TƏRAVİH NAMAZI BARƏDƏ HƏDİSLƏR

0

Lüğətdə rahatlatmaq, dincəltmək mənalarına gələn “tərviha” sözünün cəmi olan təravih, dini termin kimi ramazan ayında yatsı namazı ilə vitr namazının arasında qılınan nafilə namazdır.

TƏRAVİH NAMAZININ HÖKMÜ NƏDİR?

Təravih namazı kişi-qadın hər kəs üçün müəkkəd (qüvvətli) sünnədir və İslam icmasının əlamətlərindən biridir.

Təravih namazı oruca aid yox, ramazana aid bir ibadətdir. Bu səbəblə də oruc tutmayan xəstə və yolçular üçün də təravih namazını qılmaq sünnədir.

TƏRAVİH NAMAZI BARƏDƏ HƏDİSLƏR

Mənəvi bir lütüf mövsümü olan ramazanı-şərifdə xüsusilə də mənəviyyata səviyyə qazandırmağa səy göstərmək lazımdır. Bu istiqamətdə yeganə ödəniş vasitəsi ixlasdır. İbadətlərin mükəmməlliyini artıran qəlb təmizliyi, niyyət saflığı və səmimiyyətdir.

 Nəfsani mənfəət düşüncələrinin qarışdığı, Allah rizasının xaricindəki məqsədlərin ortaq edildiyi ibadətlərdən xeyir gözləmək olmaz. Bu barədə bir hədisi-şərifdə belə buyuruulur:

“Neçə-neçə oruc tutanlar var ki, tutduqları orucdan onlara, quru aclıqdan başqa heç nə qalmaz. Gecələr neçə-neçə namaz (təravih, təhəccüd) qılanlar var ki, qıldıqları namazdan onlara sadəcə yuxusuzluq qalır.” (İbni Macə, Siyam, 21)

Əbu Hüreyrənin (ra) rəvayətinə görə Rasulullah (SAV) belə buyurur:

“Kim ramazanın fəzilətinə inanaraq və savabını Allahdan gözləyərək təravih namazını qılarsa keçmiş günahları bağışlanar.” (Buxari, Îman  37 ; Müslim, Müsafirîn 173, 174.)

Rəsulullah belə buyurur:

“Allah-Taala ramazan orucunu fərz qərar verdi, mən də (təravih) namazını sünnə qərar verdim.” (İbni Macə, Salât, 173)

TƏRAVİH NAMAZI NƏ VAXT CAMAATLA QILINMAĞA BAŞLADI?

Peyğəmbərimiz (SAV) təravih namazı qılmış, səhabələr də ona tabe olaraq bu namazı camaatla qılmışdılar.

Hz. Aişə (ra) belə rəvayət edir: “Bir gecə Rasulullah (SAV) məsciddə təravih namazı ıldı. İnsanlar ona tabe olaraq namaz qıldılar. İkinci gecə yenə qıldı, həmin gecə camaat çoxaldı. Daha sonra üçüncü və ya dördüncü gecə camaat toplaşdı, amma Rasulullah (SAV) məscidə çıxmadı. Səhər olanda, “Gecə toplaşdığınızı gördüm, amma təravih namazının sizə fərz buyurulmasından qorxduğum üçün çıxıb sizə namaz qıldırmadım.” buyurdu. Bu hadisə ramazanda baş verib.” (Muvatta’, əs-Salâtu fî Ramadân, 1. Krş. Buxari, Tərâvîh, 1, Cuma, 29; Müslim, Sıyâm 59, Müsâfirîn, 177; Əbû Dâvûd, Ramadân, 1/1375)

Hz. Əli (ra) bir gün belə buyurdu:

“Vallah Hz.Öməri (ra) ramazan ayında təravih namazını camaatla qılmağa mən təşviq etdim.”

Soruşdular:

“Bu necə oldu ya əmirəl-möminin?”

Cavab verdi:

“Ona yeddinci qat səmada bir həzirə olduğunu  və Həzirətul-Qüds deyildiyini xəbər verdim. Orada Ruh, (başqa bir rəvayətdə Ruhaniyyun) adlı mələklər var. Qədr gecəsi olanda yerə enmək üçün Allahdan izn istəyərlər. Allah-Taala onlara izn verir. Getdikləri və içində namaz qılınan hər məscidə və yolda rast gəldikləri hər kəsə dua edirlər. bu insanlar da mələklərdən gələn bu bərəkətə nail olurlar. Mən bunları deyəndə, Hz. Ömər (ra), “Ya əbul Həsən! Onda insanları namaza təşviq edək ki, bərəkətə nail olsunlar!” – dedi və təravih namazlarının camaatla qılınmasını əmr etdi.” (Bəyhakî, Şuab, V, 278-279)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İFTAR BARƏDƏ HƏDİSLƏR

Oruc müddəti başa çatdıqdan sonra yemək yeyilməsinə iftar deyilir. İftar vaxtı isə, oruca aid yasaqların bitdiyi vaxt mənasındadır və günəşin...

Bağla