YOLÇULUQ ÜÇÜN NƏ HAZIRLADIN?

0

Hər hansı iş və dostlarla görüşmək üçün planlar qururuq. Ölkə daxili və ya ölkə xarici yolçuluq edəcəyiksə əvvəlcədən hazırlıq görürük. Xarici pasport yoxdursa onu almağa çalışırıq. Edəcəyimiz yolçuluğun yaxın və ya uzaq olmasından aslı olmayaraq özümüzlə yol azuqəsi də hazırlayırıq. Amma yola düşmədən içimizdə həyacan keçirdirik. Gedəcəyimiz şəhər və ya ölkədə bizi kim qarşılayacaq? Başımıza hansı hadisələr gələcək? Gedəcəyimiz yerdə harada qalacağıq? Bizi qarşılayan insanlarla isti münasibət qurab onunlarla dost ola biləcəyikmi? Bu kimi suallar beynimizi didməyə başlayır.

Bir fani yolçuluq üçün bu qədər həyacanlanırıq.

Amma əbədi yolçuluq üçün hazırlaşmırıq və ya hazırlığımız sıfır səviyyəsindədir. O gedəcəyimiz yolçuluq ki, bizi əməllərimizə görə qonaq edəcək. Qonaq olduğumuz yer isə ya Cənnət bağçalarından bir bağ,  ya da  Cəhənnəm çuxurlarından bir çuxur olacaq. Fani yolçuluğa necə hazırlıq ediriksə əbədi yolçuluq üçün  ondan da gözəl hazırlıq edib özümüzlə təmiz, ləziz, dadı damaqdan getməyən, xoş ətriylə ətrafı bəzəyən bir azuqə ilə yola çıxmalıyıq.

Bu azuqə isə fani həyatda bizə verilən ömür təqvimində işləmiş olduğumuz əməllərdir. Namazımız, orucumuz, sədəqəmiz, zəkatımız, qurbanımız könül xoşluğu ilə Allah rizası üçündürsə o zaman bizləri altından çaylar axan cənnətlərə qonaq edəcəklər. Yox, əgər günah işlərlə məşğul olub, pis vərdişlərin aludəçisi olmuşuqsa “dadın əzabı” deyiləcək.

Bir neçə gündür ki, 2017-ci ili geridə qoyub  2018-ə keçdik. Artıq keçən ömür keçmişdir. Onu geri qaytarmaq isə mümkünsüzdür. Bu keçən ömürdə hansı xeyir və şər əməllər işləmişik? Bunun üçün özümüz özümüzü mühasibə edək. Bir il boyunca hansı ibadət və itaətlərimizi vaxtdı-vaxtında yerinə yetirdim? Bu bir ildə namazım, orucum, zəkatım, sədəqəm, qurbanım, qohumlarla münasibətim, din qardaşları ilə əlaqəm, yetim və kimsəsizlərlə rəftarım və s. hansı ölçüdədir?

Keçən il yerinə yetirə bilmədiyim qəzaya verdiyim ibadət və itaətlərimizi bu il qəzasız əda etməyi özümüzə söz verək. 2017- ci il də işləmiş olduğumuz günahlara tövbə edib, bir daha o günahları işləməməyə, qətiyyətlə ondan çəkinməyə söz verək. 2018-ci ildə ibadət və itaətlərimizə daha da sıx sarılaq. Yataraq keçirdiyimiz Təhəccüd Sübh namazlarına qalxmağa özümüzə söz verək.

Əsl idmançı rinqdə 275-300 kq qaldıran deyil, Sübh namazı vaxtı üstünə salıb yatdığı 2.50 kq yorğanı üstündən ataraq Sübh namazına qalxandır.

Dünya həyatından əbədi həyata yolçuluğun şərtlərinə uyğun həyat tərzi keçirtsək bizi güllü-çiçəkli bir bağ gözləyər. Gəlin rənglərimiz solmadan, kəfənimiz biçilmədən 2018-ci ili günahsız, xətasız ibadət və itaətlərimizə sarılaq. Yaşadığımız zamanın qədir-qiymətini bilək. Bəlkə də gedəcəyimiz yerə 2018-ci ildə yığıb tədarük gördüyümüz əməllərimizlə getdik. Rəbbim yolçuluğumuzu xeyirli etsin. Rəbbim “Ümməti-Muhəmməd”in keçmiş və gələcək günah və xətalarını əfv etsin. Bizləri Rəsulunun (s.ə.s)  izindən gedən bəxtiyar saleh və sadiq qullarından etsin. Amin.

MÜBARİZ İSAOĞLU

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TRAMPA RƏĞMƏN ABŞ-DA MÜSƏLMAN ƏHALİ ÇOXALIR

ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə baxmayaraq bu ölkədə müsəlman əhalinin sayı indikinin 2 qatına çatacaq.

Bağla