ŞEYTANA QALİB GƏLMƏYİN YOLU

0

 Şeytan görünməyən və haradan gələcəyi bilinməyən bir düşmən olduğu üçün onun hiylə və vəsvəsələrindən Allaha sığınmaq, bizim kimi aciz qullar üçün olduqca önəmli bir xüsusdur.

İnsan üçün şeytandan tamamilə xilas yoxdur. Qurtarılmaq demək imtahan sirrinin yox olması deməkdir, bu da yaradılış hikmətimizə ziddir. Buna görə şeytan həyatı boyunca insana ürcah olar, vəsvəsə verməyə çalışar. Rəsulu Əkrəm (s.ə.s) bu barədə: “Sizdən hər birinizin bir şeytanı vardır” buyurmuşdur. Şeytanın vəsvəsəsi Allahı xatırlamaq və Ondan kömək diləməklə aradan qaldırılar. Fələq surəsinin təfsirində Mücahid deyir ki: “Xannəs olan şeytan ürəyə yerləşər. Allah zikr edildikdə qaçar, ürək qəflətə düşdükdə isə yenidən fəaliyyətə başlayar. Sanki qaranlıq ilə işığın mücadiləsi kimi dayanmadan bir-birinə qarşı mübarizə apararlar. İşıqlığın gəlməsiylə qaranlığın getməsi kimi, Allahı xatırlamaqla da şeytan uzaqlaşar.

Şeytanı zəiflətməyin yolu

Əbu Hüreyrə (r.a) nəql edir:

“Bir gün bir möminin şeytanı ilə bir kafirin şeytanı qarşılaşırlar. Kafirin şeytanı kök və gümrahdır. Möminin şeytanı isə zəif, çirkin və çılpaqdır. Kafirin şeytanı möminin şeytanından soruşur:

– Bu nə haldır? Möminin şeytanı:

– Nə edim, elə bir adama rast gəldim ki, yemək yediyi zaman bismillah deyir, mən ac qalıram. Nə isə içdiyi zaman da bismillah deyir, yenə mən susuz qalıram. Geydiyi zaman paltarı bismillahla geyinir, çılpaq qalıram. Təmizləndiyi zaman bismillah ilə təmizlənir, mən də kirli qalıram, deyir. Sonra da kafirin şeytanı sözə başlayır:

– Mən elə bir adam ilə yoldaşam ki, bu saydıqlarından heç birini bismillahla etmir. Yeməyində, içməyində və geyimində mən ona ortaq oluram, deyir.” (Qəzali, Əhya, III).

Şeytanın şərindən Allaha sığınmaqla əlaqəli Qurani-Kərimdə bir çox ayələr var.

Bu mövzudakı ayələrdən bəziləri:

“Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir.” (əl-Əraf, 200)

Bu ayələrdə şeytanın xüsusilə ibadət əsnasında insana gizlicə yaxınlaşıb vəsvəsə verəcəyinə və onu xeyirli işlərdən uzaqlaşdırıb günaha sövq edə biləcəyinə işarə edilməkdədir.

Xüsusilə Quran oxumağa başlandığı zaman insanın fikirini dağıdıb oxuduğu Qurandan təsirlənməsinə mane olmaq üçün müxtəlif vəsvəsələr edər, hətta “belə Quran oxunmaz” dedirdərək Quran oxumaqdan imtina etdirmək istər. Onun bütün bu oyunlarına qarşı da yenə Allaha sığınmalıyıq:

“Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın!” (ən-Nəhl, 98)

Burada istənən şey Quran oxumağa başlayacağımız zaman “Əuzu billahi minəş-şeytanir-racim” deyərək, əvvəl “Allahın rəhmətindən uzaqlaşdırılmış və cənnətdən qovulmuş şeytandan Allaha sığınıram” duasını oxumaqdır.

Xüsusilə elm almaq və ibadət etmək istəyənlər şeytanın təcavüzünə qarşı Allaha sığınmalıdırlar. Ancaq bu yolla o hiyləgər düşmənin şərindən qoruna bilərlər.

“Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, eşidəndir, biləndir.” (əl-Fussilət, 36)

Şeytani düşüncələrin sərhədi yoxdur. O hər şeyə qarışmaq, hər şeyi bulandırmaq istər və ona xırda şeylərdə də olsa tabe olmağımızdan məmnun qalar. Çünki onun gələcəyə aid planları vardır və əvvəl kiçikdən başlayaraq bizi yoxlayar. Birinci günahı işlətdiyi zaman böyük bir zəfər qazanmış kimi sevinər. Çünki şeytanın çağırdığı birinci pilləyə çıxan ikinciyə daha asan və daha rahat çıxacaqdır.

Şeytandan Allaha sığınmaq yalnız ümumi insanlara məxsus bir şey deyil. Peyğəmbərlər, vəlilər və saleh bəndələr də ondan Allaha sığınmışlar, dua edərək onun rəhmət qapısını döymüşlər. Aşağıdakı ayələrdə möminlər Allaha dua etməyə və Ona sığınmağa dəvət edilirlər.

“De ki: Duanız olmasa, Rəbbim sizə nə dəyər versin?” (əl-Furqan, 77)

“Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (əl-Ğafir, 60)

“Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz. (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin  suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. Kafirlərin duası zəlalətdən  başqa bir şey deyildir!” (ər-Rəd, 14)

Bu da unudulmamalıdır ki, “Razılığını qazanmaq üçün, qorxaraq və ümid edərək, gizlincə, həddi aşmadan, darlıq və bolluq zamanlarında” (ər-Rəd, 55-56) Allaha dua etmək bizim üçün bir vəzifədir və bunu Rəbbimiz bizdən istəyir. Çünki dua eyni zamanda bir ibadətdir.

AYGÜN MƏMMƏDZADƏ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
АLLАHIN ZİKRİ VƏ TƏFƏKKÜR

"Bilin ki, qəlblər yаlnız Аllаhı zikr еtməklə аrаm tаpаr!"

Bağla