QURANI TƏFƏKKÜR ET!

0

Qurani-Kərim sonuncu peyğəmbər Hz. Muhammədin r qiyamətədək davam edən möcüzəsidir. Əvvəlki səmavi kitablar təhrif olunduğu halda Quran ilahi himayədə mühafizə edilmişdir.

Hz. Peyğəmbərin göndərildiyi cəmiyyətin özünəxas səciyyəvi xüsusiyyəti şeir və ədəbiyyat idi. Belə ki, şeir müsabiqələri təşkil olunur, ən bəlağətli şeirlər Kəbənin diva­rına asılırdı. Əslində bu, dilin Qurani-Kərimə xidmət edə biləcək səviyyədə inkişafı üçün ilahi sövq idi.

Qurani-Kərim nazil olduğu zaman o dövrün şairləri, bəlağətli xətibləri sükuta qərq oldular.

Çünki Qurani-Kərim meydan oxudu:

“Madam Qurana bəşər kəlamı deyirsiniz, siz də bənzərini gətirin görək!” məalındakı ayə ilə düşmənlərini çətin vəziyyətdə qoydu:

“Yoxsa onlar: “Onu (Quranı) özündən uydurdun!” – deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər. Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!”. (ət-Tur, 33-34)   

Sonra Allah-Təala bir-birilərinə yardım etmələrinə də izin verərək bu çağırışı on surə ilə məhdudlaşdırdı:

“Yoxsa (müşriklər):

“Onu (Quranı) özündən uydurdu!” – deyirlər.

(Onlara) de:

“Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin(bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın”. (Hud, 13)

Bu meydan oxuma da cavabsız qaldı. Daha sonra Haqq-Təala bir surə ilə məhdudlaşdıraraq dəvətini təkrarladı:

“Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi çağırın!”. (əl-Bəqərə, 23)

“Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”. (Yunus, 38)

Nəhayət, bəlağətin çiçəklənən dövrünü yaşadığı bir zamanda heç kim bu meydan oxumaya cavab verə bilmədiyi üçün Allah-Təala bütün insan və cinlərin bir yerə yığışsalar da, qiyamətə qədər bundan aciz olacaqlarını elan etdi:

“De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də onun bənzərini gətirə bil­məz­lər”. (əl-İsra, 88)

Bununla da şeir müsabiqələrinin sonu gəldi. Kəbənin divarına asılan şeirlər endirildi. Çünki Haqqın kəlamı gəlmiş və hər kəsi özünə heyran etmişdi.

Qurani-Kərim möhtəşəm ilahi diksiyası; nəzmindəki müs­təsna lətafət və əzəməti; mənasındakı hüdudsuz dərinlik və zənginliyi; mükəmməl bəlağət və fəsahəti; möhtəvasındakı insan və cəmiyyətin fərdi, ailəvi, ictimai, iqtisadi və siyasi bütün dərdlərinə dərman oluşu; qeybdən verdiyi xəbərlərlə və insan oğlunun qiyamətədək iməkləyə-iməkləyə kəşf etdiyi elmi həqiqətləri neçə-neçə əsr əvvəlcədən ifadə etməsi ilə möcüzələr möcüzəsidir.

Qurani-Kərim kainat və insanın yaradılış qayəsini qavramağı təmin edir. Qundaqla kəfən arasındakı həyatı nizamlayır. O, insanı dünyada vicdan rahatlığına, axirətdə isə əbədi səadətə hazırlayan qanun və qaydalar mənzuməsidir.

Qurani-Kərim bəşərin qiyamətədək daşıya biləcəyi kamilliyi, həqiqət və sirləri ehtiva edir.

Kainat və hadisələrin qəlb aynasında tamaşasında da eyni idrak və şüur fərqi görülür. Çünki qəlb aynasının günah və haram paslarından nə dərəcədə təmizlənmiş olması, iman, təqva və ixlas cilası ilə nə qədər cilalanması, əlbəttə ki, ondakı təcəllilərə əks edəcəkdir.

Quranın bir adı da “Zikr”dir. İnsan ruhlar aləmində Rəb­binə verdiyi sözü unudur, yenidən Rəbbinin hüzuruna qayıdacağını unudur, axirəti unudur, yaradılış qayəsini, mərhəməti, vicdanı və əxlaqı unudur. Zikr xatırlamaqdır.

İnsan yaradılışının şifrəsi və həyatının bələdçisi olan Quranı oxuduqca insanlığını xatırlayar, “məbdə və məadı”, yəni bu aləmin nə üçün yaradıldığını və haraya istiqamətləndiyini təfəkkür edər, sabahı və sabaha nə hazırladığını fikirləşməyə başlayar.

Mömin Qurani-Kərim ayələrini də qəlbinin təqvası nisbətində təfəkkür edə bilər. Eyni Quran qarşısında oturan bir neçə nəfərdən hər biri onun məna ümmanından müxtəlif dərəcədə istifadə edər.

Ancaq qəlbində kilid olanlar Qurandan istifadə edə bil­məz­lər. Ayeyi-kərimədə buyurulur:

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا

“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?”. (Muhamməd, 24) 

Qurani-Kərim insanı daima təfəkkürə, ağıl nemətindən istifadəyə, ilahi əzəməti və aqibəti düşünməyə dəvət edir:

BAŞA DÜŞMÜRSÜNÜZ?

              “Başa düşmürsünüzmü?”.

              “Düşünüb ibrət almazsınızmı?”.

              “Görmürsünüzmü?”.

              “Təfəkkür etmirsinizmi?”.

Təfəkkürün nə qədər böyük bir iman açarı olduğunu bu ayeyi-kərimələr də ifadə edir. Qiyamətdə fəryad edənlərə bu iki xüsus xatırladılacaq:

“Məgər orada sizə

* Öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nə­sihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?!

* Hələ sizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi”. (əl-Fatir, 37)

Cəhənnəm əhli də belə etiraf edəcək:

“Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli için­də olmazdıq!”. (əl-Mulk, 10)

Qurani-Kərim dünya dərsxanasında tamaşa olunan tə­cəlliləri təmsil və təsvirlər halında, sirr və hikmətlərinə təmas edərək izah edir:

“Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib (mənasını) onlara izah etdik”. (əl-İsra, 89)

Beləliklə də, Quran oxuyan və dünya dərsxanasına tə­fəkkür nəzəri ilə baxan insanın qəlbində səviyyə və qa­biliyyəti nisbətində təfəkkür meydana gəlir, bununla da “mərifətullah”a pəncərələr açılmış olur.

Quranı təfəkkürlə oxuduğumuz zaman imanımızı güc­ləndirən, yəqinimizi artıran bir ilahi yardımla da qarşılaşarıq.

On dörd əsr əvvəl Quranın bəlağəti ilə ifadə edilmiş kövni (yaradılışla bağlı) həqiqətlər.

 

OSMAN NURİ TOPBAŞ

KAİNAT, QURAN və İNSAN,  İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XRİSTİAN QIZ QURANİ KƏRİMDƏKİ HZ.İSANI ÖYRƏNƏRƏK MÜSƏLAN OLUB

Kanadada şəxsiyyəti məxfi saxlanılan xristian qız İslam dinini qəbul edib. Buna, qızın Qurani-Kərimdə göstərilən Hz. İsa (əs) barədə ayələr səbəb...

Bağla