QURANI YANDIRACAĞINI BİLDİRƏN FƏALIN BRİTANİYAYA GİRİŞİ YASAQLANIB

0

Böyük Britaniya rəhbərliyi İngiltərənin şimalındakı Veykfild şəhərində Quranı yandırmaqla hədələyən İsveçin aşırı sağçı “Sərt xətt” partiyasının lideri Rasmus Paludanın Birləşmiş Krallığa girişini yasaqlayıb.

“The Daily Telegraph” xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər nazirinin müavini Tom Tugendhat İcmalar Palatasında (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib.

“Paludan hüquq-mühafizə orqanlarının nəzarət siyahısına əlavə edilib. Belə ki, onun Birləşmiş Krallığa səfəri ictimai xeyirə töhfə verməyəcək. Onun ölkəyə girişinə icazə verilməyəcək”, – DİN rəhbərinin müavini vurğulayıb.

Yerli mətbuata görə, bazar günü Paludan tviterdə müsəlmanların müqəddəs Ramazan ayı zamanı Veykfilddə Quranı yandırmaq planlarını açıqladığı bir video yerləşdirib. Bu yolla o, yerli sakin – 14 yaşlı autizmli şagird tərəfindən qəbul edilən müsəlman icmasının ölüm təhdidlərinə cavab vermək niyyətində idi. Fevralın 23-də yeniyetmə təhsil müəssisəsinə üz qabığı cırıq və səhifələri qırışmış Quran gətirib. İnsidentdən sonra Britaniya polisi kitaba dəyən ziyanı “nifrət zəminli olay” adlandırsa da, bunun cinayət olmadığını bildirib.

“Examiner Live” qəzetinin məlumatına görə, öyrənci “Call of Duty” kompüter oyununda sinif yoldaşlarına uduzduğu üçün cərimə olaraq dərsə Quran gətirib. Kitabın yerə düşdükdən sonra zədələndiyi güman edilir. “The Daily Telegraph” vurğulayıb ki, polis kitabı kimin saldığı və nə üçün zədələndiyi barədə məlumat yaymayıb. Hadisə nəticəsində 4 nəfər dərsdən uzaqlaşdırılıb.

Britaniya Müsəlmanları Şurası Paludanın təhdidlərini “mənasız təhrik aktı” kimi qiymətləndirib. Təşkilat isveçli fəalın ölkəyə gəlişi ilə bağlı “dərin narahatlığını ifadə etmək” üçün Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayacağını bildirib.

Yanvarın 21-də Paludan Türkiyənin Stokholmdakı diplomatik nümayəndəliyi qarşısında Quranı açıq şəkildə yandırması Türkiyə ilə İsveç arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Siyasətçinin özü çıxışında daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib və islam dininin qurucusu Məhəmmədin karikaturasını nümayiş etdirib. Ərdoğan açıqlayıb ki, Stokholmda Türkiyə əleyhinə silsilə aksiyalardan sonra İsveç Ankaranın NATO-ya üzvlük müraciətini dəstəkləyəcəyini gözləməməlidir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANA YAZ FƏSLİ DAXİL OLUB

Bu gün saat 01:24-də Azərbaycana yaz fəsli daxil olub, gecə ilə gündüz bərabərləşib. Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək...

Bağla