ARI KİMİ OLMAQ

0

Uzun illər boyu keçə çadırlarda yaşamış olan bir dostumla kəsəyən haqqında söhbət etdik. Kəsəyəni görən kimi stolun üstünə çıxan da var, onu əli ilə tutan da…

Başına gələn bir hadisəni danışdı: böyük qardaşının kənddəki evinə bir kəsəyən dadanır; qozdan qurudulmuş qaysıya, almadan pendirə, evdə nə varsa, kəsəyən daşıyırmış. Sonra kəsəyənin anbarını tapırlar. Görürlər ki, kəsəyən çox seçici imiş. Qozun ən irisini, ən parlağını aparıb, bunun kimi digər məhsulların da ən yaxşısını seçib. Qarşısına çıxana “hamısı eyni şeydir” deməyib.

Sonrakı günlərdə belə bir xəbər oxudum:

“Trabzonda ballarına ayı dadanan kənd təsərrüfatı mütəxəssisi İbrahim Sədəf belə bir təcrübə aparır: Açıq sahədəki bir stolun üstünə Anzer, şabalıd, şam və çiçək balı, bir də albalı mürəbbəsi qoyur. Gecə çəkimi olan kameralar quraşdırır və bir neçə gün davam edəcək təcrübə başlayır. Ayı hər dəfə gələndə Anzer balından başlayaraq balların dadına baxır. Balların və stolun yeri dəyişdirilsə də, ayı hər dəfə başlamaq üçün Anzer balını seçir. Albalı mürəbbəsinin isə heç dadına da baxmır”.

Yadıma yeməklərin ən yaxşısını seçən kəsəyən düşdü. Bu iki heyvan “ye getsin, iç getsin” demir; yeyib-içməyinə fikir verir. Bənzər şəkildə at da diqqətcildir. Amma toyuq yox, yumşaq olan hər şeyi yeyər, bulanıq da olsa, o sudan içər. Toyuğun nə yediyini görsələr, bəlkə də, şəhərli insanlar toyuq ətinə yaxın durmazlar. At ətindən söhbət düşəndə bəziləri ağız büzürlər; halbuki at bulanıq suyu içməz, tapdanmış, əzilmiş çəməndə otlamaz. Məndən at əti yeməyin fitvasını soruşanlara belə deyirəm: canın çəkirsə ye, çəkmirsə yemə, əsas odur ki, ölü insan əti yeməyəsən (yəni qeybət etmə).

Kəsəyənlərin seçici olmasına başqa bir nümunə də paltar dolabına girdiyi zaman ən keyfiyyətli, ən bahalı paltara zərər verməsidir. Necə oldu ki, ən sevimli paltarı seçdi? Yatan adamın qulaq yumşağını dişləyir. Ey kəsəyən! Sən insanın ən yumşaq yerinin qulaq yumşağı olduğunu haradan bildin? Armudun yaxşısını seçib yeyən heyvanlar ağzının dadını yaxşı bilir; keyfiyyətdən başı çıxır. Ayıya bax; yeməyə gəlsin, hər dəfə ən bahalı, ən keyfiyyətli Anzer balından başlasın, mürəbbəyə və digər ballara isə əhəmiyyət verməsin (!). Bal almaq istəyəndə yanımızda bir ayı aparsaq, o hansı baldan yesə, onu alardıq; həqiqi balı ən yaxşı ayı tanıyır.

Bu xəbərləri oxuyanda nə tapsaq yeyən, nə varsa gətir deyən özümüzü düşündüm. Deyəsən, “ayı” bizik!.. Qabağımıza qoyulan, rəflərə düzülən, reklam edilən nə varsa yeyirik. Qlükoza ilə istehsal edilmiş şirniyyata qarışqalar əhəmiyyət vermədən yanından ötüb keçərkən uşaqlar onu satın almaq üçün marketdə növbəyə durur. Ayı, kəsəyən və qarışqa sanki özlərini daha elit aparır, daha şüurlu qidalanır. “Şübhəsiz ki, heyvanlarda da sizin üçün ibrət var…” (ən-Nəhl, 66)

Qurani-Kərimin ilk əmrinin “oxu!” olduğunu əksəriyyətimiz bilir. Bu əmr nələri ehtiva edir? Rəsulullah (s.ə.s) “oxu!” əmrini aldığı zaman kitabxanaya üz tutdu, yoxsa oxuyub-yazmağı öyrənməyə başladı?!.. Oxu əmrinin məzmununa yaradılan hər şey daxildir. Kəsəyəndən ayıya, qarışqadan milçəyə qədər hər şey oxunmağı, ibrət götürülməyi, dərs çıxarılmağı gözləməkdədir.

Heyvanlar Allahın əmrinə tabedir. Allahın tapşırdığı işi onun verdiyi proqrama uyğun olaraq ən mükəmməl şəkildə icra edərlər. O Allah ki, su dolu çəltik tarlasından quru düyü, su olmayan tarladan da içi su ilə dolu iri-iri qarpızlar çıxardır. O, yaratmağın hər növünə qadirdir. Leş yeyən heyvanlar təmiz ətə toxunmaz. Milçək kirə, arı və kəpənək çiçəklərə doğru uçar. Biri digərinin sahəsinə qarışmaz, yeməyinə toxunmaz.

Buxarinin rəvayətində Əbdürrəhman ibn Əbi Nuaym belə deyir: “Mən Abdullah ibn Ömərin yanında ikən ona milçəyin qanı (hər halda bu qanın təmiz olub olmadığı) soruşuldu. Abdullah sualı verən şəxsdən haralı olduğunu xəbər aldı. O, iraqlı olduğunu dedikdə Abdullah belə dedi: “İşə bir bax! Məndən milçəyin qanını soruşurlar. Halbuki özləri Allah Rəsulunun qızının oğlunu öldürdülər, onu düşünmürlər. Mən Allahın Rəsulunun onlar haqqında: “Onlar mənim iki reyhanımdır!” – buyurduğunu eşitdim”. (Buxari, Fəzailus-səhabə, 22, Ədəb, 18; Tirmizi, Mənaqib, 30)

Məqsədim nə ayını, nə kəsəyəni, nə də qarışqanı tərifləməkdir. Bütünü ilə həmd (tərif) Allaha aiddir. Ciddi məsələlər haqqında düşündürməyəcək və üfüq açıcı olmayacaqsa, kəsəyən, yaxud ayı haqqında danışmağın heç bir əhəmiyyəti yoxdur. Demək istədiyim odur ki, ayılar, qarışqalar belə seçici ikən bizə seçici olmamaq yaraşmaz!..

“Mömin arı kimidir;

arı təmiz yerlərdə gəzər,

təmiz yerlərdən toplayar,

təmiz iş görər…

Qonduğu budağı incitməz, ikram edər…”

Son söz: Arıları incitmək olmaz. Arının bir tərəfində bal varsa, digər tərəfində də iynəsi var!..

Adem ŞAHİN / İrfan jurnalı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏMİYYƏT MEMARI

Rəsulullahın (s.ə.s) Peyğəmbərlik vəzifəsi fərdi və mənəvi olduğu qədər sosial və maddi həyatında da mükəmməllik ölçülərini cəmiyyətə çatdırmaqdadır.

Bağla