“ÖZÜNÜ BƏYƏNMİŞLİK” XƏSTƏLİYİ

0

Son dövrlərdə insanlar arasında “ürəyim təmizdir”, “mənim nə günahım var ki..” kimi sözlərə tez-tez rastlamaq mümkündür. Halbuki, İslam nöqteyi-nəzərindən insanın qəlbinin təmizliyi və ya günahının olub-olmaması Allahın qoyduğu əsaslara tabe olmaqla ölçülür. Bir insan İslama bağlı olub, əmir və tövsiyələrini yerinə yetirib, qadağan etdiklərindən uzaq durduğu ölçüdə qəlbi təmiz, bu əmrlərdən uzaq qalıb öz arzu və istəklərinə görə yaşadığı təqdirdə isə günahkardır.

İslama görə insanın əməlləri bir başa qəlbinə təsir göstərər. Beləliklə qəlb insanın əməllərinə görə formalaşar. Qəlb nəzərgahi ilahidir. Yəni Allahın insanda nəzər etdiyi yerdir. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Allah sizin surətinizə və cisminizə baxmaz. Allah sizin qəlbinizə və əməllərinizə baxar“. (Müslim, Birr, 34). Allahın nəzər etdiyi nötqə qəlb olduğuna görə insan həyatı boyu qəlbini inkişaf etdirməyə cəhd göstərməli və qəlbinin təmiz olduğunu güman edərək arxayın olmamalıdır. Rəsulullah (s.ə.s) bir hədisində əsl zənginliyin mal-mülk ilə ölçülmədiyinə diqqət çəkmiş, əslində əsl zənginliyin qəlb zənginliyi olduğunu buyurmuşdur. (Tirmizi, Zöhd, 40).

Allahdan uzaqlaşan insan nəfsinin köləsi olar. Nəfsinin köləsi olan insan isə yalnız özünü düşünər və öz xoşbəxtliyi üçün yeri gələndə hər kəsi və hər şeyi fəda edə bilər. Belə insanlar özlərini o qədər bəyənərlər ki, etdikləri xətaları görməz və çirkabın içində boğulmalarına baxmayaraq yenə də xətasız və günahsız olduqlarını zənn edərlər. Çünki bu insanların həqiqəti görən gözləri kor, haqqı eşidən qulaqları kar, qəlbləri isə möhürlənmişdir. Uca Allah bu insanlar haqqında belə buyurur: “And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbləri, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır“. (Əraf, 7/179).

Nəticə olaraq, özünü bəyənmişlik ən böyük mənəvi xəstəlikdir. Özündən razı olan insan öz xətalarını görməz və etdiyi hər şeyə haq qazandırar. Belə olunca da, özündən razı olan insandan Allah razı olmaz.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hulusi Akar: “Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”

"Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”. "Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar...

Bağla