QURANİ-KƏRİMİN PƏNCƏRƏSİNDƏN PEYĞƏMBƏRİMİZ (S.Ə.S)

0

Həzrət Peyğəmbərin (s.ə.s)  dünyaya gəldiyi günü, yəni mövludunu qeyd etdiyimiz günlərin ərəfəsindəyik. Ümumiyyətlə peyğəmbərlərin dünyaya gəldiyi və yaşadığı günlər xüsusilə qeyd olunmağa layiqdir ki, Qurani-Kərimdə də əvvəlki peyğəmbərlərin dünyaya gəlişləri və vəfatları xüsusilə qeyd edilir. Buna misal olaraq Həzrət Yəhya (ə.s) haqqında Allah-Təala belə buyurur: “Doğulduğu gün, öləcəyi gün və diriləcəyi gün ona salam olsun!” (Məryəm, 19/15.) Qurani-Kərimin Həzrət Peyğəmbəri necə vəsf etdiyinə nəzər salsaq, Onu (s.ə.s) tövsif edən ən əsas ayələrini belə sadalaya bilərik:

“Həqiqətən, sən uca bir əxlaq sahibisən!” (Qələm, 68/4.)

Bu ayədə Həzrət Peyğəmbərə (s.ə.s) xitab edilir və onun çox gözəl bir əxlaqa sahib olduğu vurğulanır. Eyni zamanda onun (s.ə.s), müşriklərin iddia etdiyi kimi məcnun deyil, əksinə, Allah-Təalanın lütfünə nail olmuş uca bir şəxsiyyət və hər yönü ilə mükəmməl bir insan olduğuna işarə edilir.

“Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır”. (Əhzab, 33/21.)

Allah-Təala bu ayeyi-kərimədə Onun rizasını istəyən möminlər üçün sevgili bəndəsi, elçisi və müjdəçisi olan Mühəmməd peyğəmbəri nümunə göstərir və onun kimi bir həyat yaşamalarını tövsiyə edir.

“Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın!” (Əhzab, 33/56.)

Bu ayə ilə bağlı olaraq təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.

“(Ey Peyğəmbər!) Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik!” (Ənbiya, 21/107.)

Həzrət Mühəmməd (s.ə.s) yalnız ərəblərə yox, bütün insanlığa göndərilmiş rəhmət peyğəmbəridir. Eləcə də onun gətirdiyi Quran ümumbəşər bir kitabdır və hər bir dövrdə hər bir xalqa xitab edir. Həzrət peyğəmbərin rəhmət olaraq göndərilməsinin bir nəticəsi olaraq o, insanlara bir-birlərini, heyvanları və hətta bitkiləri sevməyi tövsiyə etmişdir. Eyni zamanda bütün insanlar üçün xilas yolunu, yəni dünya və axirət xoşbəxtliyinə aparan yolu göstərmişdir. Necə ki, bir hədisində Peyğəmbərimiz (s.ə.s) müşriklər üçün bəddua etməsini istəyənlərə belə demişdir “Mənət lənət edən deyil, aləmlərə rəhmət olaraq göndərilmişəm!” (Müslim, “Birr”, 87)

“Həqiqətən, sizə öz içinizdən elə bir peyğəmbər gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir”. (Tövbə, 9/128.)

Bu ayədə də Uca Allah Mühəmməd peyğəmbərin (s.ə.s) ümmətini nə qədər sevdiyini və onlar üçün nə qədər qayğıkeş olduğunu xəbər verir. Bu mövzuda çox söz demək olar. Lakin mövzunu belə yekunlaşdıraq ki, belə bir peyğəmbərin ümməti olduğumuz üçün nə qədər şükür etsək də azdır.

f.f.d. Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏBİR ƏZABINDAN QORUYAN SURƏ HANSIDIR?

Mülk surəsi Məkkədə nazil olmuşdur. 30 ayədən ibarət olan bu surə adını birnci ayədəki “mülk” ifadəsindən alır. Həmçinin “təbarəkə” ifadəsi...

Bağla