QƏDRİ BİLİNMƏYƏN İKİ NEMƏT

0

Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “İki nemət var ki, insanların çoxu onların qədrini bilmir: Sağlamlıq və boş vaxt“. (Buxari, Riqaq, 1). Bu hədisi-şərifin diqqət çəkdiyi hər iki məqam tarix boyu insanlar tərəfindən ehmal edilmişdir. Bu səbəblə də Allah Rəsulu (s.ə.s) öz ümmətinə həm sağlamlıqlarına həm də boş vaxtlarına diqqət yetirmələrini tövsiyə etmişdir. Çünki, sağlamlıq insanın maddi və mənəvi həyatını təmin etməsi üçün ən önəmli şərt olduğu kimi, boş vaxtın səmərəli şəkildə istifadə olunması da önəm ərz edir. Uca Allahın əmr etdiyi bir çox ibadətlər, fərdi və ictimai bir çox davranışlar vardır ki, bunların icra edilməsi üçün sağlamlıq böyük əhəmiyyət kəsb edir. Bu mənada Allah Rəsulu (s.ə.s) belə buyurur: “Güclü və qüvvətli bir mömin Allah qatında zəif mömindən daha sevimlidir“. (Müslim, Qədər, 8). Bu hədisi-şərif ibadətlərin və gözəl əməllərin güclü və qüvvətli (sağlam) bir bədənlə daha yaxşı yerinə yetiriləcəyinə işarə edir. Lakin unutmamaq lazımdır ki, hər kəs sahib olduqlarından hesaba çəkiləcək. Buna görə də Allahın bəxş etdiyi sağlamlığı qorumaqla yanaşı onu Allahın razı olduğu şəkildə istifadə etmək də böyük önəm daşıyır. İnsan sağlamlığını Allahın razı olmadığı işlərə sərf edərsə, bu onun ən böyük axirət bədbəxçiliyinə çevrilər.

Hədisin diqqət çəkdiyi ikinci məqam boş vaxtdır. Zaman geri qaytarılması mümkün olmayan bir dəyərdir. Bu səbəblə də insan vaxtın keçməsinə deyil, necə keçməsinə diqqət yetirməlidir. Çünki ömür məhdud nəfəs saylarından ibarətdir. İnsanın bu həqiqəti idrak edərək həyatına istiqamət verməsi və Allahın əmr etdiyi şəkildə yaşaması onun üçün zəruridir. Bir ərəb atalar sözündə: “Vaxt qılınc kimidir. Əgər sən onu kəsməsən, o səni kəsər”, – deyilir. Həzrət Peyğəmbər (s.ə.s) də insandan axirətdə ona verilən vaxt fürsətini necə dəyərləndirdiyinin soruşulacağına diqqət çəkərək belə buyurur: “Heç bir qul qiyamət günü ömrünü harada keçirtdiyindən, elmi ilə nə işlər gördüyündən, malını haradan qazanıb harada xərclədiyindən və bədənini haralarda yaşlandırdığından hesaba çəkilmədən olduğu yerdən heç bir yerə tərpənməz“. (Tirmizi, Qiyamət, 1).

Hər bir nemət bir imtahan vəsiləsidir. Uca Allah bəxş etdiyi hər bir nemətdən insanı hesaba çəkəcəyini bildirmişdir. (Təkasür, 102/8). Bu səbəblə də ağıl və idrak sahibi hər bir insan sağlamlıq və boş vaxtın da hesabının olduğunu düşünərək həyatını bu şüurla yaşaması lazımdır. Sağlamlıq və boş vaxt başda olmaqla hər bir nemət əldə olduqca qədrinin bilinməsi şərtdir. Əldən çıxdıqdan sonra insana yalnız dərin bir peşmançılıq qalar ki, bu da ömür boyu insanın o peşmançılıqla həyatını davam etdirməsinə gətirib çıxarar.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ İLƏ TƏHSİL SAHƏSİNDƏKİ ƏMƏKDAŞLIQ DAHA DA SÜRƏTLƏNƏCƏK”

"Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilən qələbədən sonra Türkiyə ilə təhsil və digər sahələrdə yeni iş birliyi daha...

Bağla