Su içərkən nələrə diqqət olunmalıdır?

0

Yay mövsümü olması səbəbilə insanlar hər gün çoxlu maye qəbul etməlidirlər. Mütəxəssislər isti yay günlərində bir insanın gün boyu ən az iki litr su qəbul etməsi lazım gəldiyini söyləyirlər. Bəs İslam dini insanlardan su içərkən nələrə diqqət etmələrini tələb edir?!

  1. Su içməyə başlayarkən “bismilləh”, içib bitirdikdən sonra da “əlhəmdülilləh” deyilməlidir: Məlum olduğu kimi İslamda hər bir faydalı işə “bismillah” deyərək başlamaq Həzrət Peyğəmbərin önəmli bir sünnəsidir. Mənası “Allahın adıyla …. başlayıram” demək olan “bismillah” kəlməsi hər bir işə Allahın adını çəkərək başlamaq deməkdir. Çünki Allahın adıyla başlayan hər bir işdə insanın daha çox xeyir və fayda əldə etməsi ümid edilir. Suyu içib bitirdikdən sonra da Allahın verdiyi nemətə şükür edərək “əlhəmdülillah” demək Həzrət Peyğəmbərin öyrətdiyi bir sünnəsidir. Bu barədə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Suyu içməyə başlayarkən bismillah, bitirdikdən sonra da əlhəmdülillah deyin!” (Tirmizi Əşribə, 13)
  2. İslama görə su fasilələrlə üç dəfəyə içilməlidir: Suyu fasilələrlə üç dəfəyə içməyə dair Həzrət Peyğəmbərdən bir neçə hədis nəql olunmuşdur. Bu hədislərdən birində Həzrət Peyğəmbər belə buyurur: “Suyu dəvələr kimi bir nəfəsdə içməyin. İki və ya üç nəfəsdə için!” (Tirmizi, Əşribə, 13). Ənəs ibn Malikin nəql etdiyinə görə Allah Rəsulu (s.ə.s) su içərkən üç nəfəsə içmiş və: “Belə içmək susuzluğu daha tez yatırır və daha çox faydalıdır” – buyurmuşdur. (Müslim, Əşribə, 123).
  3. Su qabının içinə üfürülməməlidir: Əbu Səid əl-Xudridən (r.a) rəvayət olunduğuna görə Həzrət Peyğəmbər su içilən qabın içinə üfürməyi qadağan etmişdir. Bir nəfər: “Əgər qabın içinə çör-çöp düşərsə onda nə edək?” -deyə soruşmuş Həzrət Peyğəmbər (s.ə.s): “Onları yerə tök” – cavabını vermişdir. (Əbu Davud, Əşribə, 20). Başqa bir hədisdə Həzrət Peyğəmbər bu barədə belə buyurmuşdur: “Sizdən biriniz su içdiyi zaman qabın içinə üfürməsin!” (İbn Macə, Əşribə, 24)
  4. Su oturaraq içilməlidir: Bu barədə hədis mənbələrində fərqli rəvayətlər keçməkdədir. Belə ki, Əbu Səid əl-Xudridən rəvayət olunan bir hədisə görə Həzrət Peyğəmbər ayaq üstə su içməyi qadağan etmişdir. (Müslim, Əşribə, 114). Lakin Həzrət Əlinin (r.a) ayaq üstə su içdiyi və sonra belə dediyi nəql olunur: “İnsanlar ayaq üstə su içməyi xoş qarşılamırlar. Halbuki mən Peyğəmbərin (s.ə.s) mənim indi sizin qarşınızda içdiyim kimi onun da su içdiyini görmüşəm”. (Buxari, Əşribə, 16). Amr ibn Şuayb da babasından Həzrət Peyğəmbəri həm ayaq üstə həm də oturarkən su içdiyini gördüyünü nəql etmişdir. (Tirmizi, Əşribə, 12). Bu rəvayətlər arasında ziddiyətin olduğu fikri ağla gəlsə də İmam Nəvəvi bu rəvayətlərin hər birisinin səhih olduğunu və aralarında heç bir ziddiyətin olmadığını irəli sürmüşdür. O, Həzrət Peyğəmbərin su içərkən əsasən oturaraq içdiyini, lakin bəzi hallarda ayaq üstə içdiyini söyləmişdir. (Nəvəvi, Minhac, XIII, 195). Həzrət Əlinin ayaq üstə su içməsini insanların xoş qarşılamamasından da anlaşılmaqdadır ki, Həzrət Peyğəmbər əsasən insanların qarşısında oturaraq su içmişdir.
  5. Zəmzəm suyu ayaq üstə içilir: İbn Abbasdan nəql olunan bir rəvayətə görə Həzrət Peyğəmbər Zəmzəm suyunu ayaq üstə içmişdir. (Tirmizi, Əşribə, 12). Bu barədə başqa bir rəvayət yenə İbn Abbasdan gəlməkdədir. İbn Abbas bir nəfərin zəmzəm quyusunun yanından gəldiyini öyrənincə ona: “Zəmzəmdən doyunca içdinmi?” – deyə soruşmuş və sonra suyu necə içməsi lazım gəldiyini açıqlayaraq belə demişdir: “Zəmzəm suyunu içdiyin zaman qibləyə tərəf dön, bismillah de və üç dəfəyə doya-doya iç. Suyu içib bitirdikdən sonra əlhəmdülillah de”. (İbn Macə, Mənasik, 78)
  6. Qızıl və ya gümüş qabdan su içmək qadağandır: Hüzeyfənin (r.a) rəvayət etdiyinə görə Həzrət Peyğəmbər belə buyurmuşdur: “Qızıl və gümüş qablarda su içməyin! Onlar dünyada kafirlərindir, qiyamət günü isə sizin olacaq“. (Müslim, Libas, 4). Ümmü Sələmədən nəql olunan bir hədisdə isə Həzrət Peyğəmbər belə buyurmuşdur: “Gümüş qabdan su içən kimsə qarnına cəhənnəm odunu doldurmuş olar“. (Buxari, Əşribə, 27)

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Öyrəndiklərinizi Unutmamaq Üçün Nə Etməli?

İlk olaraq unutma hadisəsinin normal insanlarda görülən bir hal olduğunu unutmayın və panikaya düşməyin. Unutduğunuzu zənn etdiyiniz bir çox bilgini...

Bağla