QURANİ-KƏRİMİN KİTABLAŞMA MƏRHƏLƏLƏRİ

0

İslam dininin ən əsas təməli olan müqəddəs kitabımız Qurani-Kərim günümüzdə istifadə etdiyimiz halına gələnə qədər müəyyən mərhələlərdən keçmişdir. Təbii ki, bununla Quranın dəyişikliklərə məruz qaldığını qəsd etmirik. Bunun daha yaxşı aydınlaşması üçün həmin mərhələləri aşağıdakı kimi sadalaya bilərik:

  1. İlk dəfə yazılması: Qurani-Kərim miladi təqvimlə 610-632-ci illər ərzində Mühəmməd Peyğəmbərə (s.ə.s) ayə-ayə, surə-surə tədricən nazil olmuşdur. Bu illər ərzində “vəhy katibləri” dediyimiz səhabələr tərəfindən Quran ayələri daş, yarpaq, sümük və s. şeylərin üzərinə yazılmışdır. Lakin həmin dövrdə Qurani-Kərim vahid bir kitab halında bir yerə gətirilməmiş, surə və ayələr dağınıq halda səhabələrin əllərində idi. Çünki hələ vəhyin nazil olması davam edir və müəyyən ayələrin nəsx olunması prosesi baş verirdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə ərəb dili yazısı tam təkmilləşmədiyi üçün Quran ayələri hərəkəsiz və nöqtəsiz yazılırdı.
  2. Bir kitabda toplanması: Həzrət Peyğəmbərin vəfatından sonra ilk xəlifə Həzrət Əbu Bəkrin (r.ə) dövründə Zeyd ibn Sabitin (r.ə) rəhbərliyində qurulan bir komissiya tərəfindən bütün ayə və surələr bir yerə cəm edilərək “müshəf” adı altında bir kitab halına gətirilir.
  3. İlk dəfə çoxaldılması: Üçüncü xəlifə Həzrət Osman (r.ə) dövründə İslam coğrafiyası genişləndiyi üçün həmin Qurani-Kərim “müshəf” yenə Zeyd ibn Sabitin rəhbərliyindəki bir komissiya tərəfindən yenidən tərtib edilərək 4 və ya 5 nüsxə şəklində çoxaldılmış və hər bir Quran nüsxəsi Məkkə, Bəsrə, Kufə və Şam kimi İslam mərkəzlərinə göndərilmişdir. Əsas nüsxə isə Mədinədə xəlifənin yanında saxlanılmışdır ki, buna “imam müshəfi” deyilmişdir.
  4. Hərəkələnməsi: Daha əvvəl də qeyd etdiyimiz kimi, ilk dövrlərdə Qurani-Kərim nüsxələrində hərflərin nöqtələri və hərəkələri yox idi. Qeyri-ərəb xalqlar İslam dinini qəbul etdikləri halda onlar Quran oxumaqda bu səbəbdən çətinlik çəkirdilər. Eləcə də səhv oxunuşlar mənaya təsir edirdi. Buna görə də Əbül-Əsvəd əd-Düəli (ö.688) tərəfindən nöqtə və hərəkələr icad edilmiş, daha sonra Xəlil ibn Əhməd (ö.791) tərəfindən bunlar təkmilləşdirilərək günümüzdəki Qurani-Kərim yazısı halına gətirilmişdir və beləliklə Qurani-Kərim yazısı hər kəsin asanlıqla oxuya biləcəyi bir hala gətirilmişdir.
  5. Səcavəndlərin qoyulması: Ərəb dilində hələ nöqtə, vergül, abzas və s. kimi durğu işarələri yox idi və Qurani-Kərimin oxunuşunda buna riayət olunmaması bəzi hallarda səhv məna verilməsinə yol açırdı. Bu səbəbdən Məhəmməd ibn Teyfur əs-Səcavəndi (ö.1165) durğu işarələrini əvəz edəcək ج, ع, لا, ط kimi hərfləri Qurani-Kərim ayələrinin lazımi yerlərinə yerləşdirərək bu əskikliyi aradan qaldırmışdır. Buna görə də həmin hərflərin qoyulma qaydasına alimin adına nisbətlə “səcavənd” deyilmişdir.

f.f.d. Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DUANIN GÜCÜ

İnsan özünə nə qədər güclü görünsə də, bir nöqtədən sonra öz zəifliyini dərk edir. Sağlam olduğu zaman xəstəlik, zəngin olduğu...

Bağla