Gənclik, Allahın insana bəxş etdiyi ən qiymətli nemətlərdən biridir. Bu dövr insan həyatının ən fəal, ən enerjili və ən məhsuldar mərhələsidir. Peyğəmbərimiz (s.a.v) buyurur: “Yeddi nəfər vardır ki, Allah onları Ərşinin kölgəsində kölgələndirəcək… Onlardan biri də öz Rəbbinə ibadətlə böyüyən gəncdir” (Buxari, Əzan, 36). Bu hədis gəncliyini Allah yolunda sərf edənlərin axirətdə necə böyük mükafatlara çatacaqlarını bizə xəbər verir. Allah Kəhf surəsində buyurur: “Biz onların əhvalatını sənə doğru danışacağıq. Onlar Rəbbinə iman gətirmiş gənclər idi və Biz də onların hidayətini artırdıq.” (Kəhf, 13) Bu gənclərdən dərs alaraq ömürlərini Allah yolunda keçirən genç insanlara cəmiyyətin ehtiyacı var. İslam tarixində yaşamış gənc qəhrəmanlardan numunələr çəkmək istəyirəm;
Musab ibn Umeyr (r.a); Gənc ikən İslamın ilk səfiri oldu. 20 yaşında Mədinəyə dəvətçi kimi göndərildi. Bәdr və Uhud döyüşlərində sancaqdarı seçildi.
Əli ibn Əbu Talib (r.a); 10 yaşında İslamı qəbul etdi. Peyğəmbәrin (s.a.v.) Mәkkәdən hicrәt edərkən əmanətləri sahiblərinə qaytarmaq vəzifəsini öz üzərinə götürdü.
Üsame ibn Zeyd (r.a); 18 yaşında Bizans ordusuna qarşı ordu komandanı təyin edildi.
Bu nümunələr göstərir ki, yaş deyil, iman və hikmət əsas meyardır. Gənc yaşlarda nümunəvi işlər görmək üçün çoxlu çalışmaq lazımdır.
Müasir dövrdə gənc müsəlmanın vəzifələri nələr olmalıdır?
- İmanın Qorunması
– Nəfsin və şeytanın hiylələrindən qorunmaq
– Haramlardan uzaq durmaq
– Düzgün dost mühiti seçmək
- İbadətlərə Diqqət
– Namazları vaxtında qılmaq
– Quran öyrənmək və öyrətmək
– Zikr və dua ilə həyatı bərəkətləndirmək
- Fəaliyyət və iş
– Faydalı elm öyrənmək və peşə sahibi olmaq
– Qabiliyyətli olmaq və başqalarına nümunə olmaq
– Cəmiyyətə faydalı işlər görmək
Valideynlər öz övladlarını yetişdirərkən nələrə diqqət etməlidirlər?
– Uşaqlara iman və ibadət sevgisi aşılamaq
– Onlara etimad göstərmək və fürsət tanımaq
– Səhvlərini üsulunca düzəltmək və eyni zamanda bağışlamaq
– Peyğəmbəri (s.a.v) nümunə almağı öyrətmək və pis mühitdən qorumaq
Unutmayaq ki, gənclər bizim gələcəyimizdir. Onlara yaxşı tərbiyə etmək və gözəl nümunə olmaq bizim vəzifəmizdir.
Əziz Gənclər!
Gəncliyiniz bir imtahandır. Bu enerji və həvəs ilə:
– Özünüzü inkişaf etdirin.
– İslamı öyrənin.
– Cəmiyyətə xidmət edin.
– Özünüzə və insanlara faydalı bir fərd olun.
Rəşad Manafov