ÖMÜRÜN BƏRƏKƏTLİ ANLARI

0

    Eniş və yoxuşlarla doluməşəqqətli həyat səfərimizdə Allah-Təala məkan və zaman sərhəddində məmur qıldığı insan oğlu üçün tez-tez mərhəmət qapılarını açaraq ona ömrünü bərəkətləndirməyin yollarını göstərir.

Ömrün bərəkəti insanın Rəbbi ilə keçirdiyi dəqiqələrdir, Ona ibadət şüuru içində yaşadığı anlardır. Zaman-zaman dünyaya gəliş məqsədini unudan və bu səbəblə Rəbbindən uzaq keçən dəqiqələrin, israf olan günlərin yerini doldurmaq üçün insana mübarək gün və gecələr bəxş edilmişdir. Hz. Peyğəmbərin hədisi-şəriflərində yatsı namazını camaatla qılanın gecə yarısına qədər, sübh namazını camaatla qılanınsa bütün gecəni ibadətlə keçirdiyinə dair müjdələr var. Alınan hər bir dəstəmazla işlənən günahların yuyulması, cümə namazı ilə bir həftə əvvəlki cümə arasında işlənən günahların silinməsi və bu kimi bir çox sevindirici xəbər Allahsız keçirdiyimiz dəqiqələri yenidən dəyərli edir, kirlənən tərəflərimizi təmizləyir. Belə ilahi lütflərdən biri də heç şübhəsiz ki, ilin ən mübarək zaman kəsiyi olan Rəcəb, Şaban və Ramazan aylarıdır. Rəcəb ayı içərisində idrak etdiyimiz Merac gecəsində dualarımız və namazlarımızla bəşəri sifətlərimizin fövqünə çıxaraq hər bir ibadətimizlə Ona yüksəlməyin mümkünlüyünü anlayırıq.Şaban ayının 15-ci gecəsi isə Lövhi-Məhfuzda yazılan qədərimizin birillik icrasına fərman verilir. Ölüb-ölməyəcəyimiz təsdiqlənir. Yaşayacağımız təqdirdə bir il ərzində bizə bəxş olunacaq sayılı nəfəslərimiz, ruzimiz, sevinc və kədər anlarımız bəlli olur. Belə bir gecəni Allahdan qafil keçirməmək, rüku, səcdə, Quran tilavəti və zikrlə əhya etmək əlbəttə ki, bizə veriləcək ömrün bərəkətli olması üçün zəmin hazırlayır. Həmçinin Həzrət Peyğəmbərin Aişə anamıza söylədiyi kimi “Allah Bəni-Kəlb qəbiləsinə aid qoyunların tükü qədər insanın günahını bağışlayar. Bəratı alanlar üçün Ramazan tamam başqa atmosferdə keçər. Çiynindəki ağır yükdən xilas olaraq girərlər on bir ayın sultanı olan Ramazana. O Ramazan ki, başdan-sona rəhmətdir. Çünki insanlığa doğru yolu göstərən Quran məhz bu ayda nazil olmuşdur. Həzrət Peyğəmbərin məhz bu ayda hər gün Cəbrayılla görüşməsi və Quranla digər aylardan daha çox həmhal olması rəhmət yağışlarının bol-bol yağmasına vəsilə olmuşdur. Əshabi-kiramın dediyi kimi Rəsulullah (s.ə.s) bu ayda “əsən rəhmət küləklərindən daha səxavətli” olardı. Bundan nümunə götürən hər bir insan Quranın nazil olduğu ayı Allahın kitabı ilə keçirməyə çalışmalıdır. Oxumalı, oxutmalı, anlamalı və həyatına təbiq etməlidir.   İnsanın qədərində dünya həyatını məkan və zaman çərçivəsində yaşamaq vardır. Həyat çayımız durmadanbu iki sahil arasında axaraq mənsəbinə doğru yol qət edir. Tükətdiyimiz dəqiqələrlə gəldiyimiz yerə doğru hər gün bir az daha yaxınlaşırıq. Hər dəqiqə bir addım, hər saniyə ölümə doğru bir axış…

    “Rəhmətim qəzəbimi keçmişdir” deyən Rəbbimiz hər il bizim üçün yeni bir dəftər açır. Düşdüyü günah bataqlığında nə edəcəyini bilməyən, yol xəritəsini itirən qullarına yeni bir başlanğıc nöqtəsi göstərir. Əslində bizə verdiyi ömür nemətindən necə istifadə edəcəyimizin təlimini keçdiyimiz üç müqəddəs ayda bir müsəlman şəxsiyyətinin necə formalaşdırılacağını öyrədir. Qurani-Kərim bizə “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!(əl-Bəqərə, 183) buyuraraq əslində orucun fərz qılımasındakı hikmətinin insanı pisliklərdən təmizləmək, onu yaradıldığı ilk günün paklığına qovuşdurmaq olduğunu göstərir. Ramazan oruc ayıdır. İnsan bu ayda nəfsi ilə cihad edərək onun istəklərinə və arzularına baxmadan imsakdan axşam vaxtına qədər ac-susuz qalaraq nemətlərin sahibini idrak etməyə çalışır. Həqiqi orucsa sadəcə yemək-içməkdən deyil, eyni zamanda dili yalandan, qeybətdən, dedi-qodudan, nalayiq sözlərdən qorumaqla tutulur. Əks təqdirdə Hz. Peyğəmbərin buyurduğu kimi edilən ibadətdən əldə olunan nəticə sadəcə aclıq və susuzluqdan ibarət qalar. Ramazan günlərini layiqincə dəyərləndirənlər və bu ayın mahiyyətini dərk edənlərsə günah və xəta yüklərindən qurtularaq həyata nikbin ruhla davam edərlər. 

    Digər tərəfdən mübarək üç ayın gecələrinin də gündüzləri qədər əhəmiyyətli olduğunu unutmamaq lazımdır. Ümumiyyətlə İslamda gecəyə və gecə ibadətinə xüsusi diqqətin ayrıldığı məlumdur. Hz. Peyğəmbər şəxsən hər gecə namaza qalxar və əshabını buna təşviq edərdi. Hətta Qurani-Kərimdə gecə Mədinə küçələrini gəzərək əshabın evlərindən Quran sədalarının gəlib-gəlmədiyini yoxladığı bildirilir. Zariyat surəsinin 18-ci ayəsində “səhər vaxtı zikr edənlərdən təriflə söz açılır. Müsəlmanın gecə həyatı Quran, namaz, zikr və istiğfarla məna qazanır. Müsəlman üçün hər gecə mübarəkdir, hər gecə əhya olunmağa layiqdir, amma xüsusilə Quran və Sünnədə bildirilən müəyyən gecələr daha da əzizdir. Daşıdığı dəyərin böyüklüyünə görə Allah-Təala Qurani-Kərimdə müqəddəs və mübarək gecələrdən söz açır. Məsələn, Fəcr surəsində “On gecəyə and olsun buyurulur. And içilən bu on gecənin Ramazanın son on gecəsi, Zilhiccənin son on gecəsi və Məhərrəm ayının ilk on gecəsi olduğuna dair fikirlər var. Hər halda İslam nöqteyi-nəzərindən hər biri dəyərli zamanlardır. Həmçinin Həzrət Peyğəmbərin meracından bəhs edən ayədə də gecə məfhumuna vurğu edilir. “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbəri) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (əl-İsra, 1) Qurani-Kərimdə əhəmiyyətindən bəhs olunan, hətta adına bir surə nazil olan bir gecə də var ki, məhz Ramazanla birbaşa əlaqəlidir.Bu, Kainatın Fəxrinə insanlardan uzaq Hira mağarasında Qurani-Kərimin nazil olduğu, min aydan daha fəzilətli Qədrgecəsidir. Bəlkə hər kəs min ay ömür sürə bilməz, amma bir Qədr gecəsini layiqincə əhya edərsə, min aylıq ömrə bərabər ibadət etmiş sayılar. Bu mənada düşünməliyik ki,ömrümüzdə neçə-neçə min aylar gizlidir və bu lütf Allahın yalnız Muhamməd ümmətinə bir bəxşidir.Bu qədər ilahi lütf və ehsan qarşısında “burnu yerlə sürünənlərdən” olmamaq üçün bizə verilən bütün ilahi fürsətləri dəyərləndirmək məcburiyyətindəyik.

Nurlan MƏMMƏDZADƏ  

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QİYAMƏT  

Amma nəyin sonunun olduğunu bir az sonra deyəcəyəm.

Bağla