QURANİ-KƏRİMİN İŞARƏ ETDİYİ FAYDALI QİDA VƏ MEYVƏLƏR HANSILARDIR?

0

Müqəddəs kitabımız Qurani-Kərimdə insan orqanizması üçün faydalı bir çox qida və meyvədən bəhs edilir. Beləliklə Allah-Təala insan oğlu üçün ən xeyirli qida və meyvələrə işarə edərək insanlara bu xüsusda da doğru yolu göstərir. Şübhəsiz ki, Quranda adı keçən qida və meyvələrin faydaları elm adamları tərəfindən də təsdiqlənmişdir. Bəs bu qida və meyvələr hansılardır?

Qurani-Kərimdə Uca Allah xurma, zeytun və nardan eyni bir ayədə bəhs edərək belə buyurur:Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik”.[1] Bu meyvələrin faydalarını belə sadalaya bilərik:

Xurma: Bu meyvə Ana südünün çoxalmasını təmin edir. Bununla yanaşı bir çox faydaları var. Bu həqiqətə işarə edən Quran qissəsində Uca Allah tərəfindən Həzrət İsanı (ə.s) dünyaya gətirmək üzrə olan Həzrət Məryəmə belə bir xəbər göndərilir: “Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurmalar tökülsün”.[2]

Nar: Narın tərkibində çox sayda C vitamin, kalium, fosfor, kalsium, natrium və potassium vardır ki, bunlar qış fəslində insanın immun sistemini gücləndirir. Bədəndəki xolesterin və şəkər səviyyəsini tarazlaşdıran nar xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və ürək sağlamlığını qorumağa kömək edir.

Zeytun: Başqa bir ayədə də Uca Allah buyurur:Bir də Sina dağında bitən (zeytun) ağacı (yaratdıq). O (ağac), yeyənlər üçün həm yağ, həm də (içinə çörək batırılan) şirə verir[3] Zeytun bitkisinin meyvələrinin tərkibi 6 % zülal, 9 % lif, 23 % su, 56 % yağ, şəkər, karotin, A, B, C, E vitaminləri, kalium, kalsium və qlükozidlərlə zəngindir. Meyvələrin tərkibində olan C və E vitaminləri antioksidant sayılır. Həmçinin yarpaqlarından alınmış dəmləmə və spirtli duru ekstrakt ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər. Tərkibindəki vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, həmçinin gümrahlıq verir. Zeytun istehlakı yaşlı insanların sümük toxumasını möhkəmləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir. Zeytun yağının tərkibində olan antioksidantlar isə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. 

Əncir: “Tin” surəsində Allah-Təala əncirə və zeytuna and içərək onların əhəmiyyətinə diqqət çəkir və belə buyurur: And olsun əncirə və zeytuna![4] Əncir meyvəsində yer alan vitamin və minerallar insan bədəninə enerji verir. Eyni zamanda portağal qədər C vitaminə sahib olan bu meyvə ürək sağlığı, qan təzyiqi və həzm prosesinə müsbət təsir göstərir. Eləcə də qəbizlik və dəri xəstəliklərinə qarşı təsirlidir.

Bal: Min bir dərdə dəva olan balda insan bədəni üçün lazım olan B1, B2, B3, B5, B6 və C vitaminləri mövcuddur. Öz-özlüyündə enerji mənbəyi olan bal Uca Allahın insan oğlu üçün bəxş etdiyi nemətlərin başında gəlir. Buna görə də Uca Allah belə buyurur: Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur! Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır”.[5]

Uca Allah Həzrət Musanın qövmündən bəhs edərkən onlara bəxş etdiyi nemətlərə işarə edir və buyurur: Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən – tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” – demişdiniz.[6] Ayədə qeyd olunan bu qidaların faydalarını aşağıdakı kimi xülasə edə bilərik:

Xiyar: Xiyar suyunun tərkibində olan hormonlar insulin yaradan hormonlardır. İnsulin isə diabet xəstəliyinə qarşı faydalıdır. Xiyar suyu qanda olan xolesterinin səviyyəsini aşağı salar. Xiyar suyu qan təzyiqini də normada saxlayar.

Sarimsaq: Hər kəs sarımsağın güclü bir antibiotik olduğunu bilir. Sarımsaq bədəndəki bakteriyalarının yox olmasına səbəb olur və immunitet sistemimizi gücləndirir. Eləcə də Sarımsaq iştah artırmaqla, mədə-bağırsaq sistemində ferment ifrazını gücləndirir, qidanın həzm edilməsinə güclü təsir edir. 

Mərci: Mərci istehlakı bədəndəki iltihabı azaltmağa kömək etdiyi üçün revmatoid xəstəliklər üçün faydalıdır. Həm qan şəkərinin səviyyəsini tarazlıqda saxlayır, həm də daimi enerji mənbəyi ola bilər.

Soğan: Soğanın tərkibində C vitamini və qlükokinin maddəsi var ki, qanda şəkərin miqdarını tənzimləyir. Soğan az yeyiləndə, məsələn, salatların içində ağız qoxusunu aparır və iştaha gətirir, çox yeyiləndə isə əksinə, pis qoxu törədir və iştahakəsici təsir edir. Soğan damar genişləndiricidir, maraqlıdır ki, bu təsir kapilyar damarlarda özünü daha tez göstərir. 

Üzüm: Digər bir ayədə Uca Allah üzüm nemətindən bəhs edir və buyurur:Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq”.[7] Üzümdə çoxlu protein var. Bunlar bədənimizə enerji olaraq qaytarılır. Üzümdə folatlar, niasin, riboflavin, tiamin kimi komponentlər də var. Tərkibindəki kalsium sümüklərə də faydalıdır.

Banan: Uca Allah buyurur:(Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında olacaqlar”.[8] Banan lifli quruluşuna görə böyrəklərə faydalıdır, bağırsaqdakı bakteriyaları öldürür, maddələr mübadiləsinə kömək edir və mədəni rahatlaşdıraraq həzmi gücləndirir. Bundan əlavə, tərkibindəki zəngin vitaminlər və komponentlər sayəsində dəri sağlamlığına müsbət töhfələr verir.

Balqabaq: Allah-Təala buyurur:Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik”.[9] Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var. Balqabaq həzm sistemi üçün çox faydalıdır. Qara ciyər, öd üçün balqabaq xüsusilə faydalıdır – bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qara ciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Zəncəfil: Uca Allah buyurur: Orada onlara zəncəfil qatılmış (cənnət içkisi ilə dolu) badə içirdiləcəkdir.[10] Zəncəfil faydalarını saymaqla bitməz faydalara malik bir bitkidir. İnsan bədənində bütün toxumaları qan qidalandırırsa zəncəfildə qanı qidalandırır desək yanılmarıq. Çünki zəncəfil qanı daha rahat çalışdırır, zəncəfil içdikdən sonra qan toxumaların bütün hissələrinə çatıb onu tam qidalandıra bilir, qan dövranındakı pzğunluğu aradan qaldırır. Bağırsaqlarda köp olması hallarında zəncəfil çayının içilməsi bağısaqların hərəki funksiyasını artırır. Zəncəfil mədə bağırsaq divarının keyfiyyətini artırır. Zəncəfilin tərkibindəki geraniol, paradol, zingeron kimi birləşmələr lipid peroksidazasına qarşı qoruyucu  olduqları sübut edilmişdir. 

Balıq əti: Uca Allah balıq əti haqqında belə buyurur:Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur”.[11] Balıq və balıq məhsulları yüksək qida dəyərliliyinə görə digər ət növlərindən fərqlənir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr (fosfor, kalsium, kalium, dəmir, yod, sink və s.) mövcuddur. Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 ilə olduqca zəngindir.

Nəticə etibarilə, insan oğlu bu nemətləri lazımınca istifadə etməli və bütün bunları bəxş edən Uca Allaha şükür edərək Onun göstərdiyi yoldan getməlidir ki, həm dünya, həm də axirət səadətinə nail ola bilsin.

[1] Ənam, 6/99.

[2] Məryəm, 19/25.

[3] Muminun, 23/20.

[4] Tin, 95/1.

[5] Nəhl, 16/68-69.

[6] Bəqərə, 2/61.

[7] Yasin, 36/34.

[8] Vaqiə, 56/29.

[9] Saffat, 37/146.

[10] İnsan, 76/17.

[11] Nəhl, 16/14.   

f.f.d Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LONDONDA MÜSƏLMANLAR “AÇIQ İFTAR” SÜFRƏSİ AÇDILAR

İngiltərənin paytaxtı London şəhərində müsəlman tələbələrin qurduğu, müxtəlif din mənsublarının iştirak etdiyi “Aaçıq iftar” ənənəsi bu il də davam edir....

Bağla