tərəflərini bilmək, yəni özünü tanımaq bacarığı daxildir.

Bu zəkaya sahib olan fərdlər vaxtında düşünə, cavab verə və özlərini qiymətləndirə bilirlər.

Rəssam, terapevt, dini lider, filosof  bu zəka sahəsinin peşə sahiblərindəndir.

Xülasə

Qısa olaraq, şagirdlərin ehtiyaclarını mənalı və səmərəli yollarla ödəmək üçün müxtəlif təlim nəzəriyyələrini, öyrətmə strategiyalarını və digər pedaqoji vasitələri bir-biri ilə inteqrasiya edin. Qardnerin özü deyirdi ki, təlimi planlaşdırarkən təhsil işçiləri müəyyən bir nəzəriyyə və ya innovasiyanı əsas tutmamalı, şagirdlərin ehtiyaclarına və öz dərs demək tərzlərinə uyğun olaraq dəyərlər və təlim məqsədlərini adaptasiya etməlidirlər. Çoxşaxəli intellekt növlərini və şagirdlərin potensialını nəzərə almaqla  müəllimlər öz təlim üsullarını və qiymətləndirmə metodlarını fərdiləşdirə bilər.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUD ÇAVUŞOĞLU: “SEVİNCİMİZİ QARDAŞ AZƏRBAYCAN İLƏ BÖLÜŞÜRÜK”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Respublika Günü münasibətilə təbrikinə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova minnətdarlığını bildirib. Bu barədə Türkiyənin...

Bağla