QURBAN FƏDAKARLIQ, HAQQA YAXINLIQDIR!

0

Qurban ibadəti Həzrət Adəmin övladları Habil və Qabilin məşhur qissəsindən bəri mövcud olan bütün səmavi dinlərdə yerinə yetirilməsi tələb olunan bir ibadət növüdür. Uca Allah Qurani-kərimdə hər bir ümmət üçün qurban ibadəti müəyyən etdiyini bildirərək, “bəhimətül-ənam” ifadəsi ilə hansı heyvanlardan qurban kəsilməli olduğunu da qeyd etmişdir. Qurban ibadəti biz müsəlmanlara, xüsusilə Həzrət İbrahimin qoyub etdiyi bir mirasdır. Belə ki, Qurani-kərimdə Həzrət İbrahim əleyhissalamın gördüyü yuxu və bu yuxu nəticəsində heç bir tərəddüdə yol vermədən öz oğlu Həzrət İsmayıl və ya Həzrət İshaqı Allah yolunda qurban edərkən Uca Allah onun bu fədakarlığının və səmimiyyətinin müqabilində mükafat olaraq bir qoç göndərmiş və həmin qoç qurban edilmişdir. İbn Ərəbi Həzrət İbrahimin (ə.s) gördüyü yuxunu təhlil edərkən bildirir ki, əslində o, gördüyü yuxunu yozmalı idi, ancaq yozuma getməyib oğlunu Allah yolunda fəda etdi və bunun müqabilində Allah-təala ona hədiyyə olaraq mələk vasitəsi ilə bir qoç göndərdi.

Qurban kəsmək imkanı olan müsəlmanlara vacibdir. Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində Qurban ibadətinin mütləq yerinə yetirilməli olduğunu və bu ibadətin ulu babamız Həzrət İbrahimdən (ə.s) qalan mühüm bir ibadət növü olduğunu vurğulayır. Çünki İslam dini Həzrət İbrahimin yaşadağı o duyğunu, Uca Allaha qarşı olan ixlas və səmimiyyətini öz mənsublarının da yaşamasını, onu hiss etməsini və bu ibadəti yerinə yetirərkən yiyələnməli olduğu o təqva duyğusunu sözün əsil mənasında mənimsəməsini istəyir. Uca Allah Qurani-kərimdə bildirir ki, kəsilən heyvanların nə ətləri, nə də qanların Onun dərgahına çatır, Ona çatan yalnız və yalnız təqvadır. Ayədə qeyd edilən bu təqva məfhumunun çərçivəsində başda ixlas və səmimiyyət olmaqla, fədakarlıq, təslimiyyət, məhəbbət və ehtiram duyğuları vardır. Yəni, qurban ibadəti iki hissədən ibarətdir; birinci hissəsi Uca Allaha gedib çatmayan və Onun ehtiyacı olmayan ətlər; ikinci hissəsi isə Uca Allahın dərgahına gedib çatan və insanların ehtiyacı olan təqva hissəsidir. Şübhəsiz ki, təqva məfhumu müsəlmanların yerinə yetirilməli olduqları bütün ibadət növlərinin ruhunu təşkil edir. İbadətlərdəki niyyətin düzgünlüyü və səmimiliyi məhz təqva olaraq qəbul edilir. Təqva müsəlmanların adi hərəkətlərini ibadətə çevirərək Uca Allaha vasil olmasını təmin edir.

Odur ki, müsəlman qurban kəsməklə Uca Allahın əmrinə baş əymiş və Ona qarşı qulluq şüurunu canlı bir şəkildə ortaya qoymuş olur. Həm mənən ucalmış, həm də maddi cəhətdən yoxsullara əl uzatmış olur. Qurban ibadəti Uca Allaha əta etdiyi nemətlərə görə şükür etməkdir. Müsəlmanlar hər dəfə qurban ibadətini yerinə yetirəndə Həzrət İbrahimin oğlu ilə birgə müvəffəqiyyətlə keçdiyi sınağı xatırlayır və özlərinin də buna hazır olduqlarını nümayiş etdirirlər. Qurban ibadəti cəmiyyətdə qardaşlıq, yardımlaşma əhval-ruhiyyəsini canlı tutur və bir qədər də olsa sosial ədalətin gerçəkləşməsinə şərik olur. İmkanlılara var-dövlətini Uca Allahın razılığına nail olmaq, başqları ilə bölüşmək və möhtaclara əl tutmaq yolunda infaq etmə fürsətini verir.   

f.f.d Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜQƏDDƏS KƏBƏNİN ÖRTÜYÜ BELƏ DƏYİŞDİRİLDİ – (VİDEO)

Müqəddəs Qurban bayramı öncəsində, zəvvarların Minada olduğu bir vaxtda Kəbənin örtüyü (Kisvəi-Şərif) dəyişdirilib. Bütün dezinfeksiya və gigiyena qaydalarına uyğun olaraq...

Bağla