TƏLƏSMƏK ŞEYTANDANDIR!?

0

Tələsmək insanın təbiətində mövcud olan bir xüsusiyyətdir. İnsan əldə etmək istədiyi hər bir şeyə tez nail olmaq istəyir. İnsanın bu xüsusiyyətini Uca Allah Qurani-Kərimdə belə bəyan edir: Həqiqətən insan tələsəndir (İsra, 17/11). Digər bir ayədəsə isə: İnsan hövsələsiz yaradılmışdır– buyurulur (Ənbiya, 21/37). İnsanın tələskənliyi bir çox halda onun üçün problemlər yaradır. Bu baxımdan şəriət insanın dünya işlərində tələskənlik etməməsini və təmkinli davranmasını tələb edir. Uca Allah bu barədə Rəsulullahı (s.ə.s) belə xəbərdar edərək tələsməməyi əmr etmişdir. Allah Təala belə buyurur: “Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə!” (Taha, 20/114).

            Təmkinli olmaq və tələsmədən addım atmaq insanın bütün həyatı boyu ondan tələb olunan bir xüsusdur. Çünki insanın istədiyi bir çox faydalı şeylərə nail olması təmkinli davranmasına bağlıdır. Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Təmkinli davranmaq Allahdan, tələsmək isə şeytandandır” (Beyhəqi, “Sünən”, X, 178). Əgər insan səbirli və təmkinli hərəkət edərsə, bu onun Allah tərəfindən sevilməsinə səbəb olar. Allah Rəsulu (s.ə.s) Əşəc Əbdül-Qeysə belə demişdir: “Həqiqətən səndə Allahın sevdiyi iki xüsusiyyət vardır. Yumuşaq xasiyyət və təmkinli davranmaq” (Müslim, İman, 26).

            İnsan dünyəvi işlərdə olduğu kimi ibadətlərində də təmkinli olmalıdır. Dua edərkən duasının dərhal qəbul etməsi üçün tələsməməli, dua etdikdən sonra nəticəni Allaha həvalə etməlidir. Bu barədə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Siz tələsmədikcə duanız qəbul edilər. Qul tələsərək Rəbbimə neçə dəfə dua etdim, amma qəbul etmədi, – deyər” (Müslim, Zikr, 92). Eyni zamanda namaz qılmaq məqsədilə məscidə gedərkən və namaz qılarkən də tələskənliyə yol vermək olmaz.

            İslam dini bu və buna bənzər bir çox məsələdə tələskənlik etməməyə diqqət çəksə də bəzi məsələlərdə tələsməyi buyurmuşdur. İnsanın axirətinə faydalı olan hər bir əmələ tələsməsi Uca Allahın təriflədiyi bir işdir. Allah Təala bir ayədə əhli-kitabdan inanc sahibi insanları vəsf edərkən belə buyurmuşdur: Onlar Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər (Ali-İmran, 3/114). Rəsulullah (s.ə.s) də Həzrət Əliyə xitab edərək belə buyurmuşdur: “Ey Əli! Üç şeyi gecikdirmə. Vaxti girdiyi zaman namazı, dəfn edilməyə hazır olduğu zaman cənazəni və evlilik yaşı çatdığı zaman qız övladını evləndirməyi” (“Müsnəd”, II, 197).

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ŞUŞA ƏMƏLİYYATI”NIN DETALLARI İLK DƏFƏ BU FİLMDƏ TƏQDİM OLUNACAQ – VİDEO

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı...

Bağla