ZƏLZƏLƏNİ ƏHLİLƏŞDİRMƏK

0

Yer kürəsində, demək olar ki, hər an zəlzələ baş verir. Zəlzələnin baş vermə səbəbləri, ilkin olaraq təbii amillərə bağlansa da, bunda bir çox səbəb mühüm rol oynayır. Bu səbəbləri; ilahi, bəşəri və təbii amillər şəklində təsnif etmək olar.

Zəlzələnin ilahi səbəbini “Allahın imtahanı” və ya “Allahın intiqamı” adlandıra bilərik. Günahkar bir qövmü həlak edərək cəzalandırmaq istəyən Rəbbimiz fərqli metodlarla, o cümlədən zəlzələ ilə bunu etməyə qadirdir. Quranda bunun örnəkləri var. Səmud qövmünün Allah tərəfindən zəlzələ ilə cəzalandırılması hadisəsi ayələrdə belə izah edilir; “Beləcə, onlar dişi dəvəni kəsib Rəbbinin əmrindən çıxdılar və: “Ey Saleh! Əgər sən (həqiqətən) peyğəmbərlərdənsənsə, vəd etdiyini (əzabı) bizə gətir!” – dedilər. Buna görə də, o güclü sarsıntı onları bürüdü və öz evlərində diz üstə düşüb qaldılar” (Əraf 77, 78). Allahın “cəzası”, “intiqamı”, “bəlası” tərzində baş verən zəlzələlər məsələsi, istisna hallar kimi qəbul edilərək zaman və məkanın bu zəlzələyə uyğunluğu hesaba alınmaya bilər. Başqa sözlə, bu cür zəlzələnin baş verməsi üçün həmin ərazinin fay xətti üstündə olması, yaxud zəlzələnin periodik vaxtının (növbəsinin) gəlməsi və s. kimi amillər həmişə şərt deyildir. Allah dilədiyi yerdə zəlzələni həyata keçirə bilər.

Zəlzələnin ikinci səbəbinin altında bəşəri amillər yatır. Bu o deməkdir ki, zəlzələ, bəzi hallarda insanlar tərəfindən süni şəkildə törədilir. Xüsusilə, tikilən evlər, binalar və müxtəlif obyektlər lazımi dərəcədə zəlzələyə davamlı hazırlanmadığına görə, tez yıxılır və itkilərə səbəb olur. İstər süni yolla törədilsin, istərsə də lazımi qaydada tədbirlər alınmadığından ötrü itkilər baş versin, hər iki halda insan qüsuru, xətası və laqeydliyini vurğulamaq lazımdır.

Bir də, zəlzələnin üçüncü -təbii səbəbi vardır. Vaxtı, vədəsi yetişən xüsusi bölgələrdə zəlzələnin baş verməsi Allahın təbiətə qoyduğu qanunlar çərçivəsində həyata keçir. Təbii bir şəkildə zəlzələnin ortaya çıxması tarix boyunca olmuşdur və olacaqdır. Zəlzələni “susdurmaq”, yaxud “dondurmaq” mümkün deyildir. Bəlkə də insanlar zəlzələni “əhliləşdirmək” barədə düşünsələr yaxşı olardı. Necə ki, insanlar yabanı atları əhliləşdirərək özlərinə tabe edirlər və yararlı hala gətirirlər, beləcə də, zəlzələni zərərsiz və ya minimum şəkildə zərərli hala gətirmək mümükündür.

Sadalanan bu üç səbəb, bir yerdə ortaq faktor kimi rol oynaya biləcəyi kimi, bir və ya ikisi də zəlzənin baş verməsinə zəmin yarada bilər. Bunun üçün doğru yolda yürümək, təbiəti öyrənmək, tədbir almaq, xəta və yanlışlara yol verməmək labüddür. Həmçinin dünya və təbiətlə münasibətlərimizdəki həssaslıq, dəqiqlik, sistematiklik və təbiət qanunlarına riayət həmişə diqqət mərkəzində olmalıdır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT-İN BAŞ KATİBİ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Tahanın Türkiyəyə səfəri başlayır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikigünlük...

Bağla