ÖRNƏK NƏSİL NECƏ YETİŞİR?

0

Bir cəmiyyətin dəyişməsi o cəmiyyəti formalaşdıran fərdlərin dəyişməsi ilə mümkündür. İlahi sənət xariqəsi olaraq yaradılan insan məxluqat içərisində tərbiyəyə ən çox ehtiyac hiss edən varlıqdır eyni zamanda. İnsan tərbiyəsini formalaşdıran, onu yaxşı, ya da pis istiqamətdə inkişaf etdirən bir sıra ünsürlər vardır: Ailədə verilən düzgün tərbiyə, məktəb, ətraf mühit, oxuduğu kitablar və s…

Biz burada insan tərbiyəsinə təsir edən ən mühüm xüsuslardan olan, hətta bunların başında gələn “örnək alma” məsələsinə toxunacağıq daha çox. Dünyaya yeni gələn bir uşaq böyüdükcə ailəsində gördüklərini eynilə təqlid etməyə çalışır. Ailədə ata-ananın müəyyən hərəkət və davranışlarını mənimsəmək, onlar kimi olmaq arzusuyla böyüyür. Kiçik yaşlarımda atamın işdən nahara gəldikdə yeməkdən əvvəl çay içməsini və mənim də dəfələrlə yeməkdən əvvəl anamdan çay istədiyimi, beləliklə özümü atama bənzətdiyimi xatırlayıram. Buna bənzər hadisələr hamımızın başına gəlmişdir və buna istənilən qədər misal vermək olar. Eyni zamanda atasının siqaret çəkdiyini görüb siqaretə meyil salan azyaşlı uşaqlarımızı da pis örnək mövzusunda nümunə gösrətmək olar. Yaş irəlilədikcə bu cəhətimiz də bizimlə birlikdə böyüyür əslində. Sadəcə olaraq ya biz fərqinə varmırıq, ya da kimisə örnək almaq, kiməsə bənzəmək istəyimizi açıqca dilə gətirməkdən xəcalət çəkirik. Nə qədər də yersiz xəcalət! Halbuki üzə vurmasaq da hər birimizin təhtəlşüurunda bənzəmək istədiyimiz bir igid yatır. Qəbul edilmiş bir gerçək var ki, insan dəyişkən varlıqdır və hər zaman bir örnəyə ehtiyac duyur. Əsasən də gənclərin ruhundakı örnək alma ehtiyacı doğru mənbədən qidalanmadığı zaman, onlara bu xüsusda düzgün istiqamət verilmədikdə yanlış insanların örnək alındüğını müşahidə edirik. Cəmiyyətimizdə, hansısa qulağı sırğalı, göbəyi açıq Avropalı kişi müğənnini özünə örnək alan, saç düzümünü onun saç düzümünə bənzədən, onun geydiyi paltarlara üstünlük verən, qulağını, burnunu deşdirən və özündən, öz milli-mənəvi kimliyindən uzaqlaşan gənclərin olduğunu görürük. Halbuki o gənclərə həqiqi ideal insanın, örnək alınacaq şəxsiyyətlərin kim olduğunu qaneedici tərzdə göstərə və təlqin edə bilsəydik nəticə belə olmazdı bəlkə də. Elə isə kimdən nümunə götürməliyik? Əlbəttə ki, burada qeyd etməliyik ki, insan olduğumuz üçün nümunə götürəcəyimiz şəxslərdə axtaracağımız üstünlük vəsfi insanlıq vəsfi olmalıdır, yəni örnəyimiz “insani-kamil” dediyimiz şəxsiyyətlər olmalıdır. Bunun da zirvəsində ilahi qanunlar çərçivəsində yaşamış və insanlığın xilası üçün çalışmış peyğəmbərlər, ən başda da Həzrət Məhəmməd (s.ə.s) gəlir. Müdrik bir deyim var: “İnsanlar fikirlərə deyil, şəxsiyyətlərə heyrandır.” Gəlin baxaq, bu gün neçə nəfər hansısa bir filosofun, dahi mütəfəkkirin həyatını örnək alır? Bəlkə bir, ən çox bir neçə nəfər taparıq. Fərabinin “Mədinətül-Fazilə”sindəki qaydalara tabe olaraq xoşbəxt cəmiyyət qurmaq arzusunda olan neçə nəfər var? Və ya belə deyək, “Mədinətül-Fazilə” neçə insanı, neçə cəmiyyəti xoşbəxt edə bildi? Burada hansısa filosofun, mütəfəkkirin əsərlərində yazılanların səhv və ya doğru olduğunu müqayisə etmirik (doğru da ola bilər, səhv də) , sadəcə olaraq insanın şəxsiyyətə heyranlığına diqqət çəkmək istəyirik. Amma İslam Peyğəmbərinin davamçılarına baxdıqda, saymaqla qurtarmayacaq qədər qələbəlik insan yığını çıxır qarşımıza. Hələ müsəlman olmadığı zamanlarda Əbu Süfyanın etiraf etdiyi kimi: “Başında tac gəzdirən heç bir hökmdar görmədim ki, ətrafında Məhəmmədin əshabı kimi pərvanəyə dönən insan izdihamı olsun!”  

Bütün bəşəriyyətin, hətta fərqli din və düşüncəyə sahib olsa da, insaf sahibi elm xadimlərinin də etiraf etdiyi kimi örnək alınacaq ən kamil insan Həzrət Məhəmməd (s.ə.s) dir. İslam dininə mənsub bir cəmiyyətdə yetişən bizlər əslində çox şanslıyıq. Dağa-daşa düşüb kimi nümunə götürəcəyimizi araşdırmağa gərək yoxdur. İdeal insan önümüzdədir. Həzrət Məhəmməd və onun yetişdirdiyi örnək nəsil olan əshabi-kiram. Hər biri varlıq səmamızı aydınlaran, bizə yol göstərən ulduzlar misalı örnək insanlar.

Onlar nə üçün örnək olmağı bacardılar? Çünki hər bir peyğəmbər ilk növbədə cəmiyyətin fərdi idi və özünü cəmiyyətdən ayrı saymırdı. Təbii həyatına davam edirdi və ilahi qanunlara tabe olaraq gözəl insan modeli formalaşdırmağın mümkünlüyünü ortaya qoyurdu. Müqəddəs Qurani-Kərimin bir neçə ayəsində də Rəsulullaha xitabən: “De ki, mən də sizin kimi bir bəşərəm” ifadəsi keçir. Səhabələr də onun yaşam tərzini həyatlarına tətbiq etmək dərdi ilə yaşadıqları üçün bütün əsrlərə nümunə ola bildilər. Yuxarıda qeyd etdiyimiz kimi biz əslində çox şanslıyıq ki, nümunə götürəcəyimiz mükəmməl bir insanın -hansı ki, Allah onu “üsveyi-həsənə – ən gözəl örnək” adlandırır- ümmətindənik. Nümunə götürəcəyimiz örnəklərimiz həyatın içindəndir. Gerçək qəhrəmanlardır. İnsanlığın ən nümunəvi dövrünü – Əsri-səadəti formalaşdıran insanlardır.

Bir gerçəyi də vurğulamaq lazımdır ki, müsəlman örnək alaraq örnək olmağa, yaxşı işlərdə öndər olmağa can atan insandır. Çünki Allah-Təala uca kitabında:

“Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (öndər, rəhbər) et!” (əl-Furqan, 74) deyən bəndələrdən olmağımızı təlqin edir.       

Nurlan Məmmədzadə

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖYRƏNDİYİM ƏN GÖZƏL ŞEY – ÜMİD …

Müvəqqəti qonağı olduğum bu dünyada çox şeyləri öyrəndim. Heç öyrənmək belə istəmədiyim şeyləri öyrətdi mənə bu dünya. Ətrafımdakı ən yaxın...

Bağla